“NATO ilə əlaqələrin genişlənməsi ölkəmiz üçün hər hansı risk daşımır” – Əli Zülfüqaroğlu – ÖZƏL
16:29 SiyasətCənubi Qafqazda nüfuzunu itirdiyini hiss edən Rusiya bölgədəki Qərb təsirinin artmasından narahatdır. Kremlə yaxın "Svobodnaya pressa" nəşri Azərbaycanın NATO ilə yaxınlaşmasını və Türkiyə hərbi bazasının qurulması ehtimalını ciddi təhlükə kimi dəyərləndirib. Bildirilir ki, Bakı artıq Qərbyönlü seçim edib və bu addım Moskvanın regional layihələrinə, xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizinə mənfi təsir göstərə bilər. Rusiya mediası həmçinin Azərbaycanın NATO ilə hərbi əməkdaşlığını Moskva və Tehrana təzyiq aləti kimi təqdim edir, Böyük Britaniyanın hərbi attaşelik fəaliyyətini isə Qərbin Qafqazda möhkəmlənməsinin göstəricisi sayır.
"Azərbaycan müstəqil siyasət yürüdür və istədiyi dövlətlə və ya beynəlxalq təşkilatla əlaqələr qura və bunu inkişaf etdirə bilər. Bu kontekstdə, xüsusilə Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr tarixdə görünməmiş dərəcədə yüksək səviyyəyə çatıb".
Bu fikirləri Olaylar.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib. Siyasi şərhçi bildirib ki, Azərbaycan yaranmış geosiyasi böhranı öz lehinə çevirərək, torpaqlarını işğaldan azad etdi və eyni zamanda keçirdiyi antiterror tədbirləri ilə öz suverenliyini tam şəkildə bərpa etdi: "Bundan sonra isə mövcud vəziyyətdən faydalanaraq Türkiyə ilə Şuşa Bəyannaməsini imzaladı və bu sənəd uzaq perspektivdə Azərbaycana qarşı yönələcək mümkün təhdidlərin qarşısının alınması üçün ilkin təməlləri formalaşdırdı. Təbii ki, Türkiyə dünyanın ən güclü ordularından birinə malikdir və NATO-nun ikinci ən böyük hərbi gücüdür. Bu baxımdan, Türkiyə ilə Azərbaycan arasında əlaqələrin inkişafı müəyyən dairələri narahat edə bilər. Lakin heç bir dövlətin Azərbaycanı yürütdüyü müstəqil xarici siyasətə görə təzyiq altında saxlamaq və onun bu siyasətini əngəlləmək potensialı yoxdur".
Ə. Zülfüqaroğlu qeyd edib ki, Azərbaycan son illərdə, xüsusilə Vətən müharibəsindən sonra apardığı uğurlu diplomatik fəaliyyətlə bölgədəki geosiyasi reallıqları əsaslı şəkildə dəyişib: "Artıq bir sıra dövlətlər bu yeni reallıqla barışmağa məcbur olublar. Buna görə də Azərbaycanın Türkiyə ilə əməkdaşlığının dərinləşdirilməsi və ya NATO ilə əlaqələrinin genişlənməsi ölkəmiz üçün hər hansı risk daşımır. Əksinə, Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyinin möhkəmlənməsi və Şuşa Bəyannaməsinin imzalanması Azərbaycanı mümkün risklərdən qoruyacaq. Bu baxımdan, Azərbaycanın istər NATO, istərsə də ümumilikdə Qərblə münasibətlərini inkişaf etdirməsi həm təbii, həm də tamamilə qanunauyğun bir prosesdir. Eyni zamanda, bu, Azərbaycanın suveren hüququdur. Hazırda hətta Rusiya belə NATO-nun aparıcı dövləti olan ABŞ ilə münasibətləri yaxşılaşdırmağa çalışır. Ukrayna müharibəsində yaranan gərginlik fonunda Rusiyanın üzləşdiyi çətin vəziyyətdən onu çıxarmağa çalışan tərəf də məhz Tramp hakimiyyəti oldu. Bu da onu göstərir ki, böyük dövlətlər belə bir-biri ilə əlaqələrini davam etdirmək və qarşılıqlı təhdidlərin aradan qaldırılması istiqamətində addımlar atırlar. Belə olan halda, Azərbaycanın istər ABŞ, istərsə də istənilən Qərb dövləti ilə münasibətlərini inkişaf etdirməsi başqa dövlətə qarşı yönəlmir. Bu, yalnız Azərbaycanın milli maraqlarına əsaslanan xarici siyasətinin bir parçasıdır. Azərbaycanın müstəqil siyasətinə təsir göstərmək və onu dəyişdirmək imkanları məhduddur".
Səidə Ramazanova