Hər damla bir ümid, bir arzu...

Ay camaat, su tükənir

1960-1990-cı illər Azərbaycanın ən çox sululuq dövrləri kimi yadda qalsa da, son onilliklər ərzində su ehtiyatlarının həcmi nəzərəçarpacaq dərəcədə azalıb. 2022-ci ilin statistik məlumatlarına görə, Azərbaycanın yerüstü su ehtiyatları cəmi 17 milyard kubmetr olub ki, bu da əvvəlki illərlə müqayisədə 43 faiz azalma deməkdir. Bu tendensiyanın başlıca səbəblərindən biri qlobal miqyasda iqlim dəyişikliyidir. Son illərdə havaların istiləşməsi və yağıntıların qeyri-bərabər paylanması, xüsusən də yay mövsümündə buxarlanmanın artması, Azərbaycanın su resurslarına ciddi təsir göstərib.

Bundan əlavə, ölkədə əhalinin artması və urbanizasiya prosesi də suya olan tələbatı artırıb. Böyük şəhərlərin və sənaye obyektlərinin genişlənməsi, kənd təsərrüfatında suya olan ehtiyacın artması və su idarəetməsindəki səmərəsizlik bu resursun daha da azalmasına gətirib çıxarıb. Azərbaycan həmçinin transsərhəd su resurslarından asılıdır. Su ehtiyatlarının mühüm hissəsi qonşu ölkələrdən axan çaylardan gəlir və bu ölkələrlə suyun bölüşdürülməsi məsələsi də təsirlidir.

Su ehtiyatlarının azalmasının əsas səbəbləri nədir və bunun qarşısını almaq üçün hansı tədbirlər görülə bilər?

Suallarımızı ekoloq, professor Çingiz İsmayılova ünvanladıq:

-Təbii ki, yer üzərində su buxarlanıb atmosferin yuxarı qatlarına qalxır, sonra yağıntılar formasında çökərək yerin üzərinə belə dövriyyə edir. Havanın quraqlaşması isə təbii olaraq, su qıtlığına gətirir çıxarır. Hava soyuyub tozlar havada olanda o buxarlar tozun ətrafında cəmləşir. Sonra ağırlaşır və yağış, yaxud qar, dolu şəklində yağıntı kimi yerin üzərinə düşür. Dərin qatlarda qrunt suları da yerin üzünə çıxır və bütövlükdə su dövran edir. Suyun maye, yaxud buxar halında olması iqlimlə bağlıdır. Təbii ki, əgər iqlim istiləşməsi gedirsə, havada rütubət artır, yəni quraqlıq dövrü başlayır. O buxarlar atmosferin yuxarı qatlarına qalxır. Əgər hardasa quraqlıq başlayırsa, hava kütlələri küləklə aparılır, atmosferin sirkulyasiyası nəticəsində digər yerlərdə soyuq yerlərdə yağıntılar artır. Atmosfer və yerin üzərində havanın dövran etməsi belə bir mühərrikdir. Temperatur rejimi yüksək olan yerdə yağıntılar da azalır. Digər məsələ istehlakçıdır. Əhalinin artması təbii ki, həm içməli suya tələbatın, həm də ərzaq istehsalının, qida məhsullarının istehsalına tələbatın artmasına gətirib çıxarır. Bu  əkin sahələrinin, heyvandarlıqda mal-qaranın artması deməkdir. Əkin sahələri, bitkiçilik sahələri artırsa, su istehlakı da artır. Bir tərəfdən iqlimdə gedən proseslər-yəni istiləşmə, quraqlıq bu prosesi gücləndirir. Digər tərəfdən, əhalinin artımı və ərzaq məhsulları tələbatının  artması kənd təsərrüfatı istehsalında -həm bitkiçilikdə, həm heyvandarlıqda su sərfinin artmasına səbəb olur. Digər tərəfdən də su ehtiyatlarından yalnız içməli su kimi yox, enerji istehsalı kimi də istifadə edilir, yəni yenə də suya tələbatı olur. Bax, bu səbəblərə görə biz bu su qıtlığı prosesini müşahidə edirik. İnsan təbiətə qarşı acizdir. Baxmayaraq ki, məşhur Engels "Təbiətin Dialektikası" əsərində yazırdı ki, insan təbiətin ağasıdır, bu boş cəfəngiyyatdır. İnsan təbiətdən tam asılıdır. İnsanın bacardığı sadəcə təbiətin təbii proseslərinin dəyişməsinin qanunauyğunlarını bilərək o dəyişikliyə uyğunlaşmaqdır. Uyğunlaşmağın nə dərəcədə uğurlu olmasından asılı olaraq onun fəsadları da müvafiq şəkildə dəyişəcək. Biz su qıtlığını dəyişdirə bilmərik, ancaq suyun səmərəli istifadəsini xeyli artıra bilərik. Açıq desək, suya vəhşicəsinə münasibət bəsləyirik. İstehlakçıya göndərilən suyun demək olar ki, 60 faizi çatır, 40 faizi yolda itkilərə, sızmalara məruz qalır. Boru xətlərinin düzgün olmaması, kanalların sızmaları-bütün bunlar səmərəsiz istifadəyə və nəticədə su qıtlığının yaranmasına səbəb olur. Buna görə su çatışmazlığından əziyyət çəkən bu kimi ölkələrdə su ehtiyatlarını artırmaq yox, suya münasibəti dəyişdirmək lazımdır. Səmərəli istifadə və hər damlanın qədrini bilmək. Bax belə olarsa, yaranan su çatışmazlığı ilə bağlı məsələnin yumşalmasına səbəb gətirib çıxaracaq. Bu kimi dövlətlərdə su ehtiyatlarının idarə edilməsi strategiyası realizə olunur. Bu strategiyada su qıtlığı olan ərazilərdə xüsusi regional proqramlar yaradılır. Bu proqramların uğurlu icra olunması üçün ilk növbədə insan amili vacib rol oynayır. Hər bir vətəndaşın suya münasibəti köklü şəkildə dəyişməlidir. Məmurdan sahibkara kimi hər bir vətəndaşda belə baxış formalaşsa, biz belə əziyyət çəkməyəcəyik. Bu, kompleks şəkildə həll olunmalıdır. Əgər olunmasa, gərginlik daha da arta bilər.

Su - həyatın özüdür. Hər dəfə bir stəkan su içəndə, ya da əllərimizi yuyarkən bu qiymətli sərvətin nə qədər məhdud olduğunu düşünmürük. Biz onu həmişə mövcud olan, tükənməz bir resurs kimi qəbul edirik. Amma reallıq çox fərqlidir. Su tükənir. Və tükəndikcə biz nəinki onu əldə etməkdə çətinlik çəkirik, eyni zamanda təbiət də öz tarazlığını itirir.

Bu gün su israfı hər yerdədir - evlərimizdə, sənayedə, kənd təsərrüfatında. Biz təmiz suyu axıdıb, daha da dərin böhrana sürüklənirik. Halbuki su, sadəcə bir ehtiyac deyil, gələcəyimizdir. İqlim dəyişikliyi su ehtiyatlarını təhdid edir, quraqlıq dövrləri uzanır, çaylarımızın səviyyəsi azalır. Artıq suya qənaət etmək lüks deyil, məcburiyyətdir.

Suyu qorumaq üçün hər kəsin üzərinə böyük məsuliyyət düşür. Sadə dəyişikliklərlə başlaya bilərik - dişlərimizi fırçalayanda kranı bağlamaq, əkin sahələrində suya qənaət edən texnologiyalardan istifadə etmək, hətta şəhərlərimizdə su borularının sızmalarının qarşısını almaq. Amma bu fərdi səylər yetərli deyil. Müsahibimizin də qeyd etdiyi kimi suya münasibətimizi köklü şəkildə dəyişməliyik.

Suyun hər damlasını qiymətləndirmək gələcəyimizi qorumaqdır. Əgər indi hərəkət etməsək, bir gün gələcək ki, suyun yoxluğunun fəsadlarını daha açıq şəkildə hiss edəcəyik. Bu, sadəcə bir xəbərdarlıq deyil, hər birimizin yaşaması üçün vacib olan həqiqətdir. Suyun axışı, yalnız çayların yatağında deyil, bizim həyatımızda da daim davam edir. Hər damla, bir ümid, bir arzudur. Su, torpağımızın nəfəsi, meyvələrimizin həyatıdır. Onun içinə düşən hər damla, bizim bərəkətimizdir. Bu bərəkətə sahib çıxaq! Su, dünyamızın qəlbindəki həyat mənbəyidir. Biz onu təkcə içməli su kimi deyil, gələcəyimizin mədəniyyəti kimi qiymətləndirməliyik. Suya sevgi ilə yanaşaq, onun gözəlliyinin və dəyərinin fərqinə varaq. Hər birimiz, suyu qorumaq üçün öz rolumuzu oynayaq və birlikdə gələcəyimizi parlaq edək. Su həyatdır, gəlin, həyatımızı birgə qoruyaq!

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31