Tranzit gəlirindən böyük iqtisadiyyata: Azərbaycan Orta Dəhliz üzərində necə ekosistem qurmalıdır? – ÖZƏL
17:26 Siyasət"Şanxay Əməkdaşlıq Təşkilatının Azərbaycan üçün əhəmiyyəti son illərdə artır. Çin, Rusiya, Hindistan, İran və Mərkəzi Asiya ölkələrini birləşdirən bu platforma Azərbaycanın xarici siyasəti ilə yanaşı, iqtisadi əlaqələrinin genişləndirilməsi baxımından da ciddi imkanlar yaradır".
Bu sözləri iqtisadçı ekspert Asif İbrahimov Olaylar.az-a açıqlamasında deyib. Ekspertin sözlərinə görə, böyük təşkilatda iştirak etmək hələ böyük iqtisadi qazanc demək deyil. Azərbaycan ŞƏT məkanında öz coğrafi mövqeyini real iqtisadi üstünlüyə çevirməlidir. Bu gün ölkənin ən böyük strateji üstünlüklərindən biri Çinlə Avropanı birləşdirən Orta Dəhlizin əsas marşrutlarından birinin üzərində yerləşməsidir. Xəzər, Bakı Limanı, dəmir yolları və digər nəqliyyat infrastrukturu Azərbaycanı Avrasiya ticarətinin mühüm bağlantı nöqtəsinə çevirir.Lakin əsas sual budur ki, biz bu tranzit imkanından nə qədər əlavə dəyər yaradırıq? Çin məhsulunun Azərbaycandan keçərək Avropaya çatması yalnız tranzit gəliri yaratmamalıdır. Azərbaycan həmin yükün daşınması ilə yanaşı, logistika, sığorta, anbar, qablaşdırma, maliyyələşdirmə, emal və distribusiya xidmətlərindən də gəlir əldə etməlidir. Əks halda Azərbaycan sadəcə yükün keçdiyi ərazi olaraq qalacaq. Əsl məqsəd isə tranzit ölkəsi olmaq deyil, tranzit üzərində iqtisadi ekosistem qurmaqdır. Yəni yük Azərbaycandan keçməli, amma onun yaratdığı iqtisadi dəyərin əhəmiyyətli hissəsi ölkə daxilində formalaşmalıdır. ŞƏT çərçivəsində Çin investisiyalarının cəlb edilməsi də xüsusi əhəmiyyət daşıyır. Lakin burada da prioritet yalnız iri infrastruktur layihələri olmamalıdır. Azərbaycan Çin kapitalını elektronika, avtomobil sənayesi, enerji avadanlıqları, rəqəmsal texnologiyalar, kənd təsərrüfatı, yaşıl enerji və digər yüksək əlavə dəyər yaradan sahələrə yönəltməlidir. Mərkəzi Asiya ölkələri də Azərbaycan üçün böyük bazar və tərəfdaşlıq imkanları yaradır. Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanın Avropa bazarlarına çıxışında Azərbaycan mühüm rol oynaya bilər. Bununla yanaşı, Azərbaycan həmin ölkələrdən gələn məhsullar üçün yalnız tranzit xətti deyil, logistika, emal və yenidən ixrac mərkəzinə çevrilməlidir. Hindistan-İran-Azərbaycan-Rusiya istiqamətində Şimal-Cənub dəhlizinin inkişafı da Azərbaycanın iqtisadi əhəmiyyətini artırır. Beləliklə, ölkə həm Şərq-Qərb, həm də Şimal-Cənub ticarət axınlarının kəsişdiyi regional logistika mərkəzinə çevrilə bilər. Amma bunun üçün iqtisadi siyasətdə yanaşma dəyişməlidir. Biz məsələyə "tranzitdən nə qədər pul qazanacağıq?" kimi yox, "tranzit üzərində nə qədər əlavə dəyər yaradacağıq?" kimi yanaşmalıyıq. Bunun üçün rəqabətqabiliyyətli məhsul, ucuz logistika, sürətli gömrük, ixrac maliyyələşməsi, sığorta və beynəlxalq standartlara uyğun istehsal lazımdır.
"ŞƏT Azərbaycanın qarşısında böyük bazarlar açır, amma bu bazarlara çıxış avtomatik baş verməyəcək. Azərbaycan sahibkarının Çin, Hindistan, Rusiya və Mərkəzi Asiya bazarlarında rəqabət aparması üçün dövlət tərəfindən ixrac infrastrukturu, bazar araşdırması, sertifikatlaşdırma, maliyyələşmə və logistika mexanizmləri gücləndirilməlidir. Azərbaycanın ŞƏT siyasətinin əsas hədəfi təşkilatda formal statusun yüksəldilməsi deyil, konkret iqtisadi nəticələrin əldə olunması olmalıdır. Daha çox investisiya, daha çox qeyri-neft ixracı, daha çox istehsal, daha çox logistika xidməti və daha çox əlavə dəyər. ŞƏT Azərbaycan üçün böyük imkan yaradır. Amma bu imkanın iqtisadi üstünlüyə çevrilməsi dövlətin, biznesin və logistika sektorunun vahid strategiya ilə hərəkət etməsindən asılıdır. Azərbaycan sadəcə Şərqlə Qərb arasında yerləşən ölkə kimi yox, Şərqlə Qərb arasında yaradılan iqtisadi dəyərin mühüm hissəsini öz daxilində formalaşdıran ölkə kimi çıxış etməlidir", - deyə ekspert əlavə edib.
Səidə Ramazanova