Cinayət hadisələrindəki artım-İnsanlara nə olub?

Son illərdə Azərbaycan da daxil olmaqla, dünya ölkələrində cinayət hadisələrində artım müşahidə olunur. Təəssüf ki, əksər hallarda bu, ailədaxili cinayət olur və biz gəncləri cinayətkar rolunda görürük. Əslində hər dönəmdə cinayət törədilib. Amma bu məsələ indiki dövrdə daha çox aktuallaşıb və cəmiyyət tərəfindən reaksiya toplayır. Bu aktuallaşmanın başlıca səbəblərindən biri internet aləmidir. Artıq insanların demək olar ki, hər məlumata əlçatanlığı var. Əvvəllər bir kənddə olan cinayətdən o kəndin sakinləri xəbər tuturdusa, indi bütün ölkə dəqiqələr içində xəbərdar olur. Bu hadisələri izləyərkən düşünürük: "İnsanlara nə olub? Niyə tez-tez cinayət xəbərləri eşidirik?"

Sosioloq Üzeyir Şəfiyev Azərbaycandakı cinayət hadisələrinin sayında artım dinamikasının müşahidə olunduğunu təsdiqləyir:

"Bəli, biz statistikaya nəzər yetirsək, görərik ki, Azərbaycanda cinayət hadisələrinin sayında əvvəlki illərə nisbətən artım dinamikası müşahidə olunur. Bunun obyektiv səbəbləri də var. Çünki ölkədə əhalinin sayı artır. Əvvəlki illərə nisbətən əhalinin sayında artım olduğuna görə, şübhəsiz ki, cinayət hadisələrinin dinamikasında nisbi artım müşahidə oluna bilər. Ümumiyyətlə,  cinayət hadisələrini  təhlil edəndə görürük ki, burada bir çox məsələlər var ki, onun qiymətləndirilməsinə, təhlilinə ehtiyac var. Belə ki,   müəyyənləşdirməliyik ki, bütövlükdə cəmiyyətimizin cinayət mənzərəsi hansı durumda, hansı vəziyyətdədir. Yəni cinayət hadisələri bir növ cəmiyyətdə sosial anemiyaların indikatorudur.  Bu baxımdan hər bir cinayət hadisəsi cəmiyyətin ayrı-ayrı institutlarında-ailə, təhsil institutunda, yaxud digər institutlarında baş verən mövcud ola biləcək sosial anemiyalardan xəbər verir. Yəni onun indikatorlarıdır. Ona görə çox yaxşı olar ki, daxili işlər orqanlarının nəzdində bir beyin mərkəzi olsun. Analitik Strateji Araşdırmalar Mərkəzi olsun ki, Azərbaycanda cəmiyyətin məhz bu cinayət xəritəsini bölgə, regionlar, coğrafiyalar üzrə və həm də sosial stratlar, sosial təbəqələr üzrə təhlil olunsun. Çünki biz bilməliyik ki, hansı cinayətlərdə artım dinamikası var, nəyə görə? Hansı cinayətlərdə artım dinamikası zəifdir, nəyə görə? Hansı coğrafiyada cinayət hadisələrinin dinamikasında artım müşahidə olunur və bunun səbəbləri. Bu, əslində çox ciddi elmi araşdırmadır. Müqayisəli təhlil tələb edir, həm tarixi müqayisəli təhlil edir, həm də coğrafiyalar, bölgələr, region və paytaxt üzrə qoşa müqayisəli təhlili tələb edir. Bu baxımdan  çox yaxşı olar ki, bu cinayətlərin xəritələnməsini həyata keçirək və o xəritələnmə üzrə də onun bütövlükdə cinayət hallarının səbəblərini üzə çıxaraq və o səbəblərin içərisində cinayətə şərait yaradan mühitin qarşısını almağa çalışmalıyıq. Misal üçün, biz cinayət hadisələrinin çoxalmasının obyektiv səbəbi kimi əhalinin artımını göstəririk. Ancaq digər məsələ də odur ki, Azərbaycanda əgər residiv cinayətlər, yəni təkrar-təkrar eyni cinayətlər baş verirsə, bu, həm də o anlama gəlir ki, cinayətkarların, məhbusların, daha doğrusu, İslah Əmək Düşərgələrində reabilitasiya, adaptasiya proqramları tam effektiv şəkildə fəaliyyət göstərmir. Deməli, məhbuslarla işdə metodoloji baxımından yeni yanaşmaya ehtiyac var.  Məhbuslarla bağlı adaptasiya mərkəzlərinin sayı çoxalmalı, məhbusların sayına uyğun olmalıdır. Eyni zamanda, məhbusların cəmiyyətə inteqrasiya proqramları ilə bağlı əlavə dəstək tədbirlərinə ehtiyac var. Eyni zamanda, çox yaxşı olar ki, İslah Əmək Düşərgələrində azadlığa çıxma ərəfəsində olan məhbuslar üçün müvafiq qurumların, müəssisələrin, şirkətlərin iştirakı ilə əmək yarmarkaları təşkil olunsun. Onlar həmin İslah Əmək Düşərgələrində artıq bilsinlər ki, onları azadlığa çıxdıqdan sonra təkrar cinayət yox, müvafiq peşələr, ixtisaslar üzrə, yəni onların hətta islah düşərgələrində mənimsədiyi peşə bilgiləri əsasında yeni iş sahələri gözləyə bilər. Bu baxımdan həm də onlar cəmiyyətin faydalı bir üzvünə çevrilə, həm də ailələri üçün dəyərli ola bilər. Bu iş kompleks yanaşma tələb edir. Həm məhbusların ailələrlə, cəmiyyətlə rabitəsini gücləndirmək lazımdır. Cəmiyyətin ziyalı kəsiminin təbəqələrinin islah düşərgələrində görüşlərini təşkil etmək lazımdır ki, onlar məhbusların sosiallaşma, cəmiyyətə adaptasiyası və inteqrasiya proseslərində iştirak etsinlər. Eyni zamanda cəmiyyət məhbuslara stiqmatik yanaşmanı geridə qoymalıdır. Keçmiş məhbus olub deyə onlara bir yanaşma olmamalıdır. Onlar cəmiyyətin tam hüquqlu üzvünə çevrilməlidirlər. Bunun üçün adaptasiya proqramları, inteqrasiya proqramları tətbiqi genişlənməlidir. Yenə qeyd edirəm, onların islah işləri düzgün aparılmalıdır. Daha yeni metodoloji yanaşmaya ehtiyac var. Çünki əgər residiv cinayətlərdə artım dinamikası müşahidə olunursa, bu o deməkdir ki, İslah Əmək Düşərgələrində məhbusların islahı ilə bağlı, onlarla sosial-psixoloji işlə bağlı yeni metodoloji yanaşmalara ehtiyac var. Eyni zamanda biz müəyyənləşdirməliyik ki, məsələn, Azərbaycanda hansı cinayətlər daha çoxdur. Misal üçün, 2023-cü ilin statistik qiymətləndirilməsinə baxsaq görərik ki, təqribən ölkə üzrə 36811 cinayət qeydə alınması göstərilir və bildirilir ki, orada əsasən onların 41 faizindən bir qədər çoxu iqtisadi fəaliyyət sahəsinə aiddir. Tutalım ki, 40 faizi ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan cinayətlər kimi və 14,4 faizi şəxsiyyət əleyhinə olan cinayətlər kimi qeyd olunur. Biz artıq bu statistikaya uyğun bilməliyik ki, bu qəbildən olan cinayətlərə səbəb yaradan əsaslar hansılardır və bununla necə mübarizə aparmaq lazımdır. Əsas məsələ o cinayətlərin qeydiyyatı və onların zərərsizləşdirilməsi deyil, həm də onlarla bağlı preventiv tədbirlər, profilaktik tədbirlər görməkdir ki, belə hallar baş verməsin. Biz bilməliyik ki, Azərbaycan üçün xarakterik olan daha hansı cinayətdir və bu cinayətə niyə inkişaf dinamikasına görə daha çoxdur, əhatə coğrafiyasına görə də daha geniş yayılır. Misal üçün, narkomaniya ilə bağlı olan cinayət hadisələri bizi daha çox düşündürməlidir. Eyni zamanda cinayət hallarının gəncləşməsi məsələsinə biz diqqəti daha çox ayırmalıyıq ki, niyə görə gəncləşir, bunun qarşısını necə almaq olar? Bununla bağlı tədbirlər görülməlidir. Hesab edirəm ki, ümumiyyətlə, bu, çox ciddi bir beyin mərkəzi səviyyəsində təhlillər və strateji planlaşmalar tələb edir. Biz cəmiyyətimizin sağlam gələcəyi üçün düşünürüksə, məhz cinayət hadisələrinin təhlilinə daha çox diqqət yetirməliyik. Çünki cinayət hadisələri cəmiyyətin də sosial anemiyalardan xəbər verən indikatorlardan biridir. Biz bu indikatorlar vasitəsilə cəmiyyətin hansı institutunda daha çox görüləsi işlər lazım olduğunu qiymətləndirə bilərik. Yəni bilməliyik ki, hansı sahədə daha çox boşluqlar var, hansı sahədə daha çox problemli situasiya var ki, bu sahə üzrə cinayət hadisələrinin sayında artım var. Hesab edirəm ki, bununla bağlı koordinasiyalı fəaliyyət lazımdır. Təhsil, hüquq mühafizə orqanları, ailələr və cəmiyyətin digər institutları müştərək şəkildə çalışmalıdırlar". 

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31