Gənclərin kriminal aləmə meyllənməsi-Kimdir günahkar?

Son zamanlar bəzi gənclər arasında kriminal aləmə meyilliyin özünü açıq şəkildə biruzə verdiyinə şahid oluruq. Bu hal yeniyetmələrdə daha çox müşahidə olunur. Onlar, adətən kriminal avtoritetlərə və ya bu mövzudakı serial, film qəhrəmanlarına pərəstiş edir bənzəməyə çalışırlar. Özləri fərqində olmasalar belə, bu cür meyllilik onların inkişafına və gələcək həyatlarına birbaşa mənfi təsir edir. 
Bəs, gənclərin kriminal aləmə meylli olmasının səbəbi nədir? Kimdir günahkar?

Mövzu ilə bağlı fikir bildirən Əhməd Qəşəmoğlu problemi başlıca olaraq təhsil sistemində görür:

"Təhsil sistemini indi hər yerindən duran tənqid edir. Amma bu mövzuda təhsil sisteminin böyük günahı var. İndiki təhsil sistemimiz 5 ildir dediyim şəkildə qurulmalıdır. Amma təəssüf ki, heç kim bunu eşitmək istəmir. Hər kəs çox ağıllıdır. Sosioloq kimdir ki, onun dediyini eşidələr?
Cəmiyyət günü-gündən mürəkkəbləşir, həssaslaşır. Belə bir zamanda yeni nəsillə iş 30-40 il qabaqkı kimi ola bilməz. Təhsil sistemi də helə ola bilməz. Təhsil sistemi elə olmalıdır ki, təhsil sistemində xeyli sosial iş xidmətləri olsun. Bu sosial iş xidmətlərinin də əsas işlərindən biri məktəb-ailə münasibətlərini qarşılıqlı şəkildə qurmaq olacaq. Hər hansı bir övladın, şagirdin normal vətəndaş, gözəl insan kimi yetişməsi ilə həm bizim məktəblərimiz məşğul olur, həm də valideynlər. Nəticə alınmırsa, deməli hər ikisinin davranışında hansısa mənfi xüsusiyyət, tənqid olunası tərəf var. İkisi qarşılıqlı əlaqədə də bu işi görə bilməyiblər. 
Əvvala uşağı 6 yaşına qədər xüsusi təlimlərlə formalaşdırmaq lazımdır. Mənim bununla bağlı hazırladığım "Ömrün uğurlu büvövrəsi" adında kitab var. Hamıya tövsiyyə edirəm ki, bu kitabı oxusun. Elektron versiyası da mövcuddur. Biz, uşaqlarımız 6 yaşına qədər necə formalaşır, buna əhəmiyyət vermirik. Biz çoxları hazır, bir çoxları da hazır olmayan, yarım-vəhşi halda məktəbə gətirirlər. Orta məktəb də başlayır ki, güya bu uşaqları hazırlayır. Orta məktəb ibtidai siniflərdə necə hazırlayır? Deməli, bir sinifdə 30-40 şagird olur. Statistika belədir ki, bunlardan 10%-a qədəri dərsə hazırlıqlı olur.  Qalan 90%-ni 11 il məktəbdə ancaq danlayırlar. Deyirlər, sən heç kimsən, sən əfəlsən, sən tənbəlsən, avarasan. 11 il danlanmış adam necə ola bilər? Kriminal aləmə əlbəttə ki, yuvarlanacaq. Məktəblərin valideynlərlə əlaqələri güclü olmalıdır. İkinci tərəfdən, ibtidai siniflər şagirdlərin kəşfi illəri olmalıdır. Məlum olmalıdır ki, hansı uşağın hansı sahədə qabiliyyəti var. Uşağı 11 il döyməz, söyməzlər ki, gəl, riyaziyyatı oxu. Oxuya bilmir riyaziyyatı, sonra? 4-cü sinifdə aydın olacaq ki, bu uşağın riyazi bilikləri, ya da digər fənləri qavramaq qabiliyyəti yoxdur. Amma biz o ibtidai siniflərdə 4 il kəşf etməliyik ki, şagirdin nəyə qabiliyyəti var. O istiqamətdə məktəb onların yetişməsi üçün çalışmalıdır. Ola bilər ki, qonşu məktəblərlə şagirdlər dəyişdirilsin, qruplaşdırılsın. Başqa yöntəmlərdə ola bilər, amma uşaq kəşf olunmalıdır. Dediyim kimi, bəlkə biri riyaziyyatı qavraya bilmir, amma gözəl tar, saz ifa edə bilər. Gözəl bənna, rəssam, aşpaz ola bilər. Uşaqda psixi pozuntu yoxdursa, hökmən nəyəsə qabiliyyət var. Bizdə uşaqların kəşfi ilə bağlı heç bir iş aparılmır. Uşaq kəşf olunmayanda özünü əfəl kimi hiss edir və kriminal aləm ona daha cəlbedici gələn tərəflər olur. Gedir, orda potensiyalını açır. Bütün günah birmənalı olaraq indiki təhsil sisteminin düzgün qurulmamasındadır. Məktəbin indiki funksiyası 35-40 il əvvəlki ilə eyni ola bilməz, bu funksiyalar artmalıdır. Məktəb valideynlərin maariflənməsi işi ilə də məşğul olmalıdır. Onun üçün sosial işçilər olmalıdır ki, onlar valideynlərin maariflənməsi üçün ciddi iş aparsınlar".

Psixoloq Vəfa Rəşidova Demir belə vəziyyətlə əsas məsuliyyətin atanın üzərinə düşdüyünü qeyd edir:

"Belə halda ilk növbədə valideynin nəzarəti əsasdır. Hansı filmlərə baxır, hansı insanlarla dostluq edir və uşaq nəyə meyllidir? Uşağın meylliliyini anlamaq lazımdır. Xüsusən belə hallarda ata ilə bağlıdır. Biraz da atanın özünün kriminal aləmə meylli olması, marağı uşağın da o aləmə maraqlı olmasına yol aça bilir. Valideynlər kriminal aləm haqqında maraqlı, əlçatmayan aləm kimi danışa bilirlər. Uşaqlar da bunu eşidir. Təbii ki, burda ailənin böyük rolu var. Xüsusən də atanın. Ona görə də, valideynin belə maraqlarının olması o demək deyil ki, uşağın yanında bunları ətraflı danışmaq, marağının olmasını uşağa hiss etdirmək  lazımdır. Bu, doğru sayılmır. Uşaq ailədə nə görürsə, ona maraq salır. Valideynlər nəyə maraqlıdırsa, uşaq da ona maraqlı olur. Burda məsuliyyət ən çox ataların üzərinə düşür ki, uşaqlarına qarşı diqqətli olsunlar. 
Uşağın hansı filmlərə baxması çox önəmlidir. Hansı filmlərə baxır, hansı qəhrəmanları özünə model seçir? Bunlar da çox önəmli məqamlardır. Valideyn mütləq nəzarət etməlidir. Ətraf mühitin təsirinin o qədər də çox olduğunu deməzdim. Ətraf mühitdə onsuz da fərqli situasiyalar yaşanır, fərqli insanlarla qarşılaşır. Ətraf mühitin insana təbii ki, təsiri var. Amma xüsusən bu məsələdə ən böyük təsir ailədən gəlir".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31