15 dekabr: Ardıc günü-“Arçut elinin həmrəyliyi günü”dür. Günün mədəni və sosial əhəmiyyəti

Əlamətdar təqvim günlərinə nəzəri baxış kontekstindən

Hamıya məlumdur ki, insan müəyyən bir məkanda olmaqla, yaşamaqla  öz dərrakəsinin, istedad, bilik və qabiliyyətinin həkk olunduğu, təcəssüm edildiyi  sosial məxluqdur. İnsan öz xoşbəxtliyini, sosial rifahını  birlik, həmrəylik qurumu olan  cəmiyyətdə, universal forma olan  sosial-mədəni münasibətlər sferasında  tapır. Bir şəxsiyyət kimi, fayda verən və faydalar əldə edən tərəf olaraq  cəmiyyətdə, əlaqələr və ünsiyyətlər sferasında  formalaşır, təşəkkül tapır.  Bir fərd kimi öz  zənginliyini təmin edir. Sosial birlik strukturunda fərd zənginləşərək, aləmin geniş üzvü olan  şəxsiyyətə, ictimai fərdə  çevrilir. Fərd özünü həmrəylik sferası olan sosial müstəvidə təsdiq edir, şəxsiyyət kimi ifadə edir.   İnsanın fərdi maraqları universal maraqlar məcmusunda və elementlərin qarşılıqlı mübadilələr sferasında  zənginləşir. İnsan bir şəxsiyyət kimi lazımi elementləri cəmiyyətdən, hər kəsin təqdim etdiyi mənbədən  qəbul edir və bununla da öz şəxsiyyətini, nüfuz və ləyaqətini, həm də şərəfini  tamamlayır.  Məkana, ictimai və sosial sferaya  irsi bağlantı davamlı yaddaşın, unudulmazlığın, xatirələrin ana xəttini özündə ehtiva edir. Birlik, həmrəylik aktları  özündə oyanışı, dirçəlişi, eləcə də   ümumi məslək, məfkurə, amal, əqidə uğrunda kollektiv mübarizəni əks etdirən fenomenoloji hadisələrə çevrilir.

15 dekabr günü Arçutun (Ardıcın) tarixində, onun təqvimində qızıl hərflərlə   həkk olunmuş əbədi və bu baxımdan da çox ciddi olan bir rəqəmdir. Bu simvol  əsrlər boyu mövcud olmuş kəndin    "qara"  və "ağ"  taleyinin  vəhdətidir. Unudulmaz hadisələrin  yaddaşda əbədi iz qoyduğu məqamdır.

Bu gün qalibiyyətin, təntənənin, zəfərin  və məğlubiyyətin eyni anda  qovuşduğu, bir-birini əvəzlədiyi  məqamdır.  Elə bir məqamdır ki, bu fenomenoloji hadisədən mühüm nəticələr əldə etmək mümkündür. Simvolizəedici rəqəm kədərlə, qəm-qüssə ilə  sevincin, faciə ilə xoşbəxtliyin əvəzləndiyi nöqtələrin, bucaqların, xətlərin vəhdətidir.   Qəmginlik və bədbinliyin nikbinliklə əvəzləndiyi andır, qovuşma kandarıdır, astanasıdır.   Kənd həyatının dönüş, tarixi və ənənəvi əhəmiyyət kəsb edən maddi-fiziki və maddi-mənəvi  izinin  kəndin tarixi sakinləri üçün öz məkanında, reallıqda  silinməsi  nöqtəsidir.  15 dekabr təqvimi təxminən bir il  (1988-ci il boyu) davam edən gərgin həyatın, siyasi, ictimai və sosial depressiyanın, ayrılığa, həsrətə inanılan və inanılmayan, gözlənilən və gözlənilməyən   kuliminasiya anıdır.  15 dekabr ayrılığın,  elin, obanın hamılıqla tərk etmənin, yurdu yalqız qoymağın, bu baxımdan da   həsrətin, intizarın başlanğıcıdır. Həm də geri dönmək, yenidən yurda qayıtmaq və sönmüş ocaqlara  təkrarən  isti nəfəslər vermək  ümidinin yarandığı bir məqamdır.  Əsrlər boyu bir məkanda yurd salmaq və onu sonradan ellilikcə tərk etmək, nəsillikcə ruhun hopduğu  yurdu yalnız qoymaq insan ruhunu sızıldadan, qəlbi sarsıdan  amillərin məcmusunu özündə ifadə edir. Məlumdur ki, intizar və həsrət hissi doğmalıqdan məhrum olduqda, ayrılıqda və tənhalıqda  yaranır. İnsan yurd saldıqda öz ruhunu həmin  təbiətin, müvafiq məkanın elementlərinə bağlayır. Maddi-fizki elementlərə həkk etdirir, hopdurur. Ruhunun təsvirini daşlar, qayalar, cisimlər üzərindəki piktoqrafiyaya (yazılı şəkilə), divarlar üzərindəki freskalara (rəsmlərə) köçürür.    Ruhundan həmin elementlərə ötürür, elementlərdən,  təbiətin rəhnindən, yəni mənbəyindən, eləcə də fiziki və canlı aləmin bətnindən, yəni daxilindən    də qəbul edir, enerji qazanır.  Arçut sakinləri də tarix boyu bu kimi mübadilə proseslərini özlərində yaşatmışlar.  Yurdun tarixi, doğma sakinləri öz maddi-mənəvi ruhlarını dağların, düzənliklərin, tarlaların, çəmənliklərin qobelen xalçasına çevirirlər. Əlləri ilə sanki öz mədəniyyətlərinin təsviriniu yaradırlar. Bu kimi mənzərələr  irsi yaddaşa ötürülür və məkanda dünyaya göz açan insan yaddaşının bioloji  daşıyıcısına çevrilir. Bu yöndə Arçut kəndi onu görənlərin, orada doğularaq boya-başa çatanların,  uzun illər boyu  yaşayanların, həyatdan zövq alanların  fenomenal yaddaşlarının özülüdür.   Arçutun ətraf mühiti, flora və faunası, çəməni, dumanı, çiskini, günəşi, küləyi,  çayı və ümumilikdə təbiət, bu baxımdan  atmosferi, hidrosferi və litosferi (torpağı)   yaddaşlarda əbədi iz buraxır və təsviri, aləm cizgiləri   daimi olaraq göz önündə canlanır, xəyalların məhsuluna çevrilir. Düşüncələri, xəyalları və qəlbləri məşğul edən, çalxalayan, cuşa gətirən elementlər rolunu oynayır.    Ardıc  öz doğma sakinlərinin nostalgiya (vətənə, evə  qayıtmaq üçün ağrı hissləri) hisslərini duyur  və sakinləri də daim olaraq bu hisslərlə həyatlarını davam edirlər.  Ardıc onun sakinlərinin toplaşdıqları formalarda, həmrəyliklərinin ifadə olunduqları birliklərdə, cəmiyyətlərdə və digər qurumlarda müzakirə mövzusuna, həyat eşqinə dönür. Kəndin hər bir hadisəsi,  məkanının hər bir qarışı, sakinlərin həyatlarında iz qoyduğu misilsiz məqamları, hadisələri daim xatırlanır. Bununla da sakinlər özlərində qismən də olsa rahatlıq tapırlar.

15 dekabrın   bir təqvim və həmrəyliyi simvolizə edən rəqəm kimi   "Ardıc günü" olaraq  Arçutluların tarixində həkk olunması ideyası ilə ilk dəfə "ARDIC" Hərəkatı çıxış edib. Başlıca məqsəd kənd sakinlərinin  həmrəyliyini, birliyini, dirçəlişini, oyanışını əlamətdar hadisə şəkilində  qoruyub saxlamaqdan  və düşüncələrdə və əməllərdə  yaşadaraq  gələcək nəsillərə şərəflə və məsuliyyətlə ötürməkdən ibarət olub.  Eləcə də  bu dönüş anını rəqəmlərə həkk edərək tarixi yaddaşlarda yaşatmaq da, unutqanlığa qəti şəkildə yol verməmək də  başlıca hədəfdir. Təbii ki, kənd sakinləri doğma diyardan ayrıldıqları andan indiyə qədər adət-ənənələrdə, mədəniyyətdə, ayinlərin, mərasimlərin  icrasında, həmçinin   qohumlaşma, qardaşlaşma və dostlaşma  yolu ilə, bununla yanaşı, eyni məkanlarda məskunlaşmaq, qonşuluq yaratmaq vasitəsilə  öz həmrəyliklərini, birliklərini yaşadıblar və bu gün də müvafiq tərzli  həyat davam etməkdədir.  "Arçut günü" ideyasının doğması  daha çox ictimai, sosial və mədəni baxımdan məhz əqidə, məslək  birliyi naminə irəli sürülümüş yeni bir fikir və təklif olub.  

"Ardıc günü"nün ("Arçut elinin həmrəyliyi günü"nün)   ərsəyə gəlmək  ideyası öz baza və  ilhamverici  mənbəyini Milli Liderimiz Heydər Əliyevin təşəbbüsü ilə təsis olunmuş  "31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü"ndən, Qərbi Azərbaycanlıların deportasiya ayı olan dekabr təqvimindən,  "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktından (18 oktyabr 1991)-Müstəqilliyin Bərpası Günü"ndən, "28 May- Müstəqillik  Günü"ndən,  "17 noyabr Milli Dirçəliş Günü"ndən, "31 mart-Dünya Azərbaycanlılarının Soyqırımı  Günü"ndən,   "26 fevral 1992-ci il- Xocalı Soyqırımı Günü"ndən, "15 iyun-  Milli Qurtuluş Günü"ndən,   "8 noyabr- "Zəfər Günü"ndən,  " 10 noyabr 2020-ci il tarixində imzalanmış Üçtərəfli Bəyanat"dan və  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  24  dekabr 2022-ci il tarixində Qərbi Azərbaycan İcmasına baş çəkməsi anından və digər əlamətdar günlərdən götürür.   "ARDIC" Hərəkatı hesab edir ki, 24 dekabr təqvimi ümumilikdə  "Qərbi Azərbaycanlılar Günü" kimi tarixə düşsə, yaxşı olar.

Əlamətdar günlərin təsis olunması  istiqamətində və mövzuda diqqəti çəkən ən mühüm sənədlərdən biri  "Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2023-cü il tarixli Sərəncamı" və onun icrasıdır. Belə ki, həmin sənədlə Ermənistan işğalından azad olunan rayon və şəhərlərin günləri təsis olunub.  26 avqust -Laçın şəhəri günü, 4 oktyabr-Cəbrayl şəhəri günü, 17 oktyabr-Füzuli şəhəri günü, 20 oktyabr -Zəngilan şəhəri günü, 25 oktyabr-Qubadlı şəhəri günü, 8 noyabr- Şuşa şəhəri günü, 20 noyabr -Ağdam şəhəri günü, 25 noyabr Kəlbəcər şəhəri günü kimi qeyd edilmiş və təqvimə salınmışdır. Bu istiqamətdə diqqəti çəkən daha bir dövlət aktı, dövlət sənədi Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında" 19 sentyabr 2024-cü il tarixli Sərəncamdır. Bu sənəd Dağlıq Qarabağ İqtisadi rayonunun tamamilə erməni işğalından azad olunmasının  və 20 sentyabr tarixinin  Azərbaycan Respublikasında  Dövlət Suverenliyi Günü kimi qeyd edilməsinin hüquqi əsaslarını təsbit edir.   

Ümumiyyətlə, məlumdur ki, əlamətdar günlər çoxdur. Məsələn, müstəqillik günləri, işğal günləri (məsələn, Azərbaycan rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi günləri), dahi şəxsiyyətlərin doğum və ölüm günləri,  demokratiyanın bərqərar olunması, diktaturanın devrilməsi, inqilabların qalib gəlməsi günləri, respublika və konstitusiya günləri,  imperiyaların yaranması və süqutu günləri, peyğəmbərlərin, digər müqəddəs hesab olunanların doğum və ölüm günləri, müqəddəs məbədlərin inşa olunması günləri  və digər bu kimi ictimai və  siyasi proseslərdə, dini inanclarda  dönüşü ehtiva edən əlamətdar aktlar mövcuddur. Milli və beynəlxalq, ümumdünya əlamətdar günləri məzmuna görə faciəvidir  və digər tərəfdən  şənlik, bayram xarakteri kəsb edir.

Əlamətdar günlər milli və beynəlxalq, ümumdünya formalı olur. Məsələn, "Novruz" bayramı günləri beynəlxalqdır, "31 dekabr-1 yanvar Yeni il təqvimi" beynəlxalqdır, ümumdünya əsaslı təqvimdir, "8 Mart Qadınlar bayramı" beynəlxalqdır, "25 dekabr Milad bayramı" beynəlxalqdır, ümumdünya əsaslıdır, 21 sentyabr -  "Beynəlxalq Sülh Günü" bütün dünyada qeyd olunur. Oktyabrın 24-ü Birləşmiş Millətlər Təşkilatı günüdür. Bütün dünyada qeyd olunur.  Hər il noyabrın 10-da Sülh və İnkişaf Naminə Dünya Elm Günü qeyd edilir.  18 may Beynəlxalq Muzeylər Günüdür. 3 dekabr Beynəlxalq Əlillər Günüdür. 1 oktyabr Beynəlxalq Ahıllar Günüdür.  12 avqust Beynəlxalq Gənclər Günüdür.   Azərbaycanda "Elm günü" hər ilin 27 mart tarixində qeyd edilir. 10 noyabr Atatürkü Anma günüdür.    4 iyul tarixi ABŞ-da ölkənin Müstəqillik günü kimi qeyd olunur.  Çin Yeni ili-Xoşbəxt Bahar  -yanvarın 12-dən fevralın 19-na kimi qeyd olunur və insanlar onu "Nyan"-yəni, il adlandırırlar.  Bu kimi milli və ümümdünya günləri çoxluq təşkil edir.  Milli günlər içərisində peşə bayramı günləri də mövcud olur. Məsələn, Azərbaycanda 29 yanvar -gömrük işçilərinin peşə bayramı günüdür. 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günüdür. Bu kimi faktlar çoxluq təşkil edir.

Məlumdur ki, həm də əvvəlcə sadalanan şəkildə hər bir xalqın, toplumun, cəmiyyətin tarixində müəyyən əlamətdar təqvim günləri, həmin günləri simvolizə edən rəqəmlər (uğurlu və uğursuz rəqəmlər)   mövcud olur. Rəqəmlər öncəsi müəyyən hazırlıqlar görülür, bütün diqqətlər bir nöqtəyə, bir mərkəzə cəmləşir.  Əlamətdar günlər  xalqın, sakinlərin, cəmiyyətin həyatında dönüş, tərəqqi, sıçrayış, qələbə eləcə də tənəzzül, təslim, uduzmaq kimi amillərlə, faktlarla,  hadisələrlə  xassələnir.  Əlamətdar günlər təsis, strukturlaşma  və ləğvetmə, destrukturlaşma  kimi yadda qalan hadisələrlə xarakterizə olunur. Əlamətdar günlər    başlıca olaraq bayram (şənliklər, süfrə bəzəmələri, yol, meydan və küçələrin dekorativ  bəzəmələri), təntənə, qalibiyyət (parad, mitinq, yürüş) və yas, matəm adətləri (ehsanların təşkili, qurbanların kəsilməsi, duaların oxunması)  ilə qeyd edilməklə ifadə olunur. Əlamətdar günün qeyd olunması özlüyündə bir hərəkat olaraq dirçəlişi, oyanışı, həmrəyliyi,  birliyi, yenidən inkişafı, tərəqqini, çiçəklənməni  ifadə edir. Bu günlərdə yaddaşlar birləşir, anım həyata keçirilir.    Əlamətdar günlər həmin günlərlə barışmanın, müvafiq  günləri  qeyri-adi gün olaraq qəbul etmənin əsaslarını özündə ifadə edir. Əlamətdar günlərdə  birləşmə, həmrəylik  əqidə və ruhun vəhdəti ilə xassələnir.  Bu  günlər mədəni, siyasi və ictimai-sosial özünüdərki meydana gətirir. İctimai, mədəni və sosial şəxsiyyətin formalaşmasının  əsaslarını təşkil edir. İnsanların yaradıcılıq, quruculuq, birləşmə hüquqlarını isbat və ifadə edir.  Məsələn, müstəqilliyin, konstitusiya gününün elan olunması, işğaldan azad olunma, mühüm siyasi sənədlərə imza atmalar, əlamətdar hadisələrlə bağlı referendum və ali hakimiyyətə  seçki   günləri, siyasi yürüşlər, inqilablar   özlüyündə siyasi xarakter kəsb edir.  Ümumxalq bayramlar günləri, matəm günləri, dini inanc günləri mədəni əsaslıdır.  Həmrəylik, dirçəliş, oyanış, cəmiyyətin inkişafına təkan verən günlər özlüklərində həm mədəni-siyasi, həm də ictimai məzmun kəsb edirlər.  Əlamətdar bayram günlərində əhval-ruhiyyə artır, ruh yenilənir,  şənlənmə meydana gəlir, hüzn, matəm və yas günlərində isə ruha kədər çökür, məsuliyyət hissi artır, ciddi görkəm meydana gəlir.  Hər iki halda yaddaşlar möhkəmlənir.

Sözügedən  günlərdə xalq öz mədəniyyəti ilə birlik yaradır və birgə mövqe ortaya qoyur. Həm də vərdişləri davam etdirir.   Sanki bu günlər ortaq balans, ortaq məxrəc, ortaq yollar  və koordinasiya rolunu oynayır. Əlamətdar günlər: ümumxalq hüzn və bayram günləri xalqın yaddaşının təzələnməsinə, yenilənməsinə, yaddan çıxan elementlərin təzələnməsinə, yaddaşa qaytarılmasına   və özünüdərkə xidmət edir. Əlamətdar günlər özünməxsusluğu ilə fərqlənir və formasına görə fərdi xarakter kəsb edir. Lakin bütün formalar mahiyyətdə, məzmunda vəhdətləşir. Yəni, xalqın, sakinlərin, camaatın birliyi, həmrəyliyi ortaya çıxır. Qələbə günündə keçirilən marşlar, paradlar, yürüşlər, mitinqlər, festivallar, tamaşalar, kanonadalar ( toplardan tez-yez buraxılan yaylım atəşləri), atəşfəşanlıq   və digər bu kimi hadisələr, aktlar  oyanış və dirçəliş günündə keçirilən piketlər, yürüşlər və digər bayram paradları, festivallar ilə oxşar məzmun kəsb edir. Eləcə də milli matəm və yas adətlərində də həmrəyləşmə, birləşmə meydana gəlir. Fərdi eqonu ictimai mənafe üstələyir. Ortaq dəyərlər bir arada cəmləşir.  Milli bayramlarda xalqın el adətləri və ənənələri, idman yarışları və əyləncələr, elementləri əks etdirən ornamentlərin nümayişi mühüm əhəmiyyət kəsb edir. Xalq öz yaradıcılığını və quruculuğunu geniş şəkildə  nümayiş etdirmək imkanlarını qazanır.  Özü üçün geniş meydan açır.  Hərəkətlər, əməllər eyniləşir, oxşar mənzərələr yaradır. Vərdiş halını alır. 

Əlamətdar günlər hərəkat forması və mahiyyətini özündə ifadə edir. Hadisələr, tədbirlər, aktlar xalqın, sakinlərin, camaatın  ruhunun ortaq məxrəclərdə  birləşməsi naminə təşkil olunur və  həyata keçirilir.  Bunlar həm də oxşarlıqları və ümumilikləri özündə ehtiva edir.  Hərəkatlar, addımlar mütləq mənada iradələri birləşdirir, əzmi gücləndirir. Aktlar sayəsində insanlar öz kimliklərini ifadə edərək şəxsiyyətlərini ortaya qoyurlar. Bu məsələdə ortaqlıq, birgəlik, ümumilik meydana gəlir.  Aktlar, o cümlədən  yürüşlər, iclaslar, toplantılar və digər bu kimi formalar sakinlərin, insanların, xalqın əzminin möhkəmlənməsini təmin edir. Xalqı həmrəy olaraq birliyə səsləyir. Bayram elementləri, matəm adət-ənənələri xalqın, sakinlərin, insanların sosial ruhlarının zənginləşməsini özündə ehtiva edir və mədəni hüquqların təminatı funksiyasını həyata keçirir.  "Arçut günü"nün təsis olunması və günün qeyd edilməsi özlüyündə sakinlərin  sosial və ictimai birləşmə, həmrəyləşmə kimi ictimai və mədəni hüquqlarının təmini üçün real zəmin yaradır, şəraitləri ortaya qoyur.

Əlamətdar günlər, anım məqamları, o cümlədən dini adətlər (bayramlar və yas adətləri)   xalqın kollektiv tarixiən toplanmış və vərdiş halını almış yaradıcılığını və quruculuğunu özündə ifadə edir və özünüdərki təsdiq edir.  Xalqın yetkinləşməsi, bitkinləşməsi və tamamlanması üçün şərtləri ortaya qoyur, səbəb və nəticələri zəruri edir. Səbəb və nəticələrin doğurduğu şəraiti  özündə ifadə edir.

Mühüm  məqamların tərkibi olan xilas, qurtuluş özü də bir əlamətdar hadisədir. Xalqın, camaatın, sakinlərin  faciəsinin, ziyanların, fəlakətlərin  sonu olan  hadisəyə çevrilir. Xilas və qurtuluş həm fiziki, həm də mənəvi əhəmiyyət kəsb edir. Xilaskarlıq aktları  insanların özləri ilə yanaşı,  maddi-mədəni irsinin  də qorunmasına yönəlik aktlar məcmusudur. Xilas bəşəri aktdır, ona görə ki, özündə nümunə ola biləcək dəyərləri daşıyır.

Qərbi Azərbaycanın, o vaxtkı Ermənistan Respublikasının ərazisində yaşamış çoxlu sayda azərbaycanlıların xilası təbii ki, əlamətdar bir hadisə idi. Etnik münaqişədən, soyqırımdan, ümumiyyətlə, məğlubiyyətdən, məhv olmaqdan xilas olmaq, bəlalardan yaxa qurtarmaq, can qurtarmaq  özü də əlamətdar bir hadisədir.

Elə əlamətdar günlər var ki, bu günlərdə kədərlə sevinc bir-birini tamamlayır. İnsanların ruhunda intizar və vüsal (istədiyinə qovuşmaq) bir mərkəzdə çıxış edir. 1988-ci ilin məlum Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ucbatından Arçut kənd sakinləri də deportasiyaya, etnik təmizləməyə, etnik-mədəni  əsaslı sürgünə, yəni didərginliyə, qaçqınlığa   məruz qaldı. O vaxt Ermənistan SSR-nin Quqark (Yaqublu) rayonuna məxsus olan  Arçut kənd sakinləri də 1988-ci ilin Hamamlı (Spitak) zəlzələsindən sonra  faciədən qurtula bildilər.    Azərbaycana və keçmiş SSRİ-nin digər yerlərinə köçərək pənah gətirdilər. Bu kütləvi köç hadisəsi 1988-ci ilin 11-15 dekabr aralığında baş verdi. Bu hadisə öz məzmununa görə, yəni sakinlərin ruhuna təsiredici tərəflərinə görə özündə matəmi, kövrək anları, kədərləri, qəm-qüssəni ehtiva etdi. Eləcə də xilaskarlıq mahiyyətinə görə sevinc hisslərini məcmulaşdırdı. Bu aktlarda sevinc və kədər hissi birləşdi. Dədə-baba yurdlarını tərk edən Arçut sakinləri Azərbaycanda və digər respublikalarda yenidən dirçəlməyə, həmrəy olmağa başladılar. Azərbaycanda toplu və pərakəndə halda məskunlaşmağa baxmayaraq,  özlərini Ardıc və Arçut adları ilə  yenə birgə şəkildə dərk etməyə yönləndirdilər. Əməllərini birləşdirdilər və real həyatda  qiyabi kənd formasını, icma toplusunu  yaratdılar. Ayrı-ayrı məskənlərdə səpələnmələrinə baxmayaraq adət-ənənələr və digər formalı sosial-ünsiyyət hesabına birliklərini təmin etdilər.  Yeni həyat bu sakinlərdə dirçəlməni, yenidən oyanmanı meydana gətirdi.

Onu da xüsusilə qeyd etmək yerinə düşər ki, xilas və qurtuluşla xarakterizə olunan  aktların  mahiyyətində də fərqliliklər  var. Məsələn,  1993-cü ilin 15 iyun hadisələri və Milli Lider Heydər Əliyevin təkrarən hakimiyyətə qayıdışı və xalqı bəlalardan xilas etməsi özlüyündə  daha çox sevinci, xoşbəxtliyi, firavanlığı, sabitliyi ehtiva edirdisə, Qərbi Azərbaycanlıların, o cümlədən Arçut sakinlərinin doğma yurdlarından deportasiyası həm sevinci, yeni həyatı, həm də kədəri, qəm və qüssəni, ayrılıq və itki hisslərini  özündə əks etdirirdi. Xilasın intizar üsulu (xilas olmaq, ancaq intizarda qalmaq)  bu məqamda mühüm əhəmiyyət kəsb edir.

Arçut sakinləri "ARDIC" Hərəkatının təşəbbüsü ilə 15 dekabr gününü, məhz  öz doğma yurdlarında qırğınlardan, soyqırımlardan, erməni despotundan  xilas günü kimi ayrıca olaraq  təqvimlərinə daxil ediblər.

Sakinlər mötəbər  qonaqların da iştirakı ilə 2023-cü ilin  dekabr ayının 17-də Qərbi Azərbaycan İcmasının Qarakilsə İcmasının nəzdində təşkil olunan Arçut İcmasının və "ARDIC" Hərəkatının təşkilatçılığı ilə  kənddən çıxmanın, xilas gününün  35 illiyini Bakı şəhərində təntənə ilə qeyd ediblər.  Bu məqsədlə hətta rəmzi mənaları özündə daşıyan loqotip də hazırlayıblar. Loqotipdə birliyi, həsrəti, intizarı özündə ifadə edən elementlər, izahlar  əks olunub. Loqodakı rənglər bu mənanı verir: palıd rəngi-palıd kimi dözümlülüyü, möhkəmliyi, sınmazlığı, əzilməzliyi; qızılı rəng (hərflərin yazıldığı rəng)-kəndin həmrəyliyinin, birliyinin dəyərini, qiymətini, etalonu əks etdirir; mavi işıqlanma-aydın, açıq dərrakəni, düşüncələri, bu baxımdan da kəndin yenidən dirçəlişini, oyanışını ifadə edir. Loqonun efirindəki pərdə o mənanı verir ki, kənd sakinləri hələlik öz yerlərinə qiyabi baxırlar, intizardadırlar, kənd doğma sakinlərin yolunu gözləyir.  Həmrəyliyin davamı olaraq kənd sakinləri M.F.Axundov adına Arçut kənd orta məktəbinin 100 illik yubileyini 2024-cü ilin may ayında Bakı şəhərində təntənə ilə qeyd ediblər. 

İnşallah, gələcəkdə sakinlər öz doğma yerlərinə qayıdanda torlu ayna aradan götürüləcək. Bu baxımdan da  öz yurdlarını heç zaman unutmurlar və geriyə qayıdacaqlarını gözləyirlər. Həmrəylik kəndin icma halında təşkilatlanmasını təmin edən müəyyən  düşüncələri özündə ifadə edir. İcmanın strukturlaşmasını, fəaliyyətin şaxələnməsini şərtləndirir.

"Arçut günü"nün əhəmiyyəti nələrdən ibarətdir:

-Kəndin tarixini yaşatmaq və kəndi ləyaqətlə gələcək nəsillərə təqdim etmək;

-düşüncələri işıqlandırmaq, qaranlıq məqamlara aydınlıq gətirmək, yaddan çıxanları təkrarən yada salmaq;

-tarixi proseslərdən nəticələr çıxarmaq, proseslərdə hazırlıqlı və çevik davranmaq, oyaq olmaq;

-Azərbaycan xalqının həmrəyliyi  çərçivəsində, ümumi xalq düşüncələrinin və ruhunun tərkibi olaraq  yerli  (icma formasında) özünüdərkin inkişafını təmin etmək;

- yerli icma mədəniyyətinin, ədəbiyyat və incəsənətinin  qorunub saxlanılmasını həyata keçirmək;

-kənd adət-ənənələrinin formalaşmasını və saxlanılmasını təmin etmək və gələcək nəsilə ötürmək;

-kənd sakinlərinin bütövlüyünü təşkil etmək və diqqəti həmrəyliyə, dirçəlişə, oyanışa yönəltmək;

-tədbirlər sayəsində kəndin potensialını üzərə çıxartmaq;

-həmrəylik şüarları ilə sakinləri birliyə, toplanışa səsləmək;

-kənd sakinlərinin qayğıları ilə kollektiv şəkildə məşğul olmaq. Problemlərin sistemləşməsini təmin etmək, probelmləri birgə həll etmək metodlarını işləyib hazırlamaq;

-doğma yurdu yaddaşlarda saxlamaq və irsən ötürmək üçün vərdişləri formalaşdırmaq;

-kəndin problemlərini və qayğısını gündəlikdə saxlamaq, təhlil etmək  və eli, camaatı, sakinləri  problemlərin həllinə birgə şəkildə cəlb etmək;

-Arçut kəndini Qərbi Azərbaycanlıarın, İcmanın  diqqətində saxlamaq və birlikdə iştirak etmək. Dövlətin bu sahədə olan siyasətinin formalaşmasında və icrasında tərkib aktoruna çevrilmək;

-"Qayıdış Konsepsiyası"nda yaxından iştirak etmək və s. 

Elşən Misir oğlu Nəsibov. Siyasətşünas alim, yazıçı-publisist. Arçut (Ardıc) kənd əsilli. "ARDIC" Hərəkatının təsisçisi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31