Övladlarımızı media "canavarları"ndan necə qoruyaq?

İnternet əsrində yaşadığımız bu gün sosial media artıq həyatımızın bir parçasıdır. Təkcə böyüklər deyil, uşaqlar da valideynlərinin nəzarəti altında olsalar belə, sosial şəbəkələrdən səmərəli istifadə edirlər. Bu nöqtədə bir çox valideyn üçün sosial mediadan istifadənin uşaqlara necə təsir etdiyi və ya sosial mediadan istifadənin uşağın emosional inkişafına hansı təsirləri olduğu kimi suallar cavabını gözləyən suallar arasındadır.
Günümüzdə xüsusilə uşaq və gənclərin istifadə etdiyi sosial media platformalarından istifadə yaşı günü-gündən azalmağa davam edir. Texnoloji cihazlarla çox vaxt keçirən uşaqlar artıq bu vasitələrə aludə olurlar. Bəs, sosial mediadan istifadə yaşı neçə olmalıdır?
Sosial media, həmçinin məlumat əldə etmək üçün istifadə edildikdə belə uşaqlarımız üçün risklər yarada bilər. Təhlükəsiz internetdən istifadə yalnız valideynlər tərəfindən qoyulan məhdudiyyət və ya qadağalarla həll edilə bilməz. Uşaqlarımızı ciddi qaydalardan, məhdudiyyətlərdən istifadə etməklə və ya onu özbaşına buraxmaqla sosial medianın risklərindən qorumaq mümkün görünmür.
Snapchat, Facebook, Instagram, YouTube, TikTok kimi həyatımızda olan bir çox sosial media proqramlarında və qarşıdakı illərdə əlavə olunacaq bir çoxlarında müsbət məzmunla yanaşı mənfi məzmunun olması valideynlərin məsuliyyətini artırır. Uşaqlarımızın tez-tez istifadə etdiyi bu proqramlarda ekrana baxmağa sərf olunan vaxt artdıqca davranış və ya psixoloji inkişaflarında mənfi təsirlər meydana gələ bilir.
Sosial mediadan istifadə hər keçən gün daha da artmağa davam edir. Xüsusən də bu gün media azyaşlı uşaqlara daha çox əlçatan olmuşdur. Əslində sosial mediadan istifadəyə bir yaş müəyyən edilsə də, bir çox uşaq, yeniyetmə, gənc onu asanlıqla əldə edə bilir.
Ölkəmizdə sosial mediada, xüsusilə də "Tiktok" platformasında bəzi insanların öz şəxsi hesablarında canlı yayınlar açaraq söyüş və təhqiramiz ifadələrdən istifadə etdiyinin şahidi olurduq. Hər nə qədər artıq bu sahədə Azərbaycan polisi tərəfindən tədbirlər görülməyə başlansa, həmin şəxslər məsuliyyətə cəlb olunsa da, bir zamanlar bu şəxslərin video və yayınları minlərlə insanlar tərəfindən izlənilirdi. Təəssüflər olsun ki, bu izləyicilərin əksəriyyəti də elə valideyn nəzarətindən yayınmış azyaşlı uşaqlar və yeniyetmələr idi.
Texnologiyanın sürətli inkişaf mərhələsindən doğulan yeni nəsil ilə texnoloji cihazlar arasındakı əlaqəni azaltmaq olduqca çətindir. Ancaq müəyyən yetkinlik yaşına çatmamış sosial mediadan istifadəyə icazə vermək uşaqlar üçün psixoloji cəhətdən zərərli ola bilir.
Uşaqların həyatında onlar üçün təsirli olan bir çox məşhur sosial media proqramları (Facebook, Instagram, Snapchat, Youtube, Tik Tok və s.) var və çox güman ki, yaxın illərdə bu populyar tətbiqlərə yeni tətbiqlər əlavə də olunacaq.
Uşaqların və gənclərin sosial media tətbiqlərindən intensiv istifadə etməsi onlara mənfi təsir göstərir. Sosial mediadan həddindən artıq istifadə nəticəsində ekrana baxmağa sərf olunan vaxt uşaqların psixoloji, fiziki və sosial inkişafına mənfi təsir göstərir.
TikTok və digər sosial media platformalarının valideyn öhdəlikləri ilə bağlı bir çox xüsusiyyətə malik olduğunu, lakin əksər valideynlərin bu xüsusiyyətlərdən xəbərsiz olduğunu bildirən psixoloq Günay İskəndərli, uşaqlarını bu mühitdə daha təhlükəsiz saxlamaq üçün ailələrin ilk növbədə valideyn öhdəliklərindən xəbərdar olması lazım olduğunu vurğulayır:
"İndiki uşaqlarla ənənəvi dövrdəki uşaqlar arasında mühüm fərqlər var. Ənənəvi dövrdə uşaqlar vaxtlarının çoxunu küçədə, həyətdə həmyaşıdları ilə oynayaraq, təkbətək ünsiyyətdə keçirirdilər. Amma texnologiyanın inkişafı ilə uşaqların sosial media, televiziya və digər media sistemlərində keçirdikləri vaxt əhəmiyyətli dərəcədə artmışdır.
Son zamanlar valideynlər davamlı olaraq mobil telefon kimi rəqəmsal cihazlardan istifadə edirlər və bu, uşaqların da mediaya çıxışını asanlaşdırır. Bundan əlavə, televiziya, telefon və planşet kimi media alətləri valideynlər tərəfindən bəzən uşaqları əyləndirmək üçün, bəzən isə onları sakitləşdirmək üçün yeganə alternativ kimi istifadə olunur. Bu gün bu nöqtədə rəqəmsal mediadan istifadə nisbətlərinin artması bir çox fərdlərin ehtiyaclarını qarşılamaqdan kənara çıxmış, idarəolunmaz səviyyəyə çatmış və asılılıq problemini gündəmə gətirmişdir.
Adətən bu kimi halların qarşısının alınması üçün sosial mediada yaş həddinin qoyulması təklif olunur. Lakin onsuz da sosial media platformalarında profil yaratmaq üçün 13 yaş məhdudiyyəti olsa da, valideynlərinin məlumatlarından istifadə edərək və ya yalan məlumatlarla hesab yaradan uşaqlar az deyil.
Uşaqların mücərrəd düşünmə bacarıqları 12 yaşa qədər inkişaf etmədiyi üçün izlədikləri məzmunun reallığı ilə bağlı düzgün nəticə çıxara bilmirlər. Baxdıqlarının həqiqətən olub-olmadığını ayırd edə bilmədiklərindən, sosial mediada məruz qaldıqları modellərdən daha çox emosional keçirici olurlar və təsirlənirlər. Uşaqlar bütün məzmunu qəbullanmaq qabiliyyətinə malikdirlər. Buna görə də, əslində hər yaş qrupu üçün ayrı-ayrı qiymətləndirmələrin aparılması lazımdır. Həm qanunla müəyyən edilmiş qaydalara görə, həm də uşağın emosional, fiziki və cinsi inkişafı səbəbiylə 13 yaşından kiçiklərin sosial media istifadəsinə icazə verilməməsi daha məqsədəuyğundur.
Çünki  sosial media və TikTok kimi platformalarda 13 yaşından kiçik uşaqların  və bu sahələrdə limitsiz və uyğun olmayan videoların olması uşağı real həyata bənzər laqeydlik və mənfi davranışlara məruz qoyur. Elə indiki həyatda uşağın böyük olmadan xarici aləmdə özünü təhlükəsiz, güvəndə saxlaması mümkün olmadığı kimi, uşağın tək sosial media platformasında olması da onu kiberzorakılıq, şəxsi həyatına təhlükə kimi mənfi hallarla qarşı-qarşıya qoyur.
Cəmiyyətdə bir az daha üstün olan, daha təhsilli və ya bir qədər yüksək sosial-iqtisadi statusa malik olan uşaqlar əslində bu risklərdən daha çox qorunurlar. Bu da təbii ki, həm ailənin uşağa verdiyi tərbiyə, həm də valideynlik yanaşması ilə gəlir. Yəni, bayaq da qeyd etdiyim kimi, əslində valideynlər öz üzərlərinə bəzi öhdəlikləri heç də yaxşı bilmirlər.
Sosial media platformalarında uşaqların ekran vaxtının məhdudlaşdırılmasından tutmuş, onun məxfiliyinin qorunmasına qədər bir çox parametrlər var. Həmçinin uşağa hansı məzmunun göstərilməli və hansı məzmunun göstərilməməsinin lazım olduğunu tənzimləmək də mümkündür. Ancaq bunlar uşağa məcbur edilməli bir şey kimi qəbul edilməməlidir. Yəni uşaqla danışaraq, onunla yaxınlıq edərək, bunun risklərini ona izah etməklə edilməlidir. Uşaqlara hər zaman hansı risklərin olması barədə danışılmalıdır desək də, eyni zamanda, bununla yanaşı onları çox da sərbəst buraxmaq olmaz.
Müasir sosial mediada uşaqlara heç də yaxşı nümunə ola olmayanşəxlərlə tez-tez rastlaşırıq ki, bu şəxslər nəinki uşaqlara, heç bəzən böyüklərə belə yaxşı təsir bağışlamırlar. Ona görə də, bu məqamda valideynlərin üzərinə mühüm vəzifələr düşür.
Mənfi emosional təsir də göstərə bilən sosial media tətbiqləri yanlış istifadə nəticəsində depressiyaya səbəb olan amillərdən birinə çevrilə bilər. Uşaqlarda, yemək pozğunluğu, diqqətin yayınması və ya yuxusuzluq kimi təsirlərlə baş verə bilər. Cinsi məzmun və ya aqressiya, sizin də qeyd etdiyiniz kimi söyüş, təhqiramiz ifadələr olan videolar da uşaqlarda travmaya səbəb ola bilər. Uşağınızın şəxsiyyətinin inkişafına mənfi təsir göstərə biləcək sosial media tətbiqləri gələcəkdə ünsiyyət və empatiyada çətinlik yarada biləcəyi üçün yaxından izlənilməsi lazım olan məsələlər arasındadır.
Uşağın inkişafında valideynlərin uşaqlarına yanaşma tərzi onların gələcək həyatlarının əsasını təşkil edir. Fərqli xüsusiyyətlərə malik olan valideynlik tərzləri sizin uşaq böyütməkdə hansı rol oynadığınızın ən böyük göstəricisidir. Avtoritar valideynlik tərzini mənimsəməklə, ciddi qaydalarla uşaqlarımızı sosial mediadan uzaq tutmaqla və cəzalandırıcı münasibətlə onları qorumaqdan daha çox zərər verə bilərik.
Uşağın inkişafında mühüm anlayış olan pozitiv valideynlik, uşaqlara sevgi və hörmətlə onlardan nə gözlənildiyini izah etmək deməkdir. Övladımıza sevgi və qarşılıqlı hörmət, onun şəxsiyyətinə xələl gətirməyən münasibət sərgilədikdə daha uğurlu nəticələr əldə etmək mümkündür. Sosial medianın zərərlərini izah etsək və onun nəticələrinin onların şəxsi inkişafına mənfi təsir göstərə biləcəyini hörmətlə vurğulasaq, uşaqlarımız daha şüurlu sosial media istifadəçisi ola bilərlər".

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31