Məktəb psixoloqlarının gözəgörünməz fəaliyyəti
5 İyul 2024 16:07 SosialAzərbaycanda məktəb psixoloqlarının fəaliyyəti təhsil sistemində mühüm, lakin çox zaman gözəgörünməz bir rol oynayır. Onlar məktəblərdə şagirdlərin emosional, sosial və psixoloji rifahını təmin etmək üçün çalışırlar. Lakin bu fəaliyyətin bir çox aspekti geniş ictimaiyyət tərəfindən az tanınır. Məktəb psixoloqlarının işi həm birbaşa, həm də dolayı şəkildə şagirdlərin təhsil həyatına təsir göstərir. Şagirdlərin emosional problemlərini həll etmək üçün fərdi və qrup məsləhət xidmətləri göstərirlər. Bu xidmətlər şagirdlərin stress, anksiyete, depressiya və digər emosional çətinlikləri ilə mübarizə aparmasına kömək edir. Psixoloqlar, həmçinin, şagirdlərin özünə inamını artırmaq və onların akademik hədəflərinə çatmalarına dəstək olmaq üçün müxtəlif psixoloji texnikalardan istifadə edirlər.
Psixoloqlar, məktəbdə yaranan davranış problemlərini müəyyən edir və bu problemləri aradan qaldırmaq üçün uyğun strategiyalar hazırlayırlar. Onlar şagirdlərin düzgün davranış modellərini mənimsəməsinə kömək edirlər, bu da məktəbdə ümumi nizam-intizamı artırır və tədris mühitini yaxşılaşdırır.
Valideynlərə və müəllimlərə uşaqların ehtiyaclarını daha yaxşı anlamaq və onlara uyğun dəstək göstərmək üçün məsləhətlər verirlər. Bu əməkdaşlıq, uşaqların həm məktəbdə, həm də evdə harmonik bir inkişaf yolu keçməsinə şərait yaradır.
Azərbaycanda məktəb psixoloqlarının sayı hələ də kifayət qədər deyil. Bu, bəzi məktəblərdə psixoloji dəstəyin yetərsiz olmasına səbəb olur. Bir çox məktəb üçün psixoloqların işə qəbul edilməsi və onların fəaliyyətinin genişləndirilməsi vacibdir. Həmçinin fəaliyyətlərini dəstəkləmək üçün maliyyə vəsaitlərinin yetərsiz olması bəzi psixoloji xidmətlərin göstərilməsini çətinləşdirir. Daha çox resursun ayrılması və bu sahəyə investisiya edilməsi, psixoloqların işini daha effektiv şəkildə görməsinə imkan verə bilər. Məktəb psixoloqlarının rolunu və fəaliyyətini gücləndirmək üçün onların iş şəraitinin yaxşılaşdırılması, daha çox kadrın işə qəbul edilməsi və peşəkar inkişaflarının dəstəklənməsi vacibdir. Bu, məktəblərdə ümumi təhsil keyfiyyətinin yüksəlməsinə və şagirdlərin hərtərəfli inkişafına mühüm töhfə verə bilər.
Bəs bütün bu keyfiyyətlər Azərbaycan ərazisində mövcud olan məktəb psixoloqlarının fəaliyyətinə şamil edilə bilərmi? Mövzu ilə bağlı sosioloqların fikirlərini aldıq:
Sosial məsələlər üzrə ekspert Lalə Mehralı:
-Məktəblərdə psixoloq ştatının olması və fəaliyyətsizliyi barədə mətbuat da çox müzakirə edir. Məsələ burasıdır ki, o ştat var, amma yerində təyinatı yoxdur. Yəni, ştat boşdur. Maaşı alır, amma psixoloqun fəaliyyəti ortada yoxdur. Məktəbdə intihar, zorakılıq, bulinq halları baş verir, heç bir halda psixoloq ortalıqda görünmür. Belə qənaətə gəlirsən ki, ümumiyyətlə, psixoloq yoxdur. Psixologiya fakültəsini bitirmiş bu qədər işsiz insanlar var. Məktəbə təyin olunmamaları çox maraqlı məsələdir. Ən yaxşı halda bir məktəbə bir psixoloq təyin edirlər. Bu olduqca az rəqəmdir. Bir məktəbdə ən yaxşı halda 4-5 psixoloq fəaliyyət göstərməlidir. Çünki ən kiçik məktəblərdə minimum 500,600 şagird təhsil alır, 2000 şagirdi olan məktəblər var. 2000 şagirdə 4-5 psixoloqun belə nə qədər effekt verəcəyi müzakirə olunacaq məsələdir.
Məsələn, mən psixoloqların valideynləri toplayıb hər hansı bir məsləhət, məşvərət etdiyini, yol göstərdiyini, uşaqlarla davranış qaydalarını müzakirə etdiyini görməmişəm. Valideynlər ehtiyac yaranarsa, pullu psixoloq xidmətindən istifadə edirlər. Buna da hər kəsin gücü çatmır. Çünki psixoloqlar olduqca baha qiymətə xidmət göstərirlər. Ən ucuz psixoloqun bir saatı 60-70 manatdan başlayır. Hələ bu qiymətə də nadir halda tapmaq olur. Amma məktəb psixoloqu pulsuz xidmət göstərməli, bütün şagirdlər, valideynlər üçün əlçatan olmalıdır. Hansı valideyn övladı oxuduğu məktəbin psixoloqunu tanıyır? Demək olar ki, heç kim. Adını belə bilmir. Çünki heç vaxt görməyiblər. Hadisə baş verəndə, imtahan öncəsi uşaqların gərginliyi olanda, ərgənlik dövründə psixoloji problem yaşayan, keçid dövründə narahatlığı olan uşaqların zamanında psixoloq yanında deyilsə, başqa nə zaman yanında olacaq?
Sosial məsələlər üzrə ekspert Üzeyir Şəfiyev:
-Məktəb psixoloqu əslində məktəbdə ən zəruri, ən aktual olan bir ştat vahidi olmalıdır. Azərbaycanda da artıq bir neçə ildir məktəb psixoloqu fəaliyyət göstərir. Bu təsisat var, ancaq məktəb psixoloqunun ştat vahidi şagirdlərin, tələbələrin sayına uyğun deyil. Məktəb psixoloqu tələbələrin və şagirdlərin sayına uyğun olmalıdır ki, psixoloji yardımı, psixoloji xidməti əlçatan və yüksək səviyyədə həyata keçirə bilsin. Həm də hər bir şagirdin və kollektiv üzvünün psixoloq xidmətinin psixoloji xidmətə əlçatanlığı təmin olunması üçün bu çox vacib bir məsələdir. Yəni ştat vahidləri şagirdlərin, kollektivin sayına uyğun olmalıdır. Digər bir mühüm məqam ondan ibarətdir ki, əslində psixoloq fəaliyyəti hardasa məxfi olmalıdır. Çünki psixoloji xidmətdə etik normalar, etik qaydalar var. Hətta, psixoloq otağının üzərində belə "psixoloq otağı" yazılmaya bilir. Çünki burada məxfilik var və etik baxımdan da onun fəaliyyəti nümayişkaranə ola bilməz. Psixoloq psixoloji xidmət göstərdiyi, yardım etdiyi adam üzərindən özünü reklam edə bilməz. Bu baxımdan məxfilik etik dəyərlər baxımından qorunmalıdır. Şübhəsiz ki, Azərbaycanda psixoloji xidmət sahəsində böyük təcrübə yoxdur. Çünki yeni bir təsisatdır. Özəlliklə, Azərbaycanda psixoloji yardım haqqında qanun 2018-ci ildə qəbul olunub və Azərbaycanda psixoloji xidmət institutu hələ də formalaşma prosesi keçirir. Çox yaxşı olar ki, psixoloqların və sosial işçilərin də akkreditasiyasını həyata keçirən qanun qəbul olunsun və bu akkreditasiyanı həyata keçirən qurum yaradılsın. Bu qurum psixoloqlara fəaliyyət lisenziyası verə bilər və onlar müstəqil şəkildə fəaliyyət göstərə bilər. Təkcə məktəblərdə yox, müstəqil şəkildə, eləcə də özəl və dövlət sektorunda çalışa bilərlər. Bu şəkildə çox yaxşı olar ki, psixoloqlara və sosial işçilərə də akkreditasiyası həyata keçirən bir qanunvericilik bazası yaransın və bunun əsasında bir qurum formalaşsın. Elə olarsa, bir sıra deməli, bu psixoloq adı ilə çalışan, amma əslində psixoloq təhsili almayan, özəlliklə də klinik psixoloq təhsil bazası, praktik təcrübəsi olmayan dırnaqarası psixoloqların hesab edirəm ki, fəaliyyətinin qarşısını almış, peşəkar, praktik, psixoloqlara meydan vermiş ola bilərik. Həm ali, həm də orta məktəblərdə psixoloq ştat vahidi artırmalı, onların məvacibləri də adekvat olmalıdır. Çünki bu, çox ağır bir işdir. Bəzən onlar öz fəaliyyətində yorğunluq yaşayırlar. Bəzən peşəkar yanmaya məruz qalırlar. Onların təminatı yüksək səviyyədə olmalıdır ki, onlar keyfiyyətli psixoloji xidməti həyata keçirə bilsinlər və çox yaxşı olar ki, məhz məktəblərdə çalışan psixoloqların işə götürülməsi zamanı təhsildə psixoloji xidmət ixtisası bitirmiş, bəlli bir iş təcrübəsi olan, praktikası olan məzunlar, mütəxəssislər işə cəlb olunsun. Bu işin keyfiyyətini artırmış olar. Dediyim kimi, onların sayı da şagirdlərin, tələbələrin sayına uyğun olmalıdır. Eyni zamanda, müəssisə maraqlı olmalıdır ki, bu psixoloqları özünü təkmilləşdirmə proqramlarına göndərsin. Xarici təcrübəni öyrənmək üçün onlar bu mütəxəssisləri xaricə göndərməlidirlər ki, oradan qabaqcıl təcrübəni öyrənib, məktəblərə tətbiq etsinlər.
Zeynəb Rzayeva