İctimai nəqliyyatda itirilən mədəniyyət: Nə etməliyik?

Hər səhər Bakının küçələrində işə, məktəbə, ya da başqa bir təyinat yerinə tələsən minlərlə insan ictimai nəqliyyat vasitələrinə üz tutur. Metro və avtobuslar, insanların gündəlik həyatında müstəsna yer tutur, amma bu səyahətlərin rahatlığı çox zaman bir problemə çevrilir: mədəniyyətsizlik. İctimai nəqliyyatdan istifadə zamanı insanların davranışları o qədər əndazəsiz hala gəlib ki, bəzi hallarda bu gərginlik faciə ilə nəticələnir. Metroda baş verən ölüm hallarının kökündə bəzən sadəcə bir insana yer verməmək, bir-birinə hörmətsizlik və itələşmə dayanır.

Metroda bu gün yaşananları gözünüzün önünə gətirin: qapılar açılır və sərnişinlər metrodan çıxmaq əvəzinə, vaqona minmək üçün bir-birini əzərək içəri girməyə çalışırlar. Bir tərəfdən çıxmağa çalışan sərnişinlər, o biri tərəfdən isə içəri girmək istəyənlər arasında yaranan xaos anı... İnsanların bir-birini itələməsi, tələsik addımlarla özlərinə yer etməyə çalışmaları demək olar ki, hər gün metro stansiyalarında rast gəlinən mənzərədir. Bu cür davranış sadəcə fiziki narahatlığa səbəb olmaqla qalmır, həm də cəmiyyətin əxlaqi normalarına hörmətsizlik kimi başa düşülür.

İctimai nəqliyyatda etika, yoxsa xaos?

Günümüzdə bu mədəniyyət problemi o qədər dərinə gedib ki, bir çoxumuz avtobuslarda və metrolarda sadəcə "öz yolumla gedim, başqa heç kim mənə mane olmasın" prinsipi ilə hərəkət edirik. Səhər erkən metroda, ya da avtobusda olduğumuz zaman yaşadığımız əsəbi narahatlıq hər gün təkrarlanır: metro vaqonları, sıxlıqda nəfəs ala bilməyən insanlar, arxadan sizi zorla sıxışdıran sərnişinlər... İndi bir də bu vəziyyətdə ağır bir çanta ilə arxanıza vurulduğunu təsəvvür edin - bu səhnə tamamilə realdır və əksər sərnişin üçün adiləşib.

İctimai nəqliyyatdakı ən böyük problemlərdən biri, sadəcə davranış qaydalarına deyil, insanın öz şəxsi rahatlığını başqalarının narahatlığı bahasına təmin etməsinə dayanır. Metro qatarları sıxlıq içində sürətlə hərəkət edərkən belə, qapılara yaxın yığışan sərnişinlər bu sıxlığı daha da artırır. İstər vaqonda olsun, istərsə də avtobusda, sərnişinlər əksər hallarda bir-birini nəzərə almadan hərəkət edir, daha böyük ərazini tutmağa çalışır və bu, digər insanların rahatlığını nəzərə almadan baş verir.

Avtobuslarda yaşananlar da metrodan fərqlənmir. Hər dayanacaqda toplanan insanlar, bir-birinin önünə keçərək, növbəsiz şəkildə avtobusa minmək üçün mübarizə aparırlar. Kimin daha əvvəl mindiyi, kimin daha əvvəl yer tutduğu artıq vacib deyil - önəmli olan yalnız şəxsi rahatlıqdır. Bir avtobusun dayanacaqda saxlayıb-saxlamayacağı belə həyəcanla gözlənildiyi bir şəraitdə, növbə anlayışının olmaması, dayanacaqda gərginlik yaradır.

Sərnişinlər içəri dolduqdan sonra isə başqa bir mərhələ başlayır - oturacaq savaşı. Yaşlılar, uşaqlı qadınlar, fiziki məhdudiyyətli insanlar çox zaman ayaqüstə qalırlar, çünki artıq insanlar digərlərinə qarşı etinasızdır. Bu davranış isə sadəcə cəmiyyətdə insanlara hörmətin yoxluğunu nümayiş etdirmir, eyni zamanda sosial məsuliyyət hissinin zəifliyini ortaya qoyur.

Bu davranışların arxasında dayanan ən böyük təhlükə, bəzən insan həyatına zərbə vuracaq faciələrin yaranmasıdır. Metro stansiyalarında yaşanan sıxlıq və nəzarətsizlik bəzən ölümcül nəticələrə gətirib çıxarır. İnsanlar metro qapılarında sıxışıb qalır  və ya qatar hərəkətə başladıqdan sonra qapı arasında sıxışan sərnişinlər ağır zədələr alır. Bu cür hallar bəzən insanların mədəniyyətsiz davranışlarının səbəbi kimi çıxsa da, həqiqətdə sosial nizam-intizamın zəifliyi və qayda-qanunlara riayət edilməməsi faciələrin əsas səbəbidir.

Dünya mədəniyyəti ilə müqayisə: Nədən geri qalırıq?

İctimai nəqliyyat mədəniyyəti bir çox inkişaf etmiş ölkələrdə tamamilə fərqli bir mənzərədir. Yaponiyada metroda danışmaq demək olar ki, sosial qəbahət sayılır. Hər kəsin bir-birinə qarşı sükut içində hörmət etdiyi bu sistemdə, insanlar bir-birinin şəxsi məkanını pozmadan, sakit şəkildə səyahətlərini davam etdirirlər. Yaponiyada bu davranışlar sadəcə mədəniyyətin təzahürü deyil, həm də sosial məsuliyyətin göstəricisidir. Hər bir insan kollektiv maraqları şəxsi maraqlardan üstün tutmağı bilir və bu qaydaya riayət edir.

İngiltərədə isə növbə prinsipi çox ciddi şəkildə qorunur. Avtobus və metroya minərkən növbə gözləmək, başqalarına hörmət etmək əsas sosial davranış formasıdır. Əgər kimsə bu qaydaları pozarsa, ictimai tənqidə məruz qalır və bir növ sosial olaraq təcrid  edilir. Fransa və Almaniyada isə ictimai nəqliyyat vasitələrində sərnişinlər bir-birinə qarşı diqqətcil davranır, hər kəs öz şəxsi məkanını qoruyur və digərlərinin narahatlığına yol açmamaq üçün diqqətli olur.

Bəs, Azərbaycanda ictimai nəqliyyat mədəniyyətinin formalaşması üçün nə etməliyik?

Azərbaycanda ictimai nəqliyyat mədəniyyətində dəyişiklik etmək üçün ilk növbədə fərdlərin şüurlu davranışları dəyişməlidir. Bu, əlbəttə ki, bir gün içində baş verə bilməz. Amma tədricən və planlı şəkildə ictimai nəqliyyatda hər birimizin davranışına təsir etmək mümkündür. Bəs bu, necə mümkün ola bilər?

Birinci addım olaraq, təhsil və maarifləndirmə əsasdır. İnsanların ictimai yerlərdə davranış qaydaları barədə məlumatı, bəzən sadəcə, azdır. Hər gün minlərlə insan metro və avtobuslardan istifadə edir, amma çoxu ictimai nəqliyyatda necə davranmalı olduqlarını bilmir. Bu boşluğu doldurmaq üçün geniş maarifləndirmə kampaniyalarına ehtiyac var. Reklamlar, sosial mediada yayılan qısa videolar, hətta avtobusların və metro vaqonlarının daxilində yerləşdirilən lövhələr belə insanlara necə davranmalı olduqlarını xatırlada bilər. "Növbəyə riayət edin", "Başqalarına yol verin", "Telefonla ucadan danışmayın" kimi sadə mesajlar insanların şüurunda uzunmüddətli iz buraxa bilər.

İkincisi, sosial məsuliyyət hissini gücləndirmək lazımdır. Hər birimiz özümüzdən başlasaq, ətrafımızdakı insanlara nümunə olmağa çalışsaq, tədricən cəmiyyət də dəyişə bilər. Məsələn, metroda növbə gözləmək, avtobusda yaşlılara və ya uşaqlı qadınlara yer vermək kiçik jestlərdir, amma bu hərəkətlər hər kəsin gündəlik həyatına nüfuz edərsə, kollektiv mədəniyyət formalaşar. Təbii ki, bunu bir və ya iki nəfərin etməsi kifayət etməz. Amma hər kəs öz davranışına diqqət yetirməyə başlasa, digərləri də onlara baxaraq nümunə götürər.

Dəyişiklik üçün növbəti vacib addım hüquqi mexanizmlərin gücləndirilməsidir. İnkişaf etmiş ölkələrdə ictimai nəqliyyatda qayda pozuntularına qarşı ciddi tədbirlər görülür. Azərbaycanda da bu istiqamətdə daha güclü nəzarət və tədbirlər tətbiq olunmalıdır. Məsələn, metro və avtobuslarda yüksək səslə danışan, sıxlıq yaradan və başqalarının rahatlığını pozan insanlar cərimələnə bilər. Bu cür qayda pozuntuları qarşısında cəzaların tətbiqi, bəlkə də ilk baxışdan sərt görünə bilər, amma bəzən davranış dəyişiklikləri üçün bu cür addımlar vacibdir. Cərimələr təkcə mədəniyyətin qorunmasına deyil, həm də insanların bir-birinə hörmət etməsinə səbəb olacaq.

Daha önəmli bir məqam isə cəmiyyət içindəki münasibətlərin dəyişməsidir. İctimai nəqliyyatda kobud və hörmətsiz davranışlar göstərən insanlar ətrafdakıların tənqidi və iradı ilə üzləşməlidir. Amma burada da bir qayda var - tənqid mədəni və mülayim şəkildə edilməlidir. Kimsə avtobusda yer vermirsə, ona aqressiv yanaşmaq əvəzinə, nəzakətlə irad bildirmək daha təsirli ola bilər. Sosial tənqid çox güclü bir vasitədir. İnsanlar ictimai yerlərdə davranışlarının başqaları tərəfindən izlənildiyini və qiymətləndirildiyini başa düşsələr, özlərini daha nizamlı və məsuliyyətli aparmağa çalışacaqlar.

Burada bir sual yaranır: "Bəs, nə edək ki, ictimai nəqliyyatda bu cür davranışlar sərgiləyən insanlar dəyişsin?" İlk növbədə, hər bir fərd özünü bu insanların yerinə qoymağa çalışmalıdır. Məsələn, metroda vaqona girməyə çalışan bir insanın digərini itələməsi, qapını tutub saxlaması və ya avtobusda kiminsə yüksək səslə danışması başqalarını necə narahat edir? Biz özümüz belə vəziyyətlərdə olsaydıq, nə qədər narahat olardıq? Empatiya bəlkə də ən böyük dəyişiklik vasitəsidir. Başqalarını anlamaq və onların yerinə düşünmək hər kəsin davranışında ciddi fərq yarada bilər.

Daha sonra isə sadə, amma təsirli bir qayda var - hərəkət etməzdən əvvəl iki dəfə düşünmək. Metroda qapı açılan kimi içəri girməyə tələsmək yerinə, bir anlıq dayanın və digərlərinə yol verin. Avtobusda yaşlı bir insan dayanıbsa, ona yer verməyi düşünün. Əgər kimsə sizdən narazıdırsa, sakitcə dinləyin və öz davranışınızı nəzərdən keçirin. Bəzən bu kiçik düşüncə tərzi insanların davranışlarını tamamilə dəyişə bilər.

Bir çox insan düşünür ki, cərimələr, qanunlar və qaydalar hər şeyi dəyişə bilər. Amma unutmamalıyıq ki, əsas dəyişiklik insanın öz daxilindən gəlməlidir. Mədəniyyət qanunlarla zorla tətbiq edilmir; o, insanların içində formalaşan bir dəyərdir. İnsanlar bir-birinə hörmət etməyi, ictimai yerlərdə davranışlarına diqqət yetirməyi öyrənməlidirlər. Bu isə yalnız maarifləndirmə və düzgün yanaşma ilə mümkündür.

Dəyişiklik üçün təkcə qanunların tətbiqi deyil, həm də maarifləndirmə və fərdi məsuliyyətin artırılması vacibdir. Əgər hər bir şəxs ictimai nəqliyyatda öz davranışına diqqət yetirməyə və başqalarının rahatlığına hörmət etməyə başlasa, tədricən kollektiv bir mədəniyyət formalaşar. Bu, cəmiyyətimizin bir-birinə olan münasibətində böyük müsbət dəyişikliklərə səbəb ola bilər. Ölkədə nəqliyyat mədəniyyətinin yaxşılaşdırılması yalnız dövlətin deyil, hər birimizin əlindədir.

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31