Dərsliklərdə səhvlərə yol verilərsə... MÜƏLLİM YAZIR

Azərbaycan təhsilində  dərsliklər bilikləri mənimsəmək, bacarıqlara yiyələnmək yolunda bir kompas rolunu oynayır. Şagirdlərin təhsil həyatında böyük rol oynayan, elm sahələri üzrə beyinlərində ilk izlər buraxan məhz dərsliklərdir. Uşaq yaşlarında ilk oxunan sözlər, cümlələr, mətnlər, aldıqları elmi məlumatlar onların yaddaşında möhkəm həkk olunur. Məşhur deyim var: "Uşaqlıqda öyrənilmiş bilik daşa yazılmış yazı kimidir" - bu baxımından  mütəxəssizlərimiz əlimizdəki dərsliklərin zərgər dəqiqliyi ilə hazırlanmasına xüsusi diqqət yetirməlidirlər.
Təəssüflər olsun ki, bəzi mütəxəssislər dərsliklər hazırlanarkən elmi-nəzəri məsələlərə laqeydliklə yanaşır, ciddi səhvlərə yol verib bundan narahat olmurlar. 8-ci sinif Azərbaycan dili dərsliyində abzas haqqındakı məlumata baxaq: 
" • Abzas kiçikhəcmli və ya iri mətnlərin bir hissəsidir.
   • Abzası daha bitkin mənalı hissələrə ayırmaq olmur.
   • Abzası əmələ gətirən cümlələr bir-biri ilə əlaqələnir.
   • Hər bir abzasda hər hansı bir məsələ, anlayış, hadisə şərh olunur.
   • Abzas bir və ya bir neçə cümlədən ibarət olur.
   • Abzas giriş, əsas (inkişaf) və nəticə hissədən ibarətdir". (Azərbaycan dili 8-ci sinif 2019, səh.11)
Birincisi, nəzəri mətndə abzasa düzgün tərif verilməmişdir. Abzasın mətnin necə bir hissəsi olduğu aydınlaşmamışdır. Cümlələrin bir-biri ilə necə əlaqələndiyi izah edilməmişdir. İkinci cümlə ilə beşinci cümlə ziddiyyyət təşkil edir: əvvəl qeyd edilir ki, abzas hissələrə ayrılmır, aşağıda isə abzasın "hissələri haqqında" danışılır. Dördüncü cümlə də məsələyə səthi və yarımçıq yanaşmanı əks etdirir, halbuki abzasda yalnız şərh verilmir, yazı tiplərinə görə abzaslar da nəqli, təsviri, informativ və mühakimə xarakterli olur.
İndi gəl dərslikdəki bu qayda ilə şagirdi tanış et və onda abzas haqqında düzgün təsəvvür yarat, görüm bacararsanmı?
Dərslikdə verilmiş nümunə nəzəri izahdan da qəlizdir və anlaşılmazdır. Çünki verilmiş nümunə XX əsrin əvvəllərinə aid olan təhkiyə və tərtibata aiddir. Məlumdur ki, o dövrdə hələ Azərbaycan ədəbi dili təzə-təzə formalaşırdı. Gətirilən nümunə Azərbaycan filologiyasının və mətnşünaslığının tarixindən öncəki dövrün nümunəsidir. Müasir dörvrdə mətn tərtibi, strukturu məsələlərinə nümunə olaraq müasir bir mətndən bir abzas seçmək o qədər qəzlizdirmi ki, bu da müəlliflərin ağlına gəlməyib? 
Nümunəyə baxaq: "Nurəddinin sənəti əkinçilik idi və mal-qaradan ancaq bir atı vardı. Nağıl olunan zaman bahar və yay quraqlıq keçməyə görə o vilayətdə taxıl susuzluqdan yanıb tələf oldu. Çox çəkmədi ki, ətrafda aclıq başlandı. Payızın əvvəlindən Nurəddin arabasını qoşub şəhərə getdi. Orada qazandığı pulu dörd gündən, beş gündən bir evinə göndərirdi. Külfəti də onunla güzəran edirdi. (S.S.Axundov, "Əhməd və Məleykə"dən"). 
                                                            (Azərbaycan dili, 8-ci sinif,  2019, səh.11)
İndi də izaha baxaq: 
Başlanğıc → Hər hansı bir hadisə haqqında ümumi məlumat verilir. → Nurəddinin kasıblığı və sənətinin əkinçilik olması barədə məlumat verilir.
İnkişaf → Hər hansı bir hadisə şərh edilir. → Yaz və yayda havaların quraqlıq keçməsi, taxılın məhv olması və kənd camaatının vəziyyətinin ağırlaşması, Nurəddinin ailəsini təmin etmək üçün şəhərə iş dalınca getməsi haqqında məlumat verilir.
Nəticə → Fikir ümumiləşdirilir və yekunlaşdırılır. → Nurəddin qismən də olsa, ailəsinin gündəlik ruzisini təmin edir". (Azərbaycan dili, 8-ci sinif, 2019, səh.11)
Yuxarıdakı metodik tövsiyədən yola çıxıb abzası izah etmək mümkünsüz görünür. Çünki tərifdə və izahda mücərrədlik vardır. Nəzəri məlumatlar qarışıq və ziddiyyətlidir, nümunənin izahı isə tam aydın deyildir. Nümunə-abzasın birinci cümləsi onun tematik cümləsi kimi götürülə bilməz, çünki situasiya ikinci cümlədən təsvir edilir. Yeri gəlmişkən, bu nümunədə şərh yoxdur, situasiyanın təsviri vardır. (Qeyd etdiyimiz kimi, XX sərin əvvəllərində hələ nəsr, ədəbi dil təzə-təzə formalaşırdı, bu birinci; ikincisi isə, tərtibatda yol verilmş bu xətanın əsərin hansı nəşrindən etibarən yol verildiyini aydınlaşdırmaq üçün onu ilk nəşr variantından etibarən araşdırmaq lazımdır). 
Ümumiyyətlə, bədii əsərdən abzası nümunə götürərək abzas haqqında elmi-nəzəri izah vermək, məncə, metodik cəhətdən uyğun sayılmaz. Çünki bədii nəsrin abzası ilə informativ, izahedici, arqumentiv mətnlərdə abzasın strukturu fərqlənir. Dərslikdə bədii nümunə verilib arqmentativ mətnin abzasının strukturu izah edilir. Abzas mövzusunun izahı ayrı-ayrı yazı tiplərinə görə verilərsə, daha doğru olar.
 Abzas haqqında daha dəqiq məlumat əldə etmək üçün aşağıdakı nümunəni daha məqsədəuyğun hesab edirəm.
"Abzas bir əsas fikri ifadə edən cümlələr qrupu və ya bütöv fikri ifadə edən bir cümlədir. Mətndə bir hissənin abzas olmasını cümlələrin sayı və quruluşu müəyyənləşdirmir. Məsələn, bəzi yazı üslublarında, xüsusilə publisistik üslubda abzas bir cümlədən də ibarət ola bilər. Biz o cümləni "aparıcı fikir" və yaxud "tezis" adlandıracağıq, çünki abzasın digər cümlələri həmin fikir ətrafında birləşir." (Könül Nəhmətova "Yazı işinin təşkli metodikası")
Əgər dərsliklərin də dili ən azı bu dəqiqliklə yazılsa (Mən, sadəcə, müəllifin abzasa necə tərif verdiyini nümunə olaraq göstərdim, - T.T.), bizim kimi müəllimlərin işi də rahat olar. Lakin dərsliklərdə səhvlərə yol verilərsə, müəllimlər çətinlik çəkəcək, şagirdlər yanlış öyrənəcəklər. 
 
Tağı Tağıyev,

Azərbaycan dili və ədəbiyyat müəllimi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31