Məktəblərdə dini dərslərin tədrisi: lazımdırmı?
6 Dekabr 2024 17:00 SosialSon zamanlar gündəmdə olan və Azərbaycanda ən çox müzakirə olunan mövzulardan biri ali və orta məktəblərdə dini dərslərin tədrisi məsələsidir. Bugünədək "məktəblərdə din tədris olunmalıdırmı?", "məktəblərdə dini dərsə ehtiyac varmı?", "məktəblərdə din dərsləri keçilə bilərmi?" kimi mövzular mediada dəfələrlə müzakirə olunub, ictimaiyyət tərəfindən müxtəlif yanaşmalar irəli sürülsə də, bu mövzu dəfələrlə təkrar-təkrar gündəmə gəlməkdədir.
Dinin tarixi, əsasən dünyəvi dinlərin yayılma arealı və ya coğrafiyası, əsasları barədə ilkin məlumatlar Tarix dərslərində keçirilir. Ali məktəbdə isə bır sıra fənlər keçilir ki, burada din barədə kifayət qədər geniş məlumat dinə maraq və bağlılıqdan asılı olmayaraq da əldə edilir. Məsələn, fəlsəfə. Ölkədə İlahiyyat İnstitutu da fəaliyyət göstərir. Belədirsə, din barədə ayrıca dərs və dərsliklərin olması lazımdır, ya yox? Azərbaycanda bu mövzuda müzakirə və hətta mübahisələrin tarixi nisbətən yenidirsə, dünyada problemə artıq oturuşmuş yanaşma mövcuddur. Hər ölkədə din və məktəb problemi özünəməxsus yolla həll edilib. Dövlət məktəblərində ümumi yanaşma bundan ibarətdir ki, dinin dünyəvi təhsilə müdaxiləsi arzuolunan deyil. Ancaq çoxsaylı özəl məktəblər də var ki, uşaqlara din dərsləri keçilir. Uşaqlara məktəblərdə din dərsləri tədris edilməlidirmi? Əgər tədris olunarsa, bunun cəmiyyətin gələcəyi, uşaqlar üçün hansı təsirləri olacaq?
Pedaqoq Elnurə Ramazanova bildirir ki, Azərbaycanda dövlət təhsil müəssisələrində din, şəriət dərsləri tədris oluna bilməz:
"Çünki, Azərbaycan tolerant, dünyəvi bir dövlətdir. Din dövlətdən ayrıdır və hər kəs istədiyi dini öyrənməkdə, istədiyi dinə inanmaqda azaddır. Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. Bütün bunlar isə dinin, şəriətin ümumtəhsil müəssisələrində tədrisinə yol vermir. Amma təbii ki, dinlər haqqında biliklərin verilməsinə ehtiyac var. Çünki respublikamızın yerləşdiyi coğrafi ərazi, xüsusilə də Azərbaycanla həmsərhəd ölkələrdə zaman keçdikcə din amilinin güclənməsi, ölkəmizin daim yad və zərərli dini təsirlərin hədəfində olması dini zəmində ölkəmizə yönəlik təhdidlərin hər zaman olacağını deməyə əsas verir. Belə bir vəziyyətdə azərbaycanlı yeniyetmə və gənclərin dinlər haqqında ilkin bilikləri ibadət evlərindən, internet resurslarından, cəmiyyətdəki təsadüfi şəxslərdən və ya dinlə bağlı lazımi qədər məlumata malik olmayan valideynlərindən alması məqsədəuyğun hesab edilmir.
Əgər təhsil müəssisələrində dini təhsil veriləcəksə, bu zaman xüsusilə uşaqların hüquqlarına hörmətlə yanaşılmalı və bu təhsil 12 yaşından sonra verilməlidir. Çox insana elə gəlir ki, dünyada sadəcə bir din var, o da islam dinidir. İnsanlar islam dininin aurasına düşürlər və çıxa bilmirlər. Bu da insanlarda dini təəssübkeşlik yaradır və ömrünün sonuna qədər başqa dinlərlə mübarizə aparıb öz dininin dəyərlərini müdafiə etməyə çalışırlar, ancaq bilmirlər ki, bütün dinlərin mənşəyi eynidir və bir-biri ilə bağlıdır.
Bu səbəbdən, uşağın keçdiyi inkişaf yollarını və formalaşan şəxsiyyət xüsusiyyətlərini, böyüdüyü mühiti, ailəsinin dini inanclarını və fikirlərini nəzərə alsaq, məktəbəqədər təhsildə və ya orta təhsildə dinin nə olduğunu tam olaraq qavraya bilməyən 5-12 yaş arası uşaqlara dini təhsil vermək düzgün deyil. Aşağı yaşlı orta məktəb çağlarında bu yaşlı uşaqlar hələ özləri haqqında yüksək səviyyəli qərarlar vermək yetkinliyinə malik olmadığından, bu təhsil pilləsində dini təhsilin verilməsi uşağın qərar vermək hüququna etinasız yanaşmaq deməkdir ki, bu zaman da orta məktəb təhsilində dini təhsilin verilməsi müəyyən mənada uşaqların dini istismara məruz qalmasına səbəb ola bilir.
Yəni, dini təhsilin bu üsul üzərində qurulması, yəni aşağı yaşlarından hələ özünün şəxsi fikirləri formalaşmadığı halda ona müəyyən bir dinin öyrədilməsi, aşılanması uşağın inkişafına ziddir və onu passiv, itaətkar, sual verməyən, səbəb-nəticə əlaqəsi qura bilməyən bir fərdə çevirəcək. Düşünürəm ki, erkən yaşlarda dini maarifləndirmə uşaqlarda qorxu, inamsızlıq, qərar verməkdə çətinlik çəkən, öz şəxsi fikirlərini formalaşdırmağı bacara bilməyən fərdlərin böyüməsinə səbəb ola bilər. Ona görə də ən erkən dini maarifləndirmə də sadəcə uşaq anlamağa başladığı, yəni, 12 yaşından etibarən uşağın öz şəxsi razılığı ilə verilməlidir.
Orta məktəbdə ilkin mərhələlərdə azyşalılara verilən təhsildə din, əxlaq və dəyərlər anlayışlarının hamısını birlikdə idarə etmək mümkün deyil. Çünki əxlaq və dəyər anlayışları dindən asılı olmayaraq universal və normativ xarakter daşıyır, lakin hər bir dinin də öz əxlaqi-dəyər sistemi var. Burada ilk olaraq hansının veriləcəyini müzakirə etmək lazımdır. Bundan başqa, onsuz da, orta məktəblərdə dinlər, ilk növbədə ölkəmizdə daha çox üstünlük təşkil edən İslam dini, İslam dininin görkəmli tarixi şəxsiyyətləri, islam mədəniyyəti, islam mənəviyyatı ilə əlaqədar məlumatlar I-IX siniflərdə tədris olunan "Həyat bilgisi" fənni vasitəsilə şagirdlərə çatdırılır. İslam dininin bəşəri mahiyyəti, insanlara təlqin etdiyi mənəvi dəyərlər humanitar fənlərin tədrisində də uşaqlara mənimsədilir. Bu mənada "Ədəbiyyat" fənninin imkanları daha genişdir. Həmin fənnə aid dərslik və müntəxabatlarda verilmiş bədii nümunələrdə əks olunan məzmun vasitəsilə müəllimlər İslam dininin fəlsəfəsindən qaynaqlanan ideyaları (mərhəmət, şəfqət, humanizm, vətən məhəbbəti, düzgünlük, ədalət, sədaqət və s.) izahlı şəkildə şagirdlərə çatdırırlar. Bu səbəbdən xüsusi olaraq bir dinin tədris edilməsi heç də doğru bir fikir hesab edilmir.
Uşaq inkişafı ilə bağlı çoxlu nəzəriyyələr var və bu nəzəriyyələrin əksəriyyəti də elmi araşdırmalarla sübut olunub. Ən çox yayılmış və qəbul edilən Piagetin idrak inkişafı nəzəriyyəsidir ki, nəzəriyyəyə görə, bayaq da qeyd etidiyim kimi, uşaqlar yalnız 12 yaşa və yuxarıya uyğun gələn mücərrəd əməliyyatlar dövründə mücərrəd anlayışları mənimsəyir, qavrayır, onlara məna verir və gündəlik həyatlarında istifadə edirlər. Ona görə də uşaq hüquqlarına hörmətlə yanaşacaq şəkildə verilməli olan dini təhsil veriləcəksə, 12 yaşından sonra verilməli, məktəbəqədər dövrdə və ya aşağı siniflərdə verilməməlidir. 12 yaşa qədərki uşaqlar mücərrəd təfəkkürün inkişaf yetkinliyinə çatmadığından, hissləri vasitəsilə əldə etdikləri təcrübələr kontekstində konkret və tamamilə mülahizə yürütürlər. Bu səbəbdən həm uşaq inkişafı nəzəriyyəçiləri, həm də məktəbəqədər təhsil yanaşmalarında hisslərə mühüm əhəmiyyət verilir. Burada biz müəllimlərin, təhsil işçilərinin məsuliyyəti və prioriteti elmi istinadlarla uşağın inkişafını ön planda tutan yanaşmanı mənimsəmək və uşağın maraqlarını nəzərə almaqdır. Çünki 5-12 yaş arası uşaqlar öz qavrayışlarını hissləri vasitəsilə qurur, spesifikdən spesifikə doğru düşünmə yetkinliyinə, konkret təsnifat və mənsubiyyətə əsaslanan düşünmə qabiliyyətinə malikdirlər. Bununla belə, 5-12 yaş arası uşaqlar sosial və emosional cəhətdən müstəqil həyata malikdirlər, hələ tam müstəqillik əldə etməmişlər, qrup üzvü olmaq qabiliyyətini yenicə inkişaf etdirmişlər, qaydalar istehsal etmək və onlara əməl etməkdə hələ tam yetkinliyə çatmamışlardır. Bundan əlavə, dil inkişafı baxımından onların lüğət ehtiyatı böyüklərdən daha zəifdir, sözlərin mənasını bilmək və dərk etmək yetkinliyi tam inkişaf etməmişdir. Uşağın bu inkişaf xüsusiyyətlərini nəzərə alsaq, bir daha qeyd etmək istərdim ki, məktəbəqədər təhsildə və ya orta məktəbin aşağı siniflərində 5-12 yaş arası uşaqlara dini təhsil vermək düzgün deyil.
Bəs deyək ki, belə bir qərar qəbul olndu və ölkədə məktəbəqədər və orta aşağı təhsil pillələrndə dini dərslər tədris edilməyə başladı, bunun nəticəsi necə olacaq?
Əslində, dünyanın digər ölkələrində bu cür təlim eksperimentləri edilib və hazırda da həyata keçirilir. Məsələn, bəzi ölkələrdə 4-6 yaşlı uşaqlar üçün açılan Quran kursları fəaliyyət göstərir. Bundan əlavə, bəzi təriqətlərə bağlı ibtidai məktəblər adı altında dini təhsilə əsaslanan özəl uşaq bağçaları fəaliyyət göstərir. Onların uşaqlara təsiri ilə bağlı konkret araşdırma nəticələri yoxdur, lakin onların uşaqlara təsiri ilə bağlı müəyyən ipucu verən və ölkə mətbuatında əksini tapan xəbərlər var. Bu xəbərlərdə uşaqların valideynləri uşaqların ciddi psixoloji problemlər yaşamağa başladığını, uşaqların həyatlarını cəza üzərində qurduqlarını, cinsiyyətçi, özgəninkiləşdirici bir dünyagörüşü qazandıqlarını bildiriblər. Bununla belə, həm ekspertlərin qeyd etdiyi kimi, həm də əvvəllər də vurğuladığım kimi, mən ən erkən dini təhsilin uşağın razılığı ilə 12 yaşından başlayaraq verilməli olduğunu və erkən yaşlarda dini maarifləndirmənin uşaqlarda bir sıra mənfi nəticələrə səbəb ola biləcəyini hesab edirəm".
Röyalə Xəyal