Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün maarifləndirici tədbir keçirilib
13 Aprel 2024 23:00 SosialPaytaxt Bakıda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün maarifləndirici tədbir keçirilib. Olaylar xəbər verir ki, bu barədə millət vəkili, Azərbaycan Autizm Assosiasiyasının prezidenti Jalə Əhmədova məlumat verib:
"Bütün dünyada autizm haqqında maarifləndirməyə həsr edilən aprel ayında ənənəvi olaraq müxtəlif tədbirlər keçirilir. Xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək məqsədi ilə təşkil edilən belə tədbirlərdən biri də Azərbaycan Autizm Assosiasiyasının prezidenti olaraq mənim, "Ahəng" psixologiya, reabilitasiya, inkişaf mərkəzi və "Məlhəm" beynəlxalq hospitalının birgə təşkilatçılığı ilə baş tutdu.
Tədbirdə "Ahəng" PRİM-in və "Məlhəm" beynəlxalq hospitalın mütəxəssisləri, Azərbaycan Autizm Assosiasiyasının baş katibi Elnur Məmmədli, tibb mütəxəssisləri, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri iştirak edirdi.
Sosial layihə çərçivəsində uşaqların psixiatrik, psixoloji və tibbi müayinələri aparıldı. Müayinələrdən keçən uşaqların hər biri təyinatı üzrə müalicəyə cəlb olundular.
Yüksək səviyyədə təşkil olunan tədbirin keçirilməsində göstərdikləri dəstəyə görə
"Məlhəm" beynəlxalq hospitalının icraçı direktoru Sevda Əlizadəyə və "Ahəng" PRİM -in təsisçi direktoru Vüsalə Əmiraslanovaya təşəkkürümü bildirirəm.
Onu da qeyd edim ki, layihənin davamlı olaraq keçirilməsini planlaşdırırıq"