Təhsildə qadın: problem, yoxsa..?

Son zamanlar kolleclərə yüksək vəzifələrə təyinatlar zamanı qadınlara üstünlük verilməsi halları ilə qarşılaşırıq. Əlbəttə, bu vəziyyət bəzi hallarda müsbət nəticələnir. Çünki tələbə qızlar qadın direktor müavinləri ilə daha yaxşı ünsiyyət yarada bilir, problemlərini deyə bilirlər. Lakin bunun mənfi tərəfləri də az deyil. Daha çox qadınların təhsil sahəsində vəzifələrə təyin edilməsi təhsilin keyfiyyətinə təsir edirmi?

Sosioloq Elçin Bayramlı bildirir ki, qadınların bir qədər bu məsul vəzifələrdə işləməsi daha az effekt verir: 

"Çox maraqlı tendensiyadır ki, son vaxtlar bir çox sahələrdə qadınlara üstünlük verilməsi, qadın işçilərinin cəlb olunması prosesi gedir.  Həm dövlət sektorunda, həm özəl sektorda, ictimai sektorda, qadınlar bütün sahələrdə mütləq üstünlüyünü ələ alıb. Hətta mediada belə qadın, qız jurnalistlərin fəaliyyəti artıq 90%-i keçib. Təhsil sektorunda isə birinci yerdədir. 95%-dən yuxarı, hardasa tamamilə qadınlardan ibarət bir təhsil sektorudur. Qaldı ki  direktor təyinatına, burada artıq cinsi məsələyə üstünlük vermək lazım deyil. Burada sırf kadr peşəkarlığı, kadr bacarığı, idarəetmə bacarığı olan insanlara üstünlük verilməlidir. Sırf qadın olduğuna görə kiminsə təyin olunması düzgün deyil. Dünyanın heç bir yerində ümumiyyətlə belə bir mövzu yoxdur.  Bütün humanitar sahələrdə artıq qadınların 80-90%-i mədəniyyət sahəsində, təhsil sahəsində, səhiyyə sahəsində, ticarət sahəsində, ictimai xidmətlər və s. hamısında, hətta QHT-lərdə, mediada da, bütün mümkün sahələrdə qadınlar 80-90% işçi qüvvəsini təşkil edirlər. Kişilər üçün ancaq ağır fiziki, təhlükəli işlər qalır, fəhləlik, inşaat, sürücü və s. bu kimi səhələr. Amma bu yanaşma doğru deyil. Təhsil adı gələndə konkret tutaq ki, məktəblərin, kolleclərin və yaxud universitetin rəhbərliklərinə gələndə burada sırf dediyim kimi, peşəkarlıq, idarəetmə bacarığı, kadr bazası nəzərə alınmalıdır.  Bu cinsi diskriminasiyadır, Azərbaycanda tam tərsinə çevrilmiş bir sistemdir. Artıq kişilər bütün işlərdə arxa plana atılır, bütün işlərə qadınlar cəlb olunur. Bu dərəcədə dünyanın heç bir ölkəsində belə bir qeyri-cinsi disbalans yoxdur. Bütün vakansiyalara, iş elanlarına baxın, 99%-də qadın işçi tələb olunur. Kişilər üçün artıq bu ölkədə iş yoxdur, çox çətindir. Ona görə də ölkədən kütləvi şəkildə gedirlər. Belə bir yanaşma nə əsasla qoyulur, hansı məntiqlə, nəyə əsaslanır? Heç kimə aydın deyil. Nə bir izah var, nə bir bəhanə var, belə bir şey ola bilməz. Biz təhsildəki vəziyyətdə görürük, məktəblərdə tamamilə qadınlardan ibarət bir təhsil sistemi formalaşır və  kişi xarakterinin, kişi tərbiyəsinin, kişi sözünün olmadığı məktəblərdəki acınacaqlı  vəziyyəti görürük və bunun da səbəblərini hamı bilir ki.  Normal hal belə deyil, ən azı yarı-yarıya cinsi balans qorunmalıdır. Bu cəmiyyətdə normal bir mühit olmalıdır, yoxsa belə bir yanaşma düz deyil. O ki qaldı vəzifələrdə. Elə düzgün baxsaq, kişilər nisbətən daha o kimi vəzifələrdə bacarıqlı olur, effektli olur. Yəni qadınların bir qədər bu məsul vəzifələrdə işləməsi daha az effekt verir. Belə olan halda tam tərsinə yanaşma heç də düzgün deyil. Bəli, bir çox qadınlar var ki, çox bacarıqlı, hərtərəfli idarəetmə qabiliyyəti, peşəkarlığı var. Bəli, onlar vəzifələrə də qoyulmalıdır, işlərə də cəlb olunmalıdır. Amma sırf qadın olduğu üçün kimisə hansısa vəzifəyə qoymaq, bunun səbəbləri, məqsədi aydın deyil. Bu çox ciddi bir problem yaradır, cəmiyyətdə həm sosial, həm mənəvi, psixoloji problemlər yaradır. Biz cəmiyyət olaraq, gender anlayışını tamamilə səhv başa düşdük. Cəmiyyət olaraq elə başa düşdük ki, gender bərabərliyi yalnız qadınlardan ibarət materiarxal sistemin qurulmasıdır. Bu, belə deyil. gender məsələsi, gender bərabərliyi, bütün dünyada cinslərin bərabər şəkildə ictimai işlərdə, dövlət işlərində, sosial işlərdə, iqtisadiyyatda təxminən bərabər şəkildə iştirakıdır. Bizdə isə dediyim kimi, əksər sahələrdə cinsi disbalans ağlagəlməz dərəcədə pozulub. Söhbət 90-95%-dən gedirsə, bu, biabırçı bir yanaşmadır, biabırçı bir vəziyyətdir və dünyanın bircə ölkəsində belə belə bir mənzərə yoxdur. Bir dənə ölkə belə göstərə bilməzlər ki, müəllim heyətinin, tutaq ki, təhsil sektorunun 95%-i qadınlar ola. Belə bir şey mümkün deyil, heç ağıllarına belə gəlməz. Baxın, özəl sektorlarda da 90% qadınlar işə cəlb olunur, vakansiyalarda axtarılır, kişilər işə götürülmür. Ümumiyyətlə, bu hansı bir cəmiyyət formasıdır? Burada məqsəd, mahiyyət nədir? Heç kimə aydın deyil". 

 Təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, bütün heyətin hamısını xanımlardan təyin etmək, ciddi mənada problemlər ortaya çıxara bilər: 

"Kolleclərdə son zamanlar müşahidə edirik ki, istər kollec rəhbərləri, eyni zamanda direktor müavini vəzifəsinə xanım namizədlər önə çıxarılır və onlar təyin olunurlar. Əlbəttə, əgər həmin namizədlər ümumi tədris proqramını və ümumi istiqamətlə bağlı bilik və bacarıqlara sahibdirlərsə, niyə də yox? Yəni onların müvafiq olaraq bu prosesdə iştirakı vacibdir. Qaldı ki  əlbəttə, bütün heyətin hamısını xanımlardan təyin etmək, ciddi mənada problemlər ortaya çıxara bilər. Hansı ki, biz bunu istər bağça təhsilində, istərsə də yuxarı təhsil piləsində, yəni digər təhsil pilləsində də görürük ki, kişilərin çatışmazlığı nəticəsində hansı problemlər cəmiyyətdə özünü bariz olaraq göstərir. Ona görə də eyni vəziyyəti yuxarı təhsil pilləsinə daşımaq, yəni orta ixtisas təhsil müəssisəsinə daşımaq, düşünürəm ki, doğru olmaz. Amma qaldı ki, direktor müavini və ya müvafiq istiqamətlərdə xanımların vakansiya üzrə və ya vəzifə üzrə təyinatı, düşünürəm ki, normal qarşılanmalıdır. Çünki biz gender bərabərliyindən danışırıqsa, əlbəttə, orda iki kişi çalışırsa, ən azı iki olmasa da, bir xanım namizədin olması da məqsədəuyğun hesab oluna bilər. Amma ümumilikdə, əlbəttə, idarəetmə prosesində kişilərin olması düzdür. Bu fikrə görə də, ümid edirəm tənqid olunmarıq. Məqsədimiz o deyil, biz gender bərabərliyinin qorunmasının tərəfdarıyıq. Yəni qadının qadın, kişinin kişi hüquqları var və bu hüquqlar pozulmazdır. Amma əlbəttə, tədris prosesində düşünürəm ki, kişilərin daha çox olması ümumi proseslərə həm müsbət mənada töhfəsini verə bilir. O nöqteyi-nəzərdən yəqin ki, aidiyyəti qurumlar da bu vəziyyəto davamlı nəzərə alar. Hal-hazırda bilirsiniz ki, bizdə ümumiyyətlə kolleclər istiqamətində çox bərbad vəziyyət var. Orta təhsil müəssisələrinin bir neçəsində barmaqla sayılacaq qədər istisna hallarda təhsil keyfiyyəti aşağıdır, tələbələrin akademik göstəriciləri aşağıdır və düşünürəm ki, bu istiqamətdə ciddi islahatlara ehtiyac var və bu islahatların aparılmasını da yəqin ki, nazirlik görür və yeni kadrları prosesə cəlb edir. Bilirəm, müsbət mənada effekti olacaq".

 Təhsil mütəxəssisi Rizvan Fikrətoğlu bildirir ki, əgər keyfiyyətli təhsil olacaqsa, burada qadın və ya kişinin olmasının heç bir əhəmiyyəti yoxdur: 

"Statistika baxımından araşdırmaq lazımdır ki, kolleclərdəki müəllimlərin nə qədəri qadın, nə qədəri kişidir. Amma ümumilikdə onu bildirmək olar ki, kollecdə direktor, rektor müavinlərinin çoxunu kişilər təşkil etməlidir. Son zamanlar direktor, rektor müavinləri vəzifələrinə bəzi təyinatlar olub ki, burada biz əsasən xanımları görürük. Bu bir tərəfdən sevindirici haldır ki, xanımlar, xüsusilə də, gənc xanımlar rəhbər vəzifəyə çəkilirlər. Adətən bizim gözümüz öyrəşib ki, hardasa xaricdə təhsil alsın, hər hansı bir ingilis dilini bitirsin. Amma elə deyil, bəzən də ölkəmizdə elə magistrı bitirənlər və ya magistraturada oxuyanlar kollecdə direktor müavini ola bilirlər. Bu da təbii ki, kollecin təhsil səviyyəsinin əhatə dairəsindən asılıdır ki, çox da yüksək tələblər qoymurlar. Yəni məsəl üçün, doktorantura kimi pillə tələbi yoxdur deyə, o baxımdan. Burada sevincək hal ondan ibarətdir ki, artıq gənc xanımlar rəhbər vəzifələrə gətirilirlər. Xüsusən də təhsil kimi önəmli və strateji bir vəzifələrə. Təbii ki, bu da xanımların, yəni qızların təhsilə cəlbi baxımından çox önəmli bir situasiyadır. Digər tərəfdən isə mən düşünürəm ki, burada elə də ciddi bir təsirdən biz danışa bilmərik. Əsas xarakter məsələsidir. Əgər insan halal insandırsa, yəni əlini rüşvətə öyrətməyibsə, fərqi yoxdur, qadındır kişidir. Yəni əsas nədir? Əsas keyfiyyət amilinə yönəlməliyik, bu insanın ideyaları, innovativ düşüncələri, informasiya texnologiyalarını işləmək bacarığı yüksəkdirsə, yəni burda heç mən qadın kişi olmasın, nə də əhəmiyyət görmürəm. Əsas odur ki, təhsil inkişaf eləsin, rüşvətin kökü kəsilsin, pulla tələbə imtahandan keçməsi və digər məsələ isə diplomlar pulla satılmasın. Əgər rəhbər şəxslər buna yönəlik addımlar atırsa, məsələn, biz bunu Sumqayıt Dövlət Universitetinin timsalında görə bilərik, görün ora rüşvət qaynağı idi, amma artıq rüşvətdən təmizlənib. Əgər elə insanlar cəlb olunursa, onun qadın və ya kişi olmasının təhsil sektorunda əhəmiyyəti yoxdur. Amma məsələnin ziddiyyətinə gedirsinizsə, qadınların çoxluq təşkil etməsi burda oğlanların orientasiya problemini yarada bilər. Yəni bir növ qadına oxşamaq tipləri yarada bilər, çünki ondan görüb götürür. Həmçinin burada insanın bir növ fizioloji problemi kimi çıxa bilər və yaxud da təlim tərbiyə baxımından insanlar özünü kiməsə oxşadır. Oxşatmaq baxımından nəsə hallar baş verə bilər. Amma düşünürəm ki, bu da elə də gözə çarpan hal deyil. Çünki artıq kollecdə oxuyanlar, 9 və yaxud 11 qurtarmış şəxslərdir və zatən bunlar yetərincə tərbiyəni məktəbdə alıblar. Yəni məktəb tərbiyəsi güclüdürsə, burada kollecdə və ya universitetdə qadın rəhbərinin çox olmasınının çox da önəmi yoxdur. Burada əsas önəm keyfiyyət amildir. Əgər keyfiyyətli təhsil olacaqsa, rüşvətə bulaşmayacaqsa, rüşvətdən təmizlənəcəksə, burada qadın və ya kişinin olmasının əhəmiyyəti yoxdur". 

 Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31