Loqoped olmaq kifayət qədər ağır işdir - MÜSAHİBƏ

ADPU- nun Xüsusi təhsil kafedrasının müəllimi Ped.ü.f.d. l oqoped Lalə İmanova ilə olan müsahibəmizi sizlərə təqdim edirik:

-Uşaqlarda kəkələmə problemi anadangəlmədirmi, yoxsa sonradanmı yaranır?

-Anadangəlmə kəkələmə anlayışı yoxdur. Çünki kəkələmə nitqdə olan bir problemdir və nitq də anadangəlmə bir vərdiş deyil. Bu səbəbdən də anadangəlmə nitq qüsuru deyə bir anlayış yoxdur. Nitq qüsurlarının səbəbləri anadangəlmə ola bilər. Kəkələmə irsi keçməsə də, sinir sisteminin zəifliyi ola bilsin ki, irsən ötürülsün. Amma bu o demək deyil ki, ata, anasında kəkələmə problemi olan uşaq yüz faiz kəkələyəcək. 

-Ailələri həmin uşaqlardan əksər zaman imtina edirlər. Sosial yardım müəssisələrindəki uşaqlar üçün bu xidmət necə müəyyən olunub?

-Ağır əqli gerilik, selebral iflicin ağır formalarında bəzi valideynlər uşaqlardan imtina edir. Təhsil Nazirliyinin nəzdində olan, ağır nitq qüsurlu uşaqlar üçün nəzərdə tutulmuş müəssisələrdə təhsil alırlar. Türkan qəsəbəsində yerləşən 6 nömrəli internat məktəbi mövcuddur. Loqoped tərəfindən kəkələyən uşaqların əksəriyyətinin qüsurları məktəbəqədər olan yaşda korreksiya olunur. Tam və ya qismən kəkələmə aradan qaldırılır. Əgər başqa problemləri yoxdursa, sadəcə kəkələyən uşaqların əksəriyyəti adi ümumtəhsil müəssisələrində təhsil alırlar. 

-Loqoped peşəsinə yiyələnmək arzusunda olanlar hansı nüansları gözə almalıdır?

-Loqoped dedikdə işin yalnız pedoqoji tərəfi nəzərə alınmır. Düzdür, biz Azərbaycan Dövlət Pedoqoji Universitetində bu ixtisas tədris olunur. Amma əsl loqoped olmaq üçün nevrologiya sahəsini kifayət qədər yaxşı bilməlisən. Bununla yanaşı, insan psixologiyası da mükəmməl bilməlisən. Təbii ki, sırf loqopedik korreksiyanı, pedoqoji yanaşmanı da bütün xırdalığına kimi bilməlisən. Loqoped olmaq kifayət qədər ağır işdir. Öz üzərində işləmək istəməyən şəxslər loqoped olmasalar daha yaxşldır. Çünki loqopediya aybaay, ilbəil inkişaf edir. Mən bu yaşımda belə yeni nələrsə öyrənirəm. Seminarlar, kurslar və s. Oxuyuram, araşdırıram, öyrənirəm.

-Kəkələmə kimi problemlər hər hansı bir travma əsasında yarana bilirmi? Belə olduğu halda prosesdə əlavə çətinlik yaranırmı?

-Elə nitq problemləri var ki, məhz travma nəticəsində yaranır. Fiziki və psixi travma olaraq iki yerə bölünür. Kəkələmə bilirsiniz ki, sinir sisteminin zəifliyi əsasında yaranır. Belə bir nümunə gətirək: həyətdə 10 uşaq bir-biri ilə oynayır, söhbət edir və s. Anidən bu həyətə bir it gəlir, hürür və hamını təşvişə salır. Ağlayan da olur, qaçan da, şok vəziyyətinə düşən də. Nəticədə 10 uşaqdan biri və ya ikisi kəkələməyə başlayır. Çayın üzərində bir buz təsəvvür edək. Buz nə qədər nazikdirsə, o qədər tez qırılır, nə qədər qalındırsa, üzərindən tank belə keçsə, qırılmayacaq. Sinir sistemi də eyni xüsusiyyətə malikdir. Bu o deməkdir ki, kimin sinir sistemi zəifdirsə, itin bir dəfə hürməyindən həmin buz çatlaya bilər. Yəni sinir sistemi çat verə, uşaq kəkələməyə başlaya bilər. Sinir sistemi güclü olduqda uşaq ağlasa da, əsəbləşsə də səhəri gün normal, rahat, heç bir kəkələmə halı baş vermədən danışacaq. Bu psixi stresdir. Biri də var uzunmüddətli psixi stress. Yəni uşaq daimi olaraq bir əsəb gərginliyi keçirir. Evdə atası və anası daim gərgin vəziyyətdədir, dava edirlər və s. Məsələn, anası evdədir və qorxa-qorxa atasını gözləyir ki, axşam yenə evdə söz-söhbət olacaq. Bu qorxu özü kəkələməyə gətirib çıxara bilər. Üçüncü variant isə fiziki bir travma nəticəsində yaranan problemdir. Məsələn, futbol oynayırlar və biri zərbəylə uşağın başına top vurur. Təbii ki, minimal beyin silkələnməsi ola bilər və nəticədə nitq mərkəzlərinin zədələnməsiylə uşaqda nitq qüsurları yarana bilər. Fiziki travma, avtomobil qəzası, pilləkəndən yıxılma və s. ola bilər. Bu zaman yalnız kəkələmə deyil, başqa problemlər də yarana bilər. 

-Kişi loqopedlərin olmamağı qadınların uşaqlarla ünsiyyətinin daha uğurlu olmasıyla əlaqələndirə bilərmi?

-Pedoqoji universitetlərimizə baxsaq, ən azı 70 faiz tələbə qızlardır. Bunun nəticəsində bütün pedoqoji kadrlarımızın 70, 75 faizi xanımlar olur. Kişi loqopedlər var, amam təbii ki, qadınlara nisbətən azdır. Düşünmürəm ki, bu məsələ daha uğurlu olması ilə əlaqələndirilir. Loqopedlik hardasa həkim peşəsinə daha yaxındır. Orada cinsin fərqi yoxdur. Bu fərq məktəblərdə və baxçalarda hiss olunur. Uzun müddət pedoqoqlar uşaqlarla olur. Loqoped isə maksimum həftədə 3-4 dəfə bir saat görüşürük.

-Uşaqlarla çalışmaq qulağa asan və əyləncəli gəlsə də, məncə ən çətin peşələrdən biridir. Bu sahədə olmağınız sizə mənəvi cəhətdən heç ağırlıq edibmi?

-Uşaqlarla çalışmaq əyləncəli və sevincli, eyni zamanda da, çox çətindir. Şəxsən mən özüm işimi çox sevirəm. Bəlkə də Azərbaycanda loqopediyanı bu dərinlikdə bilən adam tapılmaz. Ümumiyyətlə, bu işin heç bir ağırlığı olmadığını hesab edirəm. Uşaqlarla məşğul olduqda bilirik ki, ailələrə sevinc gətiririk. Çünki gözlərinin önündə uşaq inkişaf edir, yaxşılaşır, problemləri yüngülləşir. Bu şad xəbərdir. İkincisi, bu din baxımdan belə böyük bir savabdır. Bilirəm ki, bir çox loqopedlərdə pulsuz xidmət mövcuddur. Heç bir reaksiya verməyən uşaq, reaksiya verməyə, düzgün danışmağa başlayanda şəxsən mən çox xoşbəxt oluram. Məşğul olduğum hər uşaqla o anı yaşamağı gözləyirəm. Bu uşaq standart bir nitqə qayıdacaq, həm məni, həm ailəsini, həm də özünü çox xoşbəxt edəcək. Doğurdan da loqoped olmaq çətin bir peşədir. Lakin bir o qədər də qürurverici ixtisasdır. Şəxsən mən öz loqopediyamla fəxr edirəm.

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31