Azərbaycan niyə Aİİ-yə qoşulmur? Bakının balanslı siyasəti və milli maraqlar – ÖZƏL
16:26 SiyasətRusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiyanın Azərbaycanla MDB, ŞƏT, Xəzər "beşliyi" və "3+3" kimi regional formatlarda sıx əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb. O, həmçinin Azərbaycanın Baş nazirinin Aİİ iclaslarında (sonuncu dəfə Minskdə) fəxri qonaq kimi iştirakını qeyd edərək, Bakı ilə Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında güclənən dialoqu müsbət qiymətləndirib.
Qeyd edək ki, Aİİ-yə (Rusiya, Belarus, Qazaxıstan, Ermənistan) üzvlük məsələsi müzakirə mövzusudur. Rəsmi Bakı hazırda birbaşa üzvülükdən imtina edir. Prezident İlham Əliyev ötən il bildirib ki, qoşulmaq niyyəti yoxdur, lakin gələcəkdə "əlavə iqtisadi fayda" olarsa, bu, müzakirə oluna bilər. Mövcud əməkdaşlıq səviyyəsi Azərbaycanı qane edir.
Bəs Azərbaycanın Aİİ-yə qoşulmaması hansı siyasi və iqtisadi səbəblərlə bağlıdır? Azərbaycan Avrasiya İqtisadi İttifaqına qoşula bilərmi?
"Azərbaycan həm iqtisadi, həm də siyasi sahədə balanslaşdırılmış siyasət həyata keçirir. Bildiyiniz kimi, Azərbaycan Avropanın ondan artıq dövləti ilə enerji təhlükəsizliyi sahəsində strateji əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində ölkəmiz Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və bir çox dövlətlərlə enerji sahəsində mühüm müqavilələr imzalamışdır".
Bu sözləri Olaylar.az-a açıqlamasında Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi şərhçi Azad Məsiyev bildirib. Siyasi şərhçi qeyd edib ki, eyni zamanda Azərbaycan Orta Asiya respublikaları ilə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq münasibətləri qurmuşdur. Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında da aktiv və fəal iştirak edir. Bundan başqa, ölkəmiz siyasi sahədə də həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq siyasəti yürüdür. Azərbaycan Müstəqil Dövlətlər Birliyi çərçivəsində, eləcə də Türk Dövlətləri Təşkilatında fəal iştirak edir.
Siyasi şərhçinin sözlərinə görə, ümumiyyətlə, Azərbaycanın həm iqtisadi, həm də siyasi sahədə həyata keçirdiyi kurs balanslaşdırıcı xarakter daşıyır. Bu siyasət böyük güclərin Cənubi Qafqazda və xüsusən də Azərbaycanda maraqlarının uzlaşdırılmasına imkan yaradır. Məhz bu səbəbdən Azərbaycan stabil və etibarlı dövlət imici qazanmış, beynəlxalq aləmdə etiraf olunmuşdur.
Ekspert vurğulayıb ki, bu uğurun əsas səbəbi Azərbaycan Prezidentinin həyata keçirdiyi uzaqgörən siyasətdir. Prezident beynəlxalq toplantılara dəvət olunur, dünyanın böyük dövlətlərinin liderləri ilə görüşlər keçirir. Bu, Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir.
"Azərbaycan Müstəqil Dövlətlər Birliyində, eləcə də Türk Dövlətləri Təşkilatında və Orta Asiya respublikaları ilə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığı davam etdirir. Siyasi müstəvidə MDB çərçivəsində Belarus ilə ikitərəfli münasibəti də yüksək səviyyədədir. Rusiya ilə əməkdaşlıq strateji əhəmiyyət daşıyır.
Azərbaycanın siyasi əməkdaşlığının arxasında güclü iqtisadi baza dayanır. Yəni iqtisadiyyatla siyasət bir-birinə sıx bağlıdır, bu iki sahə bir-birini tamamlamalı və tarazlaşdırmalıdır. Dövlətin bütün addımları milli maraqlara uyğun şəkildə atılır. Azərbaycan Prezidenti hər zaman bunu əsas prinsip kimi qoruyub və həyata keçirib. Prezidentin "Biz nəyi, nə vaxt edəcəyimizi gözəl bilirik" fikri də bu siyasətin mahiyyətini əks etdirir", - deyə Azad Məsiyev əlavə edib.
Ekspert qeyd edib ki, Avrasiya İqtisadi Birliyi məsələsi də gündəmdə olan mövzulardandır. Əgər bu birlikdə əməkdaşlıq Azərbaycanın dövlət və milli maraqlarına cavab verərsə, bu istiqamətdə addımlar atıla bilər. Avrasiya İqtisadi Birliyinə daxil olan dövlətlərlə - istər Orta Asiya respublikaları, istərsə də Belarus - Azərbaycan yüksək səviyyədə həm ikitərəfli, həm də çoxtərəfli siyasi və iqtisadi əlaqələrə malikdir. Bundan əlavə, Rusiyada milyonlarla soydaşımız yaşayır və onlar ölkənin müxtəlif iqtisadi sahələrində aktiv fəaliyyət göstərirlər. Avrasiya İqtisadi Birliyi, əslində, Müstəqil Dövlətlər Birliyinin iqtisadi platformasıdır. MDB siyasi əməkdaşlıq sahəsidirsə, Avrasiya İqtisadi Birliyi həmin əməkdaşlığın iqtisadi müstəvisidir.
Azərbaycanın bu birliyə mümkün qoşulması dövlətimizin və xalqımızın maraqlarına uyğun olduğu halda həyata keçirilə bilər. Hesab edirəm ki, Azərbaycan bundan sonra da çoxşaxəli və balanslaşdırılmış siyasətini davam etdirəcək. Avrasiya İqtisadi Birliyi ilə əməkdaşlıq da zamanın tələbinə və milli maraqlara uyğun şəkildə gerçəkləşəcəkdir.
Siyasi şərhçi sonda bir daha vurğulayıb ki, dövlət və milli maraqlardan kənar heç bir addım atılmır. Prezidentin "Biz nəyi, nə vaxt edəcəyimizi gözəl bilirik" fikri tam yerində deyilmiş sözdür. Hesab edirəm ki, Prezident Azərbaycanın dövlət və xalq mənafeyini hər zaman nəzərə alaraq reallığa uyğun addım atacaq.
Sevda Dəniz