Azərbaycanda “virtual məzarlıq”lar- Cəmiyyətin buna ehtiyacı varmı?

Sosial gündəmin mövzularından biri "virtual məzarlıq"dır. Belə ki, istəyə uyğun olaraq qəbirlərə "QR Kod" yerləşdirməyə başlayıblar. Azərbaycanda QR kodlu məzar daşlarının ideya müəllifi Zaur Quliyevdir. Hətta bunun üçün xüsusi sayt- "Rahmat.az" yaradılıb. Sayta daxil olduqdan sonra QR kodunu oxutduğunuz məzardakı şəxsin həyat hekayəsi qarşınıza çıxır. Bununla da "O, kimdir? Haradandır? Nə işlə məşğul olub? Təhsili nə olub? Necə ölüb?" və sairə kimi suallara cavab tapmaq mümkündür.  Bu, bir məzar daşından doğum və ölüm tarixindən daha çox informasiya almaq deməkdir. Sosial mediada yayılmağa başlayan bu məlumat insanlarda kəskin fikir ayrılığına səbəb olur. Hətta, mübahisə edənlərə belə rast gəlirik. Bir qrup insan bunun dünya ölkələrində çoxdan tətbiq olunduğunu və bizim üçün də bir yenilik olduğunu vurğulayır. Digər qrup isə, belə bir yeniliyə ehtiyac olmadığını və müsbət yanaşmadığını söyləyir. 

İlk olaraq "QR kod" deyilən anlayışın hardan gəldiyinə nəzər salaq. QR kodu (sürətli cavab kodu) 1994-cü ildə Yaponiyanın "Denso Wave" şirkəti tərəfindən avtomobil hissələrinin etiketlənməsi üçün icad edilmiş ikiölçülü matris barkod növüdür. Masahiro Hara adlı "Denso Wave" işçisi "Go" oyununu oynayarkən QR kodları ideyasını ağlına gətirdi. Əgər əvvəllər "Go" oynamamısınızsa, o, qara və ağ daşların yerləşdiyi 19×19 ölçülü şəbəkədən ibarətdir. QR kodu, ağ fonda kvadrat şəbəkədə düzülmüş qara kvadratlardan, o cümlədən kamera kimi görüntüləmə cihazı tərəfindən oxuna bilən etibarlı markerlərdən ibarətdir. Bundan sonra tələb olunan məlumatlar QR təsvirinin həm üfüqi, həm də şaquli komponentlərində mövcud olan nümunələrdən çıxarılır.

Dünya təcrübəsinə nəzər saldıqda, ilk dəfə 2008-ci ildə Yaponiyanın Yamanaşi prefekturasındakı Isinokoe şəhərində, kodun mərhumun virtual dəfn yerinə aparıldığı,"IT DeSign" tərəfindən istehsal olunan QR kodlu məzar daşları satılmağa başladı. Viskonsin mərkəzli "Interactive Headstones" kimi digər şirkətlər də QR kodlarını qəbir daşlarına daxil etməyə başladılar.

2012-ci ildə Filadelfiyada Lori Miller nənə və babasının məzarına "QR kod" yerləşdirir. Daha sonra Lori və əri bu yöndə iş qururlar. 

Bu kimi misallar çoxdur. Virtual məzarlığın Azərbaycanda tətbiq olunmasının insanlarda müxtəlif fikirlər yaratdığını qeyd etdim. Sosioloq Əhməd Qəşəmoğluna sual ünvanlayaraq onun bu mövzu haqqında fikirlərini öyrəndim. O, bu məsələyə cəmiyyətin ehtiyacı olmadığını qeyd edir:

"Bu məsələyə cəmiyyətdə ehtiyac yoxdur. Niyə? Çünki uzun illərin təcrübəsi göstərir ki, insanlarda ümumi bir rəy var. Qəbir yerinin uzun müddət qalması düzgün deyil. İslamın da tələbinə uyğun olaraq insanların borcu ölən insanın üzərində cənazə namazı qılmaq və yuyub, kəfənləyib, dəfn etməkdir. Bundan sonrakı işlər hamısı insanların uydurmasıdır. Dəbdəbəli baş daşı qoymaq və bunun kimi digər əməllərin icrası natamamlıq kompleksi ilə çox bağlıdır. Dünya görüşü geniş olan insan başa düşür ki, qəbir daşının üstündə hansısa işarələr qoymaq, QR kod, video-çarx yerləşdirmək ya da başqa yolla məlumatlar yerləşdirmək ümumi qəbiristanlıq anlayışına ziddir. Əgər bir insanın özünün yaxınları, doğmaları varsa, rəhmətə gedən insanı başqa vasitələrlə də xatırlaya bilər. Amma qəbrin üstünə gəlib-gedənin baxması üçün QR kod qoymaq qəbirstanlıq haqqında təsəvvürləri dəyişir. Qəbirstanlığın min illərdir formalaşdırdığı dünyagörüşünü dəyişir. Qəbirstanlıq olur hansısa sərgi salonu kimi bir yer. Bu baxımdan düşünürəm ki, bu məsələ o qədər də məsləhətli deyil. Burda da statistika götürsək, görərik ki, o kodları düzən insanların özlərində natamamlıq kompleksi müəyyən qədər var. Zənginlikdən ya hansısa vəzifədən asılı deyil. Dünyagörüşü bir başqa şeydir. Hər bir insanın düşüncə tərzidir. Bu məsələ bəşəriyyətin qəbirstanlıq haqqında təsəvvürünü tamamilə dəyişən məsələdir. O qədər də yaxşı hal olaraq qarşılamıram. 
Təbii ki, qəbirstanlığın ətrafı səliqəli olsa yaxşıdır. Bunu biz inkişaf etmiş ölkələrdə də görürük ki, qəbirstanlıq çox səliqəli olur. Bizim bəzi qəbirstanlıqlarımızda isə qəbirlərin arası zibil məskəni, küçə heyvanların yatmaq yeri olur. Qəbirstanlıq səliqəli olmalıdır. Ora gedəndə bilinsin ki, burda yatan insana dünyadakı yaxınları hörmət qoyur. Amma məzarın üzərində şoular düzəltmək məqsədəuyğun deyil".

Məsələni dinlə əlaqələndirib izah edən kütlə də mövcuddur. Məsələ ilə   bağlı fikir bildirən ilahiyyatçı alim Elşad Miri qeyd edir:

"Bu onu göstərir ki, biz, müasirliyin bəzi ünsürlərini adət-ənənələrimizlə sintez edib fərqli şəkildə təqdim edirik. Bunların heç birinin İslamla əlaqəsi yoxdur. Amma bəziləri İslamla bağlı məsələləri bu cür məsələlərlə uyğunlaşdırıb təqdim edə bilirlər. Bəziləri də sabah günəş enerjisi ilə işləyən baş daşı qoyar. 24 saat "Yasin" surəsinin oxunmasını təmin edərlər. Guya, bununla nəsə əldə etmiş olacaqlar?  Ya da həmin şəxslə bağlı, şəxsiyyətin kimliyi ilə bağlı informasiyan olmasa, sabah bəlkə də yeni bir nəsil çıxacaq ki, həmin insanın keçmiş videolarını, çıxışlarını virtual göstərəcəklər. Təbii ki, bunlar mümkündür, amma dinlə əlaqəsi yoxdur. İslam insanın yaşayarkən etdikləri ilə əlaqəli olan dindir, ölümü ilə yox. Bir də, yaşadığı dünyada elədiklərinə görə axirətdə cavab verəcək".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31