Müqayisələndirmə xəstəliyi: "Niyə onda var, məndə yoxdur?"

Həyatımızın bir çox mərhələsində davranışlarımızı qiymətləndirmək üçün özümüzü başqa insanlarla müqayisə etməyə meylli ola və ya başqaları tərəfindən müqayisə olunmağa məcbur buraxıla bilərik. Əslində, bu müqayisələr bəzən həvəsləndirici olsa da, çox vaxt insanın özünü zəif, aşağı səviyyədə bilməsinə, hiss etməsinə səbəb olur. 
Bu gün inkişaf edən texnologiya ilə insanların nələr etdikləri, o cümlədən harada olduqları və nə etdikləri barədə asanlıqla məlumat əldə edə bilirik. Məsələn, adətən özünü başqaları ilə müqayisə edən insanlar uğur qazanmış birini, özünə yeni bir ev alan və ya harasa səyahət edən insanları görəndə özünə "niyə o etdi, mən yox?", "niyə o aldı, mən yox?" və s. kimi suallar verir və ağlında neqativ düşüncələr yaradır. Əlbəttə, bu cür düşüncələr insanların enerjisini azaldır və psixoloji sağlamlığına böyük təsir edir.
Psixoloq Mələk Kərimli bildirir ki, bu cür düşüncələrin mənbəyi əsasən uşaqlıqda valideynlərin övladlarını başqalarının uşaqları ilə müqayisə etməsi sayılır:
"Özünü başqaları ilə müqayisə cümlələri, düşüncələri uşaqlıqdan başlayır. Valideynlərin əksəriyyəti övladlarına qarşı "bax, filankəsin uşağı yeməyini yaxşı yeyir", "filankəsin uşağı dərslərini daha yaxşı oxuyur" və s. bu kimi cümlələr qurur. Böyüklər tərəfindən həmyaşıdları ilə müqayisə edilən uşaq bu yaşlardan özünü başqaları ilə müqayisə etməyi öyrənir. Özündən daha yaxşı olan insanları görəndə daha yaxşı olmağa çalışır.
Hər kəs öz nailiyyətlərini və əhəmiyyətini qiymətləndirməyə çalışır. Müqayisə davranışı da bu səy nəticəsində ortaya çıxır. Özünü, həyatını, uğurlarını, əlində olanları başqaları ilə müqayisə etmək insanın özünə və cəmiyyətdəki yerinə, fəaliyyətindəki səmərəliliyinə və rifahına təsir edən bir hərəkətdir. Müqayisə etmənin insana təsirləri onun özündən daha yaxşı və ya daha pis görünən biri ilə müqayisə edib-etməməsindən asılı olaraq dəyişir.
İnsanlar adətən, karyerasında, ictimai münasibətlərində və ya konkret sahələrdə yaxşı, uğurlu hesab etdikləri insanların xüsusiyyətlərini özünəməxsus xüsusiyyətləri ilə müqayisə edir. O, həmin insanın niyə daha yaxşı həyatı olduğunu və ya niyə daha çox uğur qazandığını anlamaq istəyir. Bu müqayisənin məqsədi ümumiyyətlə oxşar performans nümayiş etdirmək və uğur əldə etməkdir. Çünki adətən hədəflər istiqamətində motivasiya və yol göstərən mənbə olan insanların uğur hekayələrini bilmək insanların öz yolunu cızmaq üçün faydalıdır. Həyat boyu müxtəlif insanlar müxtəlif sahələrdə əldə etdikləri uğurlara görə örnək olurlar. Məsələn, insan özü ilə eyni peşədə olan birinin karyera uğurunu təqdir edə bilər və onun kimi olmaq istəyə bilər. Lakin insanın inkişafı üçün motivasiya mənbəyi ola bilən müqayisə davranışı, öz çatışmazlıqlarına diqqəti artırdıqda problemə çevrilir. Xüsusən də insan nümunə götürdüyü insanın uğuruna nail ola bilməyəndə özünü mühakimə etməyə başlayır. "Mən bacarıqsızam, uğur qazana bilmirəm, onlar kimi ola bilmirəm, həmişə belə geridə qalacağam" və s. kimi cümlələrlə özünü aşağılamağa başlayır və nəticədə özünə və ətrafına qarşı sıx və uzun sürən kədər, məyusluq və qəzəb hiss edir. Bu zaman da insan öz mühakimələrinə və gərgin emosiyalarına qalib gələ bilməyə və narahatlıq, depressiya daxil olmaqla bir çox psixoloji problemlər yaşaya bilər.
İnsanların özünü başqaları ilə mənfi cəhətdən müqayisə etmələrinin bir səbəbkarı da sosial mediadır. Çünki sosial medianın geniş yayılması ilə digər insanların uğur cədvəllərinə daxil olmaq, onların şəxsi həyatlarını izləmək çox asanlaşıb. Xüsusilə sosial medianın tez-tez istifadəsi ilə müqayisə elə bir vərdiş halına gəlib ki, insanlar maşınlarını, evlərini, işlərini, münasibətlərini, əşyalarını, bir sözlə, hər şeyi başqaları ilə müqayisə etməyə çalışırlar. Yəni insanlar sosial medianın təsiri ilə özünü başqaları ilə müqayisə etmək ehtiyacını daha çox hiss edirlər. 
Akademiya, karyera, ictimai həyat və ya incəsənət kimi kimi sahələrdə istedadlarını nümayiş etdirən bir çox insana sosial şəbəkələr vasitəsilə çatmaq olur. Nəticədə, sosial medianın təsiri ilə insanlar özlərini daha çox başqaları ilə müqayisə edir. Məsələn, davamlı səyahət edən və xoşbəxt görüntü verən hesabları izləmək, hər gün işə gedib-gələn və heç bir fəaliyyətə qatılmayan insanın həyatından narazı qalmasına səbəb olacaq. Yəni, burada misal çəkdiyim insan tək bir video və ya hesaba baxaraq narazılıq hiss etmir. Hər dəfə sosial şəbəkələri açanda özündən daha azad yaşaya bilən, daha yaxşı həyat şəraiti olan bir çox insanı görüb "mən niyə bu həyatı yaşamıram?" deyə düşünür və öz aləmində sorğu-suala başlayır. Lakin o, davamlı olaraq özünü bunlara məruz qoysa və öz yaşayış şəraitini tənqid etməkdən kənara çıxmasa, narazılığı artmağa davam edəcək.
Müqayisə deyiləndə əlbəttə ki, ağıla sadəcə özünü kimdənsə əksik görmək, aşağılamaq gəlmir, çox adam bunu belə başa düşür. Amma əslində insanlar özlərindən daha pis vəziyyətdə olduqlarını düşündükləri insanları müşahidə edərək mövcud vəziyyətlərindən razı qalmağı bacarırlar. Bu müqayisə onların öz nailiyyətlərini qiymətləndirmək üçün motivasiyaya çevrilir. Amma digər tərəfdən, insanların özünü pis vəziyyətdə olduğu qəbul edilən biri ilə müqayisə etməsi, şəxsi inkişaf səylərini əngəlləməklə problemə çevrilə bilir. İnsanın nailiyyətləri vacibdir. Ancaq uğurun davam etməsi üçün öyrənməyə və səy göstərməyə davam etmək lazımdır. Məsələn, dəyək, bir universitet tələbəsini düşünürük. Universitetə qəbul olur və ilk imtahanında keçid qiyməti alır. Bu tələbənin əsas motivasiya mənbəyi onun qrup yoldaşlarıdır, onun aldığı qiymətləri digər tələbələrin aldığı qiymətlərlə müqayisə edirlər. Keçid qiymət ala bilməyən tələbələrə diqqət yetirməklə özündən razılaşarsa, "bu qədər oxumağım imtahandan keçməyim üçün kifayətdir" deyəcək. o düşünür. Ancaq əksinə, kifayət qədər səy göstərməyən tələbə özünü pis qiymət alan tələbələrlə müqayisə etdiyi üçün imtahanlardan da keçə bilmir.
Fərqli həyatları görmək, onlara maraq göstərmək və hətta başqalarının həyatına heyran olmaq təbiidir. Amma davamlı olaraq özünü yaxşı və ya pis vəziyyətdə olanlarla müqayisə edən insan daim kədər, qəzəb, narahatlıq kimi duyğular hiss edir. İnsanların özünü tez-tez başqaları ilə müqayisə etmək bu duyğuların çox şiddətlə hiss olunmasına və dözülməz hala gəlməsinə səbəb olur. İnsan özü haqqında mənfi fikirlər alır. İstənməyən hiss və düşüncələrinin öhdəsindən gəlmək üçün müxtəlif üsullardan istifadə edir. Bəzən fərdi səylər effektiv və yetərli olmur. Nəticədə müqayisə insanın həyatında, psixoloji sağlamlığında problemə çevrilir. 
Unutmamaq lazımdır ki, hər bir insanın güclü və zəif tərəfləri var. Sizin güclü tərəfləriniz başqalarının zəif tərəfləri ola bilər. Öz zəifliklərinizi başqaları ilə müqayisə etməkdən çəkinin. Güclü tərəflərinizin fərqində olun, onlara diqqət edin və onları təkmilləşdirməyə çalışın. Olmayanlara deyil, sahib olduqlarınıza daha çox diqqət yetirin və özünüz ilə kifayətlənməyi bacarın.
Bundan əlavə, sosial mediaya məhdudiyyətlər qoymaq lazımdır. Çünki insanlar sosial şəbəkələrdə həyatlarının yaxşı tərəflərini daha çox paylaşırlar, pis tərəflərini çox paylaşmırlar. Buna görə də, sosial mediada keçirdiyimiz vaxta məhdudiyyətlər qoymaq vacibdir. Düşünmək lazımdır ki, orada paylaşılanların əksəriyyəti gerçəklikdən uzaq olur".

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31