İran-Azərbaycan münasibətlərində dönüş?-Ekspertdən Pezeşkianın mesajlarına şərh ÖZƏL
16:47 Siyasət" Pezeşkianın Azərbaycan tərəfinə təşəkkür etməsi və Azərbaycanla bütün sahələrdə əlaqələri genişləndirmək istədiyini bildirməsi, əlbəttə ki, indiki məqamda təqdirə layiq bir haldır. Çünki əsasən son zamanlarda biz İrandan Azərbaycana qarşı müəyyən mərkəzlərin təxribat xarakterli addımlarının, açıqlamalarının şahidi olurduq ki, bu da xoşagəlməz bir hal idi. Ona görə yox ki, biz bunu görmək istəmirik, ona görə ki, bunlar yanlış anlaşılmalara əsaslanırdı".
Bu fikirləri beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı Olaylar.az-a açıqlama verib:
"Azərbaycanın yaxın tarix ərzində, yəni ABŞ və İsrail İranı zərbələrə məruz qoyduğu məqamlarda da, İranda daxili üsyanlar olanda da heç bir halda İrana qarşı hər hansı bir addım atmamışdı. İranın nə daxili, nə də xarici siyasətinə qarışmamışdı. Öz ərazisindən İran üçün xarici qüvvələr tərəfindən zərbə və ya fərqli bir təxribat həyata keçirilməsindən istifadəyə ümumiyyətlə razı olmamışdı. Amma bunun müqabilində biz İrandan, ayrı-ayrı qüvvələrin belə, haqq etmədiyimiz, yəni qəbul edə bilməyəcəyimiz bəyanatlarını gördük ki, bunlar ikitərəfli münasibətlər üçün qıcıqlandırıcı bir hal idi. İndi İran siyasətinə baxaraq bu sualı cavablandırsaq, belə bir cavab ortaya çıxacaq ki, İranda fərqli siyasi qruplar vardır. İslahatçılar var, SEPAH qanadının rəhbərlik etdiyi mühafizəkar siyasətin tərəfdarı olan qruplar var, digər qruplar da var. Amma əsasən biz bu iki qrup üzərində dayanmalıyıq, real siyasət və təsir imkanları baxımından.
İndi Pezeşkian həmin islahatçı qanadı və mülayim siyasət xətti yeridən, çoxşaxəliliyi anlayan, yeni dünyanı görən qanadı təmsil edir. O yaxşı başa düşür ki, Azərbaycan kimi böyüməkdə olan, artıq orta güc kimi formalaşmış bir dövlətlə, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat xətlərində əvəzolunmaz tranzit qovşağı olan bir ölkə ilə münasibətləri korlamaq heç bir halda İranın maraqlarına uyğun deyil, əksinə, ziyandır. Eyni zamanda İran tərəfi, yəni Pezeşkianın təmsil etdiyi həmin qüvvə başa düşür ki, İran nə qədər böyük ölkə olsa da, nə qədər güclü ölkə olsa da, onun Azərbaycana qarşı hərbi addımlar atmaq ehtimalı bir çox rakursdan, nüansdan qeyri-mümkündür. Birincisi ona görə ki, cənubda bizim milyonlarla soydaşımız yaşayır və onlar buna razı olmayacaqlar. Çünki onlar da Şimallı-Cənublu Azərbaycanı öz vətənləri kimi qəbul edirlər.
Həmçinin bizdə, yəni Şimallı-Cənublu Azərbaycanda da cənublu soydaşlarımıza eyni gözlə baxılır. Belə bir təbii milli həmrəylik var. İkincisi də, beynəlxalq baxımdan da bu, qeyri-mümkündür. Çünki Azərbaycan özünə Çin kimi, Türkiyə kimi, Rusiya kimi tərəfdaşlar edinib. Qərbi Avropa dövlətlərinin bir neçəsi ilə biz tərəfdaşlıq etmişik, artıq əlaqələrimiz rəsmi strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Türkiyə kimi bir müttəfiqimiz var. Belə olan halda, əlbəttə ki, biz hansısa Azərbaycana qarşı hərbi təxribatdan danışa bilmərik. İranın buna imkanları əl vermir və verməyəcəkdir. Çünki İran geriləməkdə olan, Azərbaycanda isə daha da öz gücünü artırmaqda olan bir qüvvə kimi hazırdır. Pezeşkian da başa düşür ki, Azərbaycanla dinc münasibətlər qurmaq digər bütün dövlətlər kimi İran özü üçün də maraqlıdır, maraqlarına uyğundur və bu baxımdan da bu münasibətlərin daha da inkişafını istəyir. Və verdiyi mesajlar da, əgər onun sözü İranda dinlənilərsə, mühafizəkar qanad öz radikal siyasətində, radikal addımlarında istifadə olunmazsa, islahatçıların sözü keçərli olarsa, əlbəttə ki, Azərbaycan-İran münasibətlərində yeni səhifənin başlanmasına xidmət edə bilər, problemli məsələlərin həllində bir çözüm yolunun başlanğıcına çevrilə bilər.
O ki qaldı, münasibətlər düzələrsə, bu, Tehran üçün nə vəd edir? Ən başlıcası, Tehran üçün yeni nəfəsliyə çevrilə bilər. Çünki Tehran, yəni İran, böyük sanksiyalar altındadır və onun daxilində olan potensialının beynəlxalq arenaya çıxışına əngəldir.Beləcə, İran həm öz resurslarını təqdim edə bilir, həm də əlavə resurslar qazana bilmir. Amma Azərbaycan ona bir alternativ verə bilər, bir tranzit aça bilər ki, beləcə İran həm dünya bazarlarına inteqrasiya baxımından müəyyən üstünlük əldə etmiş ola bilər və beləcə öz iqtisadiyyatında qarşılaşdığı problemlərin həllində yeni dividendlər əldə etmiş ola bilər. Həm də bu, zamanla ona sanksiya tətbiq edən ölkələrlə əlaqələrin qurulmasında da bir rol modelə çevrilə bilər.
Zaman-zaman münasibətlər qurula bilər, əlaqələr formalaşdırıla bilər, etimad mühiti yaradıla bilər. Və bu etimad mühiti gələcəkdə iqtisadi sanksiyaların tam mənada ləğv edilməsinə deyil, İrana olan ehtiyacın anlaşılması ilə, ən azından Avropanın özünün İran bazarından istədiyi bəzi məhsulların əldə edilməsi baxımından sanksiyaların yumşaldılması ilə nəticələnə bilər.
Eyni zamanda Azərbaycanla tərəfdaşlıq İran üçün həm də regional təhlükəsizlik arxitekturasının qurulması məsələsində bir sıra üstünlüklər təmin edə bilər. Ona görə ki, Azərbaycan İranın düşmən elan etdiyi dövlətlərlə çox yaxşı münasibətlər içərisindədir. Beləcə, Azərbaycan, necə ki, Türkiyə-İsrail məsələsində olduğu kimi, özünün dəstəyini göstərə bilər və tərəflər arasındakı o hərarətin yumşaldılması üçün etibarlı vasitəçi tərəfdaş kimi çıxış edə bilər ki, bu da zamanla siyasi sahədə də etimadın yaradılması və gərginliyin aşağı salınması ilə nəticələnə bilər. Və İranı yeni zərbələrdən xilas etməklə onun həm iqtisadi, həm siyasi, həm də hərbi təhlükəsizlik sahəsində yeni imkanlar aça bilər".
Zeynəb Mustafazadə