Çox uşaqlı ailələrin sayı niyə getdikcə azalır?

Müasir dünyada baş verən neqativ halları nəzərə alsaq, hər bir valideynin övladının gələcəyi üçün narahat olması başa düşülən haldır. Bunun nəticəsidir ki, cütlüklər müharibələrin, savaşların, ölümlərin bitmədiyi bir dövrdə övlad sahibi olmaqdan çəkinirlər.
Əlbəttə, Azərbaycanda olduğu kimi, bütün dünyada bu problemə rast gəlinir. Məsələn, bunun bir çarəsi kimi Rusiyada uşaqsızlığa görə verginin tətbiqi müzakirə olunur. Görəsən, belə bir verginin tətbiq olunması çıxış yoludurmu? Gənc ailələri uşaq sahibi olmaqdan çəkindirən problemlər nələrdir?

Sosioloq Fidan Rzayeva bildirir ki, uşaq sahibi olmaq və ya olmamaq fərdlərin azad iradəsinə buraxılmalı bir qərardır:
"Dünyaya uşaq gətirmək və böyütmək yetkinlik dövründə uzunmüddətli evlilik münasibətlərinin ən vacib funksiyalarından biri kimi görülür. Lakin valideyn olmaq hər kəsə görə bir şey deyil. Bu gün də cəmiyyət uşaq sahibi olmaq istəməyən cütlüklərə qəribə gözlə baxmağa davam edir və bu, bəzi insanların özlərini günahkar hiss etməsinə səbəb olur. Lakin nəzərə almaq lazımdır ki, insanların uşaq sahibi olmaq istəməməsinin ardında bəzi keçərli səbəblər vardır.
Uşaq sahibi olub-olmamaq əvvəlcə şəxsən, sonra isə tərəfdaşla veriləcək bir qərardır. Bu məsələdə heç kimin sizi tənqid etməyə haqqı yoxdur. Bəzi insanlar iqtisadi və ya sağlamlıq problemlərinə görə, hətta bəzən sadəcə istəmədikləri üçün uşaq sahibi olmaya bilər. Ola bilsin ki, onlar yalnız karyeralarına diqqət etməyi planlaşdırırlar. Hər kəs özü üçün ən yaxşı qərarı verməkdən məsuldur. Hətta demək olar ki, övladı olmayanlar əslində fədakar hərəkət edirlər. Uşaq sahibi olan insanların əksəriyyəti bunu cəmiyyətin xeyrinə deyil, öz ehtiyacları üçün edir. Əgər uşağınız yoxdursa, öz ehtiyaclarınızdan imtina edirsiniz. Bu o demək deyil ki, uşaq sahibi olmaq yanlışdır, sadəcə olaraq, bu, özünü mərkəzləşdirən davranışdır.
Bəzi insanlardan bu gözlənildiyi üçün hələ də uşaq sahibi olurlar və bu uşaqların uşaqlığının çox da sağlam keçməyəcəyi göz qabağındadır. Uşaq dünyaya ancaq çox arzu olunarsa gətirilməlidir. Bu, dünyaya yeni bir həyat gətirmək və ya qocalanda tək qalmamaq üçün lazım olan bir hərəkət olduğu üçün edilməməlidir.
Uşaq sahibi olmaq istəməmək bəzi praktik səbəblərə görə çox məntiqli bir qərar ola bilər. Uşaq böyütmək çox baha başa gəlir və əgər iş təhlükəsizliyiniz və ya kifayət qədər gəliriniz yoxdursa, bunu etməməyi seçə bilərsiniz.
Bu gün artan üstünlüklərlə valideynlik fərdin həyatında məcburi dönüş nöqtələrindən biri olmaq xüsusiyyətini itirmişdir. Hər kəsin onları həqiqətən qane edən şeylərin arxasınca getmək hüququ var.
Bəzi demoqrafik xüsusiyyətlər uşaq sahibi olmamağı şüurlu şəkildə seçən insanlarda ümumidir. Özlərini könüllü olaraq övladsız olaraq təyin edən şəxslər, orta hesabla, digər uşaqsız şəxslərdən daha yaşlıdırlar. Bu vəziyyət gənclərin hələ uşaq sahibi olmasalar da, gələcəkdə bir gün uşaq sahibi ola biləcəklərini düşünərək özlərini könüllü olaraq uşaqsız kimi təyin etməmələri ilə izah olunur. Könüllü uşaqsızlıq daha çox ali təhsilli və gəlir səviyyəsi olan şəxslərdə olur. Bu da deməyə əsas verir ki, uşaq sahibi olmaq daha yüksək sosial-iqtisadi statuslu insanlar, xüsusən də qadınlar üçün daha yüksək imkan xərclərini nəzərdə tutur, məsələn, işçi qüvvəsindən kənarda qalmaq və karyera yolunda vaxt itirmək kimi nəticələri nəzərə alsaq, paralel olaraq, yüksək prestijli və karyera yönümlü peşələrdə və rəhbər vəzifələrdə şüurlu şəkildə uşaq sahibi olmamağa qərar verən qadınların nisbəti daha yüksəkdir.
Fərdlərin könüllü uşaqsızlığa qərar vermələrinin səbəbləri, bu qərarı verərkən keçdikləri proseslər də çox dəyişir. Bəzi insanlar kiçik yaşlarından şüurlu şəkildə uşaq sahibi olmamağa qərar verərkən, bəziləri gənc yaşlarında gələcəkdə uşaq sahibi ola biləcəklərini düşünsələr də, sonrakı illərdə uşaq sahibi olmadıqda və əslində heç vaxt istəmədiklərini anlayanda, özlərini könüllü olaraq uşaqsız kimi təyin etməyə başlayırlar. Bəzi cütlüklər, karyeralarında, iqtisadi vəziyyətlərində və ya evliliklərində müəyyən bir təhlükəsizlik səviyyəsinə çatmaq istəmələri kimi müxtəlif səbəblərdən uşaq sahibi olmağı təxirə salırlar. Bu dövrdə uşaqsız olmağa alışaraq və sosial mühitlərində uşaq baxımının nə qədər çətin olduğunu müşahidə edərək uşaq sahibi olmamaq qərarına gələ bilərlər. Burada qeyd edilməli vacib məqam odur ki, fərdlərin uşaqsızlıqla bağlı təsəvvürləri zamanla dəyişə bilər.
Uşaqsız qalmağı seçən cütlüklərin bu qərarı necə verdikləri də əhəmiyyətli bir mövzudur. Bu mövzuda aparılan araşdırmalar könüllü uşaqsızlıq qərarının ümumiyyətlə birgə alındığını ortaya çıxarsa da, bu qərarda qadınların daha aktiv rol oynadığı da qeyd olunur. Bundan əlavə, əgər tərəfdaşlardan biri uşaq sahibi olmaqda qərarsızdırsa, digər partnyorun açıq şəkildə uşaq sahibi olmaq istəməməsi cütlüyün uşaqsız olmasına təsir edir.
Uşaq sahibi olmağın ümumi norma olduğu və şüurlu şəkildə uşaqsız qalmağı seçən bir çox sosial qaydalarla ziddiyyət təşkil etdiyi sosial dünyada bu qərarın fərdlərə təsiri böyük əhəmiyyət kəsb edir. Uşaq sahibi olmamağın bir çox mənfi nəticələrə gətirib çıxaracağı ümumi inanc olsa da, tədqiqatlar bu fərziyyəni dəstəkləmir.
Fərdlərin sosial-iqtisadi mövqeləri yaxşılaşdıqca, onlar işçi qüvvəsində daha çox iştirak edir, karyeralarına daha çox diqqət yetirirlər və daha liberal dəyərləri mənimsəyərlər. İnkişaf etmiş ölkələrdə könüllü uşaqsızlıq getdikcə daha çox müşahidə olunur, çünki iş və buna bənzər intellektual fəaliyyətlər uşaqları dünyaya gətirməklə rəqabət aparacaq səviyyədə simvolik ölümsüzlük və izlər buraxmaq kimi təkamül ehtiyaclarını qarşılamağa başlayır. Bu baxımdan, münasibət, həyat məmnunluğu kimi həm maddi, həm də psixoloji cəhətdən faydalı ola bilən uşaqsız olma qərarının əslində sinif ölçüsü olduğu görülə bilər. Könüllü uşaqsızlığın yalnız cəmiyyətin azlığı tərəfindən qəbul edildiyi təqdirdə bioloji təkamül baxımından zərərsiz olacağını nəzərə alsaq, sosial təkamül baxımından maraqlıdır ki, bu qərarı vermək azadlığı sosial statusla artar. Bəzi cəmiyyətlərdə doğuşa nəzarət üsullarının, reproduktiv texnologiyaların daim təkmilləşdirilməsi və liberal dəyərlərin mənimsənilməsi bu fenomenin yayılmasına kömək etdiyini də iddia etmək olar. Bütün bu amillərin yayılmasının qarşıdakı illərdə artacağı ehtimalı uşaq sahibi olmamağı seçən fərdlərin sayında artım ola biləcəyini göstərir.
Qısacası uşaq sahibi olmaq və ya olmamaq fərdlərin azad iradəsinə buraxılmalı bir qərardır və cəmiyyətdə uşaq sahibi olmağı seçən fərdlərə də, seçim etməyən fərdlərə də dəstək verilməlidir. Bu, həm fərdlərin həyatlarını istədikləri kimi yönləndirmək hüquqlarının qorunması baxımından, həm də sosial müstəvidə övladı olan insanların öz iradəsi ilə buna qərar vermələrini təmin etmək, bununla da uşaqlarını daha yaxşı tərbiyə etmə ehtimallarını artırmaq baxımından əhəmiyyətlidir. Bu, həm qadınları, həm də kişiləri azad etməklə və uşaqlara göstərilən qayğının keyfiyyətini yaxşılaşdırmaqla cəmiyyətin rifahını artıra biləcək bir strategiyadır".

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31