Maddi problemlər şəxsi həyatımıza, psixologiyamıza necə təsir edir?
19 İyul 2024 13:23 SosialSon zamanlar insanların gündəmində və zehnində tez-tez iqtisadi çətinliklər yaranaraq, gələcəyə dair güclü narahatlıq, ümidsizlik və etibarsızlıq yaradır. Bu çağırışlar gələcəyi təxmin etməyi, yeni qərarlar qəbul etməyi çətinləşdirir və gələcəklə bağlı qeyri-müəyyən atmosfer yaradır. Bu atmosfer emosional dalğalanmaları da gətirir. Buna görə də insanların psixoloji rifahına mənfi təsir göstərir və bir çox psixopatoloji pozğunluqlara qapı açır. İnsanların əhval-ruhiyyəsinə, emosional vəziyyətinə və davranışlarına təsir edən maliyyə çətinlikləri həm də ailə və sosial münasibətlərdə ünsiyyət problemi və gərginlik mühiti yaradır.
Maddi cəhətdən həyatımızda baş verən mənfi hadisələr birbaşa və dolayısı ilə psixi sağlamlığımıza da təsir edir.
Məsələn, bəzi problemlərdən dolayı bir insan ya işdən çıxarıla bilər, ya da gözlədiyi maaş artımını ala bilməz. Bu vəziyyətlər insanın özünü pis hiss etməsinə səbəb olur. Belə hallardan da gördüyümüz kimi iqtisadiyyatın psixi sağlamlığa birbaşa təsirləri var. Gəlirinin qeyri-kafi olması və ya heç bir gəlir əldə edə bilməməsi insanın özünü qeyri-kafi hesab etməsinə səbəb ola bilər. Qeyri-kafi olduğunu düşünən bir insan, məsul olduğu insanların ehtiyac və gözləntilərini qarşılaya bilməyəcəyini düşündüyü üçün əsəbiləşir, narahat olur və ya bəzi mənfi duyğular yaşayır. İnsanın hiss etdiyi bu mənfi duyğular onun münasibətlərində və gündəlik həyatında əks olunur. Bu vəziyyəti iqtisadiyyatın dolayı təsirinə misal göstərmək olar.
Maddi problemlər insan psixologiyasına, ailə münasibətlərinə, şəxsi həyata necə təsir edir?
Psixoloq Ülkər Məmmədli bildirir ki, maddi problemlər insan həyatında bir çox şeylərə təsir edir ki, onlardan ən başlıcası insan psixologiyasıdır:
"Maddi çətinliklər dövründə bir çox psixoloji problemlər baş verə bilər ki, bunlardan biri də anksiyete pozuntusudur. İqtisadi qeyri-müəyyənliklər, gələcəklə bağlı narahatlıqlar, iş həyatında qarşıya çıxan çətinliklər (işsizlik, işdə qoyulan çətinliklər, işinin əvəzinin ödənilməməsi və s.), gəlir və ödəniləcək öhdəliklərin (borc, kredit və s.) itirilməsi insanların stress səviyyələrinin artmasına səbəb ola bilir. Sakitləşməyən bir iqtisadiyyat, narahatlıq səviyyəsinin gündən-günə artmasına səbəb olur. Bundan əlavə, gələcəklə bağlı narahatlıqlar çətin ola biləcəyi üçün qərar vermək və gələcək üçün risk etmək fərdlər üçün qorxulu və narahatedici ola bilir.
Belə dövrlərdə insanlarda depressiya əlamətləri də görünə bilər. İqtisadiyyatın mənfi inkişafı fərdlərin məqsədlərinə, istəklərinə və gözləntilərinə çatmasına mane ola bilər, xəyal qırıqlığı, qeyri-adekvatlıq, ümidsizlik və çarəsizlik kimi hisslərin yaranmasına səbəb ola bilər. Bu hisslərdən asılı olaraq, istəksizlik və motivasiya olmaması çox vaxt özünü göstərə bilər. Həyat keyfiyyəti aşağı düşən insanlar həyatdan məmnunluq əldə etməkdə çətinlik çəkməyə başlayırlar.
Maddi çətinliklərdən sonra psixosomatik pozğunluqlar nəticəsində orqanizmdə fizioloji səbəblə bağlı olmayan ağrılar, qastrit, ekzema, allergiya və s. baş verə bilər. Fərdlərin yaşadığı emosional çətinliklər bəzən bədənlərinə də yansıyaraq həyat keyfiyyətinə mənfi təsir göstərə bilir.
Yuxu pozğunluqları da tez-tez müşahidə edilən psixopatoloji pozğunluqlar sırasındadır. Çətin duyğular və hadisələr yaşadıqdan sonra fərdlər üçün zehnini rahatlaşdırmaq və yuxuya getmək çətin olur.
Maddi problemlər ailə münasibətlərinə də ciddi təsir edir. Maddi çətinliklər səbəbindən ailədə maddi məsuliyyəti üzərinə götürən şəxs və ya insanlara təzyiqlər arta, rol dəyişikliyi baş verə bilər. Ailə üzvünün işdən çıxarılması gəlir itkisi ilə nəticələnə bilər. Bu halda ailə üzvləri əlavə gəlir əldə etmək üçün yeni öhdəliklər götürməli olurlar. Məsələn, əlavə iş, iş saatlarının artırılması və ya ev işlərinin bölüşdürülməsində dəyişikliklər edilə bilər. Bununla da, ailə üzvlərinin bir-biri ilə keçirdikləri vaxtda azalma baş verir. Bundan əlavə, istirahət üçün ayrılan vaxt azaldıqca, ailə daxilində fərdlər tükənmə, geri çəkilmə, narahatlıq və ya əsəbilik hissləri yaşaya bilər. Bu gərgin duyğular bəzən ailə üzvlərinin bir-birini başa düşməsinə mane olur və gərginliyin artmasına səbəb olur.
Digər tərəfdən, bəzi valideynlər övladlarına yaşadıqları maddi çətinlikləri hiss etdirməkdən çəkinə bilirlər. Ancaq uşaqlara izah edilməsə belə, uşaqlar valideynlərinin bədən dili və mimikalarından yaşadıqları çətinlikləri hiss edə bilirlər. Bu vəziyyət onların qeyri-müəyyənlik və naməlumluqla baş-başa qalmasına və narahatlıqlarını artırmasına səbəb olur. Bununla da, ailə daxilində inamsızlıq və anlaşılmazlıq arta bilir.
Bundan əlavə, ailədaxili maddi çətinliklərin və problemlərin həddindən artıq qeyd edilməsi evdə narahatlığı artıra, ruhi yorğunluğa səbəb ola bilər və depressiv əhval-ruhiyyənin artmasına səbəb ola bilər.
Ailədə stressin artması ilə evdə münasibətlərdə gərginliklər, zəifliklər, impulsiv reaksiyalar və mübahisələr artır. Beləliklə, ailə daxilində emosional dəstək tapmaq və təmin etmək çətinləşir. Fərdlər səhv başa düşüldüyünü hiss edir və bu səbəbdən iqtisadi çətinliklər yaşayan ailədə davranış problemləri, qəzəbi idarə etməkdə çətinliklər və üsyankar davranışlar meydana gəlir.
Maddi çətinliklər sosial həyata da mənfi təsir göstərə bilir. Çünki insanlar sosial hadisələri qarşılamaqda çətinlik çəkə və özlərini təcrid etməyə başlayırlar.
Son illərdə azyaşlı uşaqların belə maddi məsələlərdən danışdığı, məzənnələri izlədiyi günlərdən keçirik. Maddiyyat indi insanların beynini məşğul edən bir mövzuya çevrilib. Uşaqların da almaq istədikləri oyuncaqların, etmək istədikləri sosial fəaliyyətlərin, yeniyetmələrin iştirak etmək istədikləri kursların və almaq istədikləri təlimlərin qiymətləri hər gün yenilənir. Bu zaman valideyn dəstəinə ehtiyac yaranır, valideynlər də bəzən dəstək verməkdə və ya tələb və ehtiyacları ödəməkdə çətinlik çəkirlər.
Bəs bütün bunlar uşaqlarda hansı hisslərə səbəb olur və necə təsir edə bilir?
Ümumiyyətlə, son zamanlar gənclərdə və uşaqlarda depressiv əhval-ruhiyyə, gələcəyə ümidsizlik müşahidə olunmaqdadır. Məzun olduqdan sonra iş tapmaqda çətinliklə qarşılaşma ehtimalı və alacaqları maaşların yetərsiz olması onların xəyal qurmalarına, gələcəyə ümidlə baxmaqlarına mane ola bilir. Bu mənada məktəbdə uğurun azalması, məsuliyyət şüurunun azalması, dərsə həvəssizlik, maraq və motivasiyanın azalması tez-tez müşahidə oluna bilər.
Təcrübələrimizdə aparılan araşdırmalar göstərir ki, sosial qarşılıqlı əlaqə uşaqlara və gənclərə özlərinə inamını artırmağa, onlara müxtəlif perspektivləri öyrənməyə, emosional dəstək almağa imkan verir və vaxtlarını xoş keçirməyə kömək edir. Təəssüf ki, maliyyə imkansızlıqları uşaqların qarşılıqlı əlaqə qura biləcəyi sahələri məhdudlaşdıra, onların yeni hobbi və dostluqlar əldə etməsinə mane ola bilər və sosial qarşılıqlı əlaqələrin onlara təklif edə biləcəyi töhfələrə mane ola bilər.
Maddi çətinliklər uşaq və gənclərin özünə inamını və özünü dərk etməsinə xələl gətirə bilir. Onlar özlərini maddi sıxıntı yaşamayan şəxslərlə müqayisə edirlər. Bu müqayisə nəticəsində özlərini natamam və ya qeyri-kafi hiss edə bilirlər. Bu duyğuların öhdəsindən gəlmək çətinləşdikdə hirs, əsəbilik və aqressiyanı idarə etməkdə çətinlik yarana bilir.
Ailə daxilində maddi çətinliklər valideynlərin əvvəlkindən daha çox işləməsinə səbəb olur. Bu zaman uşaqlar valideynlərini daha yorğun, narahat, maddi çətinliklərdən şikayətçi kimi görürlər. Evdə və ya ətrafda tez-tez maddi çətinliklərlə üzləşən uşaqlar bəzən yaşlarından daha yetkin rəftar göstərirlər. Onlar öz istəklərindən imtina edirlər və valideynlərinin həyat standartlarını qorumaq üçün göstərdikləri səylər bəzən onları bir yük və günahkar hiss etdirə bilir.
Bəs belə hallarda nə etmək lazımdır?
Əvvəlcə, dürüst və açıq ünsiyyət qurun. Bu çətin prosesdə hisslərinizi və düşüncələrinizi açıq və dürüst ifadə etmək rahatlamağınıza və dəstək almağınızı asanlaşdıra bilər. Bundan əlavə, ətrafınızdakıların aça biləcəyi paylaşma yerləri yaratmaq emosional yükü azalda bilər. Xüsusilə uşaqlarla danışarkən, yaşa uyğun izahatlar vermək, onların hiss və düşüncələrini dinləmək uşaqlarınızın narahatlığını sakitləşdirməyə kömək edə bilər.
Etibar etdiyiniz insanlardan, yaxınlarınızdan dəstək və ya yardım istəyə bilərsiniz.
İqtisadiyyatdakı sürətli dəyişikliklər qarşısında çevik olmaq və alternativ planlar və perspektivlər hazırlamaq yeni şərtlərə uyğunlaşma prosesində faydalı ola bilər.
Sizi rahatlaşdıracaq və zövq aldığınız fəaliyyətlərlə məşğul ola bilərsiniz. Bu fəaliyyətlər vəziyyətdən, zamandan və şəxsdən asılı olaraq dəyişə bilər.
İqtisadi qeyri-müəyyənliklər qarşısında hadisələrin iradənizdən kənarda inkişaf etdiyini və nəzarəti itirdiyinizi hiss edə bilərsiniz. Rutinlər yaratmaq, nəzarət hissini artırmaqda və özünə inam hissini yeniləməkdə faydalı olacaq. Misal üçün, gündəlik, saatlıq və ya həftəlik rutinlər planlaşdırıb həyata keçirə bilərsiniz.
Özünüzə qayğı göstərməyə diqqət edin. Zaman-zaman özünüzə şəfqət göstərmək, sağlam həyat şəraiti yaratmaq, dincəlmək və istirahət etmək üçün yerlər yaratmaq narahatlığınızı azaltmağa kömək edə bilər.
Unutmamaq lazımdır ki, həyatın hər dönəmində insanlar maddi problemlərlə qarşılaşa bilir. Vacib olan onların öhdəsindən gələ biləcək qədər güclü olmağı bacarmaqdır".
Röyalə Xəyal