Kremlin Köçəryan dəstəyi: İrəvanda yeni siyasi gərginlik dalğası gözlənilir – ÖZƏL

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın keçmiş dövlət başçısı Robert Köçəryana ad günü münasibətilə təbrik teleqramı göndərərək ona açıq mənəvi dəstək nümayiş etdirib. Moskvaya yaxınlığı ilə tanınan və iki aylıq həbsə məkum edilən eks-prezidentə təbrikdə "sınaqlar qarşısında dözümlülük" arzulanıb. 

"Bundan əvvəl də Robert Köçəryana analoji məktublar Rusiya tərəfindən göndərilmişdi. Bu onu göstərir ki, Vladimir Putin hələ də bu cür münasibətləri saxlayır. Ümumilikdə, Putinin münasibət saxladığı keçmiş siyasətçilər mövcuddur. Məsələn, İtaliyanın keçmiş baş naziri Silvio Berlusconi ilə çox yaxın münasibətləri var idi. Eləcə də Almaniyanın keçmiş federal kansleri Gerhard Şröderlə çox yaxın münasibətləri var idi. Görünür, Robert Köçəryanla da bu münasibətləri saxlayır".

Bu sözləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçi bildirib ki, hətta Serj Sarkisyanın hakimiyyəti dövründə belə Kreml rəhbərinin Köçəryana tez-tez məktublar göndərməsi, onun doğum gününü təbrik etməsi barədə məlumatlar alırdıq. Hazırda da bu proses davam edir. Ümumilikdə burada bir məsələ var ki, bu, əlbəttə ki, Ermənistandakı hakimiyyətin xoşuna gəlməyəcək. Robert Köçəryan təkcə keçmiş prezident statusunda olan bir şəxs deyil, eyni zamanda müxalifət lideridir və Paşinyanın müxalifət daxilində əsas rəqiblərindən biridir. Son parlament seçkilərində də konkret olaraq Paşinyanın əsas rəqiblərindən biri olub. Belə bir şəxsə Rusiyanın rəhbərinin səmimi münasibət göstərməsi, əlbəttə ki, Ermənistanın özündə də ciddi siyasi suallar doğuracaq məsələdir. Güman edirəm ki, Ermənistan tərəfi də bu məsələ ilə bağlı müəyyən dərəcədə tədbirlər görəcək, yəni çalışacaqlar ki, Köçəryana qarşı müəyyən addımlar atsınlar. Köçəryanın Rusiyanın adamı olması, zatən, aydın məsələdir. Bu dəstənin, yəni keçmiş Qarabağ klanı üzvlərinin Rusiya tərəfindən maliyyələşdirilməsi, onların hakimiyyətdə olduğu dövrdə Ermənistanı Rusiyanın forpostuna çevirmələri, digər tərəfdən isə hazırkı situasiyada müxalifətdə olan bu qüvvələrin Rusiyadan dəstək alaraq Paşinyana qarşı hərəkət etmələri bilinən məsələlərdir. Fikrimcə, Ermənistan hakimiyyəti də bu kimi siyasi suallara aydınlıq gətirəcək və buna qarşılıqlı cavab verəcək həmlələr edəcək.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31