Gecikən nəsillər
24 May 2024 17:57 SosialGənc xanımların əksəriyyəti nəyə görə ana olmaq istəmir? Onları bu öhdəlikdən yayındıran səbəblər hansılardır? Məsələ ilə bağlı ekspertlərin rəylərini aldıq.
Psixoloq Aygün Cəfərova:

-Burada bir çox faktor rol oynaya bilər. Hamıya eyni fikri aid edə bilmərik. Bəli, ümumi qərar verə bilərik ki, son zamanlar gənc xanımlarımız ana olmaq istəmir. Amma hər kəsin özünəməxsus mütləq ki, fərqli səbəbləri var. Ümumi duruma nəzər salsaq, artıq gənclərimizdə ailə məsuliyyətini götürmək istəyi çox aşağı səviyyədədir. Formalaşmaqda olan gənclərin əksəriyyətində məsuliyyət hissi qismən aşağıdır. İkinci bir səbəb gördükləri ana modeli ola bilər. Artıq fərqindəlik artdığından gənclərimiz sırf başqaları ailə qurub deyə mən də ailə qurum düşüncəsinə qapılmırlar. Onu tam dərk edərək qərar verirlər: bəli, ana olmaq yaxşıdır. Amma onun məsuliyyətini götürə, bu vəzifəni düzgün yerinə yetirə biləcəmmi sualları da çoxluq təşkil edir".
Sosioloq Lalə Mehralı:
.jpg)
-Bunun tək bir səbəbə bağlı olduğunu deyə bilmərik. Çünki artımla bağlı ciddi problemlrə var və bu çoxşaxəli problemdir. Hər kəsimin özünə görə əsaslandırdığı fikirləri var. Qadınlar var ki, təhsilinə diqqət ayırdığı üçün ana olmaq istəmir və bu prosesi gecikdirir. Bir digəri maddi problemlər səbəbindən istəmir. Eləsi var ki, şəxsi ev istəyir və ailə böyükləri ilə bir yerdə yaşadığı üçün uşaq məsələsini ikinci plana atır. Nə qədər ailə varsa, o qədər səbəb var. Bu məsələ nə qədər geciksə, bir o qədər problemli nəsil yetişir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən bioloji uyğun yaş müəyyəndir və qadınların həmin yaşda ana olmağı daha sağlam nəsil dünyaya gətirməkləri deməkdir. 30 yaşından sonra ilk dəfə ana olan qadınların təbii ki, həm özünün səhhətində, həm də dünyaya gətirdiyi uşağınmüəyyən problemlər meydana çıxacaq. Ona görə məncə gecikdirməməkləri daha yaxşıdır. Demirəm ki, problemin içində dünyaya gətirsinlər və ya təhsillərini ikinci plana atsınlar. Əksinə, övladın daha rahat bir şəraitdə dünyaya gəlməsi daha xoşbəxt ailədə böyüməsi deməkdir. Lakin yenə də deyirəm övladı ikinci plana atıb, karyeranı, təhsili öndə tutmaq demoqrafik artıma da ciddi təsir göstərir. Zənnimcə uşaqpulu məsələsi burada yenə gündəmə gəlir. Çünki maddi təminatı olmayan ailələr övlad sahibi olmağa çəkinirlər. Qızlar həyat yoldaşlarına dəstək vermək üçün özlərini işləmək məcburiyyətində hiss edirlər. Uşaq dünyaya gəldikdə də təbii ki, işləmək məsələsi müəəyəm müddətə qədər təxirə salınmalı olur.
Sosioloq Üzeyir Şəfiyev:
.jpg)
-Xatırlayırsınızsa, sözügedən məsələ ilə bağlı yaxın tarixdə Milli Məclisin üzvü Sabir Rüstəmxanlı da bu məsələyə münasibət bildirmişdi ki, indiki Azərbaycan qızları ana olmaq istəmirlər. Bu nə ilə bağlıdır?
Belə hesab edirəm ki, biz, müstəqillik qazandıqdan sonra qlobal dünyaya inteqrasiya olunduq. Bu qlobal dünyaya inteqrasiya olunmaq təkcə fiziki sərhədləri deyil, mənəvi sərhədləri də aradan götürdü. İnsanlar artıq başqa ölkələrə gedirlər, gəlirlər. Müxtəlif cəmiyyətlərlə əlaqə saxlayır, fərqli ölkələrdə olurlar. O həyat tərzləri, seriallar, filmlər, informasiya vasitələri insanların dünya görüşünə təsir. Bir vaxtlar Azərbaycanda çoxuşaqlı ailə trendi vardı. Qızlar daha çox ana olmağa hazırlaşırdı. Həm ailələrdə, həm təhsil ocaqlarında bu istiqamətdə təşviq olunurdu. Ancaq indi biz baxırıq ki, qızlarda daha çox təhsil almaq, karyera qurmaq, işə, mənzilə sahiblənmək düşüncələri daha çox üstünlük təşkil edir. Təkcə Azərbaycanda deyil, qlobal miqyasda gənclərdə evlənməyə qarşı maraq azalıb. Hətta bir sıra ölkələr-Asiya ölkələri, Yaponiya, Çinə baxsaq görərik ki, gənlər arasında "subaylıq" sendromu var. Gənclər evlənmək, ailə qurmaq istəmir. Onlar daha çox virtual həyat yaşayır və real həyatdan kənara çəkilirlər. Həyatlarını sosial şəbəkələr üzərindən realizə edirlər. Bu, Yaponiya və Çində daha çox yayılmış sendromdur. Deməzdim ki, Azərbaycanda bu sendrom var. Amma Azərbaycanda da görürük ki, 20-30 il öncəki Azərbaycan qızları daha çox ailə qurmağa maraqlı idilər. Artıq həyat tərzləri dəyişir. Sanki həyatdan həzz almaq istəyirlər. Ailə çətinlikləri, məsuliyyəti onları qorxudur. İnsanlar öz həyatlarını yaşamaq istəyirlər. Ailə qurduqdan sonra xırda bir ailə böhranı, çətinliyi nəticəsində boşanmaya üz tuturlar. Tək həyat yaşamağa meyl edirlər. Belə bir tendensiya da var ki, 1-2 uşağa sahiblənəndən sonra ailəyə son qoyur, boşanırlar. Ailə məsuliyyəti, dəyərləri son vaxtlar gəncləri maraqlandırmır. İnsanlar öz şəxsi, eqoist maraqlarını düşünürlər, nəinki ailə fəlsəfəsi. Ailə birgə həyatdır. İki gəncin ailə qurması və eyni məsuliyyəti paylaşmasıdır. Kapitalizm cəmiyyətində, azad münasibətlər şəraitində cəmiyyətdə tənhalaşma, təkləşmə üstünlük təşkil edir. Həm sovet, həm sovetəqədərki Azərbaycanı götürsək, ailə qurmaq həmin dövrdəki qədər trend deyil. Əvvəl gənclər ailə qurmaq üçün yarış halındaydılar. İndi müasir gənclik başqa dəyərlərlə yaşayır. Cəmiyyətin onların üzərinə qoyduğu ailə qurmaq kimi öhdəliyi qəbullanmaq istəmirlər. Gənclərə, uşaqlara ailə dəyərlərini ailədə təlqin etmək, orta, ali məktəblərdə ailə dərsləri keçmək lazımdır ki, ailə dəyərləri gənclərə ötürülsün. Qızlara ana, valideyn misiyyası, oğlanlar ata, valideyn missiyası, ailə dəyərləri aşılansın. Bu, çox yaxşı olar. Şüphəsiz ki, gənclərin əvvəlki gənclərdən fərqli olaraq təhsil meylliyi yaxşı şeydir. Çünki bunsuz ailə möhkəm, dayanıqlı olmur. Həmçinin ailənin müqəddəs bir institut olması, milli genefon, təhlükəsizlik məsələsi gənclər tərəfindən başa düşülməlidir. Bu sosial varisliyi təmin etməli olduqlarını bilməlidirlər. Təbii artım azaldıqca, mexaniki artım çoxalır. Yəni miqrantlar hesabına əhalinin milli tərkibi dəyişə, əmək bazarında problemlər yaşana bilər. Gənclər televiziyada efirləri zəbt edən boşanmış, tənha qadınlar görürlər. Onlara daha cəlb edici gəlir və qərar verirlər ki, mən də belə yaşayacam. Əfsuslar olsun ki, bəzi qızlarımız həmin xanımları özlərinə ideal kimi seçirlər. Bu baxımdan həssas olmalıyıq. Azərbaycan ailsəinin məzmun və strukturunda dəyişmələr dərinləşir, boşanmaların sayı artır. Bununla bağlı profilaktik tədbirlər görülməli, gənc ailələrə sosial dəstək layihələri olmalıdır.
Zeynəb Rzayeva