“İlahiyyat İnstitutu barədə əsassız tənqid fəaliyyətimizin “birini” görüb, “ikisini” görməməkdir”- ÖZƏL

"Bü gunlərdə Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətinin mediada müzakirə mövzusuna çevrilməsi və bəzi istiqamətlərdə tənqid edilməsi İnstitutun bir əməkdaşı kimi məni də çox narahat etdi. Ona görə yox ki, tənqidə dözümsüz adamlarıq, əksinə hər cür tənqidə açığıq və hörmətlə yanaşırıq. Amma Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətinin sadəcə "mediada az görünmək", "ictimai maarifləndirmə işində zəif olmaq" baxımından qiymətləndirilməsi, düşünürəm ki, fəaliyyətimizin "birini" görüb, "ikisini" görməməkdir. Yəni bu tənqid açıqca Aİİ-nin əsas işi olan "təlim-tədris" və "araşdırma-tədqiqat" fəaliyyətini hesaba qatmayan iradlardan ibarətdir". "Olaylar" xəbər verir ki, bunu Azərbaycan İlahiyyat İnstitutunun dekan müavini, Sosiologiya üzrə fəlsəfə doktoru, Dosent. Asəf Qənbərov deyib. 
Bildirib ki, bu gün Aİİ-də, qısaca bakalavr, magistratura və doktorantura səviyyəsində təlim-tədris prosesi həyata keçirilir. Və dövlət tərəfindən Institutun üzərinə qoyulan dinşünas-tədqiqatçı və islamşünas-din xadimi yetişdirmək vəzifəsi artıq öz meyvələrini verməyə başlamışdır. Amma bu fəaliyyət, əsasən, uzun dönəmdə öz təsirini göstərməyə hesablanmışdır. Aİİ-nin onlarla məzunları həm Azərbaycanda həm də, xaricdə magistratura səviyyəsində təhsilinə davam edir. Yenə də, Aİİ-nin məzunları artıq din xadimi olaraq məscidlərdə, eləcə də dövlət qulluqçusu kimi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbələrində çalışmaqdadır:
"Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətinin bir digər istiqaməti, yuxarıda qeyd etdiyim kimi, araşdırma-tədqiqatdır. İnstitutda işləyən professor-müəllim heyətinin hər birinin elmi jurnallarda nəşrləri, Respublika və beynəlxalq konfranslarda iştirakı, dərslikləri, proqramları çap etmələri onların vəzifə borcudur. Və bu istiqamətdə Aİİ-nin müəllimlər öz fəaliyyətini göstərir; maraqlı olanlar İnstitutun akademik heyətinin elmi əsərlərinin siyahısını müəssisənin veb səhifəsindən əldə edə bilər, müxtəlif akademik platformalarda bu araşdırmaları tapıb oxuya bilər. 
Bu gün  Azərbaycan İlahiyyat İnstitutunun "Din araşdırmaları" jurnalı Azərbaycandakı universitetlər arasında onlayn platforması olan, onlayn məqalə qəbul edən azsaylı təhsil müəssisələrindən biridir. Bunun da arxasında İnstitutun rəhbərliyinin iradəsi və akademik heyətin fəal çalışması dayanır.
Azərbaycan İlahiyyat İnstitutunun media fəaliyyətləri, ictimai maarifləndirmə işinə gəlincə, bu fəaliyyət İnstitut üzərində qoyulan iki əsas vəzifədən sonra, mənim fikrimcə, İnstitutun mənəvi vəzifəsidir. Və bu sahədə də Institutun əməkdaşları, rəhbərliyin dəstəyi və istiqamətləndirməsi ilə hər biri öz sahəsinə uyğun olaraq öz töhfəsini verməyə çalışır. İnstututun rəhbərləri və müəllimlər televiziya və internet kanallarında, radiolarda yayımlanan dini və ictimai verilişlərdə fəal iştirak edir. Seminarlarda, təlimlərdə, maarifləndirmə tədbirlərində məruzə ilə çıxış edir. Bunları siyahısını və sayını yenə də, müəssisənin internet saytında və ya sosial media hesablarından hər kəs əldə edə bilər. 
Mediada fəaliyyətin gücləndirilməsi üçün Aİİ-nin "İlahiyyat TV" yutube kanalı da fəaliyyətə başlayıb. İlahiyyat TV-də həm dini istiqamətli - Quran təfsiri, fiqh, hədis və s., həm də ictimai-dini, sosioloji məsələlər müzakirə edilir. Məsələn, aparıcısı olduğum "Müasir dünya və din" verilişində cəmiyyətimiz üçün aktual olan problemləri dinin sosiologiyası və dinin fəlsəfəsi aspektində müzakirə mövzusuna çevirməyə çalışırıq. Qəbul edirəm ki, bu verilişlərə baxış sayı azdır. Bunun səbəblərini analiz edirik, daha çox insana çatmaq üçün əlimizdən gələni etməyə çalışırıq. Onu da qeyd edim ki, İlahiyyat TV hələ qurumsallaşmayıb, burada hər kəs könüllü şəkildə öz töhfəsini verməyə çalışır. Əlbəttə ki, çatışmamazlıqlar da vardır, necə deyərlər, iş olan yerdə nöqsan da olacaq.
Qısa şəkildə İnstitutun fəaliyyət istiqamətlərini ona görə göstərmək istədim ki, (çoxlarına bunlar məlumdur), Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətini bütövlükdə qiymətləndirmək üçün, sadəcə mediadakı fəaliyyətini nəzərə almaq, birini görmək, ikisini görməməkdir və məsələyə birtərəfli yanaşmaqdır. Azərbaycan İlahiyyat İnstitutunun media fəaliyyətini - işi-peşəsi sosial media olan, professional jurnalistika ilə məşğul olan subyektlərin fəaliyyəti ilə müqayisə etmək, məncə, düzgün deyil. Çünki İnstitutun bu fəaliyyətdən başqa, dövlətin müəssisə üzərində qoyduğu iki əsas vəzifəsi də vardır. Azərbaycan İlahiyyat İnstitutunun əməkdaşları olaraq bizlər də bu vəzifələri yerinə yetirmək üçün ciddi səylə çalışırıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31