İran mövcud duruma uyğun İslamabad memorandumuna dair prosesin davam etməsinə qərar verəcək – Bəqai
18:07 DünyaRəsmi Tehran İran və ABŞ arasında İslamabad anlaşma memorandumu ilə əlaqədar zamanın tələbləri və hazırkı mövcud duruma əsasən işin davam etdirilməsinə qərar verəcək.
Bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.
"Hazırkı durumda ABŞ-nin İran əleyhinə həm sanksiyaları, həm də dəniz blokadası davam edir. Dəfələrlə qeyd olunub ki, bu addım təcavüz məqsədi daşıyır və İran əleyhinə iqtisadi müharibə daha da kəskinləşib. Belə bir şəraitdə İran fikrini ABŞ qarşısında özünü müdafiə etməyə yönəldib.
"Halbuki ABŞ İslamabad anlaşma memorandumunda öhdəlikləri məlumatlı şəkildə qəbul etmiş və üzərinə götürmüşdü. Təbii ki, bu öhdəlikləri yerinə yetirməmək haqda da məlumatlı şəkildə qərar verib. İranın qənaətincə, ABŞ bu öhdəliklərin yerinə yetirilməməsinə görə cavabdeh tərəf olmalıdır", - deyə o bildirib.
Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.