"Qonşunun uşağından nəyin əskikdir?"
3 May 2024 15:21 Sosial"Boğazımdan kəsib səni hazırlıqlara göndərdim", "2 ildir nə oxuyursan bəs?", "filankəsin balası gördün neçə bal yığıb?", "o balı toplamasan, gözümə görünmə"...
Yəqin ki, hardansa tanış cümlələrdir. Mütləq ki, eşitmisiniz. Eşitməməyiniz imkansız olar. "Xalxın uşağı" heç kəsin cismən görmədiyi, savad, fərasət və digər məsələlərdə həmişə bizlərdən daha öndə olan, əksərən analarımızın yaratdığı xəyali bir obrazdır desək, yanılmarıq. Yaratdığı travma və əskiklik hissi təəssüf ki, həyatımızda silinməz izlər buraxır. Hətta bəzən həyatı da silib özü ilə aparır.
Psixoloq Aygün Cəfərova qəbul imtahanlarından az bal toplayan şagirdlərin intihar halları ilə bağlı aşağıdakıları bildirdi:
-Qəbul imtahanlarında toplanan nəticə deyərdim ki, cəmiyyətimizin ən böyük problemlərindən biridir. Hər hansı bir yeniyetmə, hər hansı bir abituriyent sadəcə olaraq "mən az topladım gedim intihar edim" düşüncəsinə birdən birə və asanlıqla gəlmir. Axı burada ailənin cəmiyyətin rolu böyükdür.
Uşaqlar o qədər psixoloji təzyiq altında qalırlar ki, həqiqətən çox yüklənirlər. "Sən mütləq universitetə girməlisən. Girməsən, gözümə görünmə" olmazsa olmazımızdır. Universitetə girmək bizim cəmiyyətdə insanlar, ailələr, valideynlər üçün həyati bir məsələ olub artıq. Yəni nə edirsən et sən universitetə girməlisən ki, ay oğlum, ay qızım, mən cəmiyyət, dostlarım, rəfiqələrim içində fəxrlə deyim ki, hə mənim oğlum, qızım universitetə girdi. Əgər olmasa burda mənim artıq öz natamamlıq duyğularım tətiklənəcək. Və mən o situasiyada necə özümdən razı ola bilərəm? Sanki uşağı lazımsız səviyyədə yükləməklə öz natamamlıqlarını toparlayırlar. Bunu da sakit formada demirlər, uşaqları hədsiz dərəcədə yükləyirlər. Onsuzda onlar üçün həyəcanlı bir yol, keçiddir. Burda dəstək olmaq əvəzinə uşaqları həddən artıq çox yükləyirlər. Bəlkə də bu yükləmə olmasa, uşaqlar daha uğurlu, daha yaxşı nəticə toplayarlar. Həqiqətən də belədir. Uşaqların bu təşvişdə saxlamaqla, bu yanaşmalarla nəticə ilə canlandırır. Məsələyə hardan başlayım, bilmirəm. Həqiqətən mənim üçün çətindir. Çünki kökündə yatan o qədər əsaslar var. Kökündə yatan o qədər səbəblər var ki. Valideynlər əlbəttə, övladlarının yaxşı nəticə toplamağını istəyə bilərlər. Amma sadəcə yüksək bal toplasın deyə hər zaman onu yükləməsinlər. Sadəcə olaraq övladlarına birinci, bir insan olaraq xoşbəxt olmağı öyrətsinlər, məsuliyyət duyğusunu yükləsinlər. Bunu 11-ci sinifdə yox, bir yaşından, iki yaşından, üç yaşından etsinlər. Hər yaşa uyğun məsuliyyətlər var və vaxtında uşaqlara məsuliyyət duyğusu yüklənərsə, düzgün psixoloji immunitetə malik olarlarsa, onlar istənilən nəticəni əldə edə bilərlər. Nəinki universitet, həyat yolu o qədər uzundur ki, universitetə verilən imtahanlardır filan, hamısı sadəcə olaraq bir period, keçiddir. Uşaqların qarşıda bunun kimi en qədər imtahanları, keçidləri, nəaliyyətləri olacaq. Əgər ki, valideynlər vaxtında düzgün yanaşılarsa, nəaliyyətlər olacaq. Yoxsa axırıncı dəqiqədə təlaşa düşürlər, öz təlaşlarını öz gərginliklərini uşaqlara həm ruhsal, həm zehni yüklənirlər və nəticə etibarilə hər uşağın da verə biləcəyi bir nəticə var. Həddən artıq, bacarığından artıq çox yüklənmə gətirib bu nəticəyə çıxardır. Uşaq da istədiyi o gözləntini doğrulda bilməyəndə qorxudan təşvişdə nə qərar verəcəyini, necə edəcəyini bilmir. Çox təəssüf ki, belə addımlar atırlar.
Zeynəb Rzayeva