Parkinq qiymətləri bahalaşdı- Ekspertlər nə deyir

1 aprel tarixindən etibarən Azadlıq meydanınındakı yeraltı dayanacaqda avtomobil park etmək üçün yeni tariflər tətbiq olunacaq:
0-1 saat üçün 1 AZN, 1-3 saat üçün 2 AZN, 3-6 saat üçün 3 AZN, 6-12 saat üçün 5 AZN, 12-24 saat üçün 10 AZN ödəniş tələb olunacaq.

Təklif olunan aylıq paketə görə, hər gün 12 saat maşını park etmək üçün 100, 24 saat üçün 140 manat ödəniləcək. "Qonşular" paketinə görə 75 AZN ödəniləcək.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, AYNA-nın balansında olan yeraltı parklanma məntəqələrində yeni aylıq tariflərə əsasən qiymətlər bir gün üçün 1 manat 66 qəpik-4 manat 66 qəpik arasında dəyişir. Hətta ən yüksək aylıq tariflə bir saata görə ödəniş 20 qəpik təşkil edir: "Qeyd edək ki, Hökumət evi, Qış parkı və Mərkəzi parkda yeraltı parklanma məntəqələri üzrə parklanma fəaliyyətindən daxilolmalar xərcləri tam qarşılamır.
Parklanma məntəqələrində mövcud avadanlıqlar (lift, eskalator, ödəniş terminalları, yanğından mühafizə sistemi və s.) qeyri-qənaətbəxş vəziyyətdədir, təmiri və yenilənməsi üçün əsaslı vəsait qoyuluşu tələb olunur".

"Yaranan zərərin azaldılması, eləcə də əhaliyə göstərilən xidmət səviyyəsinin artırılması məqsədilə mövcud tariflərin dəyişdirilməsi məqsədəuyğun hesab edilib", - deyə AYNA-dan bildirilib.

Parkinq qiymətlərinin qalxması həmin ərazidə əhalinin əksər hissəsinin narazılığına səbəb olub. Bu məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlının  fikirlərini aldıq:

-Bununla bağlı artıq bir xeyli müddətdir ki, müzakirələr gedirdi. Müzakirələrin də əsas səbəbi yeraltı parkinqlərin özü-özünü saxlaya bilməməsi idi. Çünki, xərclər çoxalır, həmin ərazidə işıqlardırma sistemi, mühafizə sistemi, işçilərin maaşı və s. özü-özünü dolandıran bir struktur olduğuna görə dövlət tərəfindən də  dəstək yoxdur. Belə olan halda bu qurum məcbur qalıb qiymətləri müəyyən qədər artırıb. Oradan gündəlik istifadə edənlər-qonşular paketi 50 manat məbləğində müəyyənləşdirilib. Azadlıq Meydanının yanında qiymətlər bir az bahadır. Hər bir halda böyük parkinq yeridir. Ümid edirəm ki, bu qiymətlər stabil qalmayacaq, bir müddət sonra bu qiymətlərə "əl gəzdirib" aşağı sala bilərlər. Çünki, 4000 avtomobillik parkinq ərazisidir, Azadlıq Meydanında isə daha çox. Bu qədər avtomobili ora cəlb etmək qiymətlərin daha əlçatan olması ilə baş verə bilər. Hər bir halda bu qəti bir qərar, qiymət deyil və düşünürəm ki, zamanla bu qiymətlərə bir daha nəzər salmaq olar. Bir çox insan avtomobilini aparıb kamera olmayan yerlərdə, ikinci cərgədə, səkidə, harada gəldi saxlayacaq və bu ciddi problemlər yarada bilər. Əgər belə olacaqsa, daha əlçatan bir qiymət qoyub insanları ora cəmləşdirmək daha yaxşı olar. Məsələn, Azadlıq Meydanının altındakı ərazinin qiyməti daha baha müəyyənləşdirilib. Səbəbi də odur ki, parkinq ərazilərində saxlamaq çətinlik yaradır. Amma alternativ varmı? Yoxdur. Zərifə Əliyeva küçəsi, Neftçilər prospekti boydan-boya dayanma-durma qadağan olunan bir ərazi sayılır. Yəni, prospekt boyunca hər tərəfdə dayanma-durma qadağandır. Belə olan halda sözsüz ki, insanlar üçün çətinliklər yaranır. Hər bir halda bunları nəzərə almaq lazımdır. Amma gündəlik istifadə üçün qoyulan qiymət elə də baha deyil. Yerüstü parkinqdə bu daha çox məbləğ təşkil etsə də, yeraltı da bu qiymət normaldır. Nəzərə alsaq ki, 12 saatdan çox iş yeri ola bilməz, 80 manat iş yerlərində olanlar üçün normaldır. Əksi olacaqsa, təbii ki, vətəndaşlar müraciət etməlidir, aidiyyatı qurumlar da bu məsələyə baxmalıdır.

Sosial məsələlər üzrə ekspert Üzeyir Şəfiyevin  fikrincə ümumiyyətlə, Azərbaycanda   xidmət sektoru insanların haqlı iradları ilə üzləşir. Bu təkcə "Qış Parkı" ilə bağlı deyil. Turizm sektorunda, yayda dənizkənarı xidmətlərdə də biz bunu müşahidə edə bilərik. Əhalinin aztəminatlı, minimum əmək haqqı alan kifayət qədər kütləsi var.  Bu baxımdan bu sfera əhalinin bütün təbəqələri üçün əlçatan, müyəssər olmalıdır. Hər kəs bu xidməti, rifahı öz üzərində hiss etməlidir.

Qiymətlər əlbəttə ki, əlçatan deyil. Özəlliklə, "Qış Parkı" və digər sahələrdə də bu özünü göstərir. Bununla bağlı monitorinqlər həyata keçirmək lazımdır. Xidmət insanların gəlir səviyyəsinə uyğun şəkildə olmalıdır. Bəziləri bu xidmətlərdən istifadə edir, məmnun qalır. Ancaq böyük qisim üçün bu xidmətlərdən istifadə onlar üçün müyəssər deyil. Bərabər imkanlar və bərabər şanslar yaratmaq lazımdır. Ölkə başçımız 2 fevral  2021-ci ildə "Azərbaycan 2030:sosial-iqtisadi inkişafına dair Milli Prioritetlər"də də qeyd etdi ki, prinsiplərdən biri sosial ədalət, inklüziv cəmiyyət məsələsidir. Bu baxımdan inklüzivlik həm də xidmət sektorunda təmin olunmalıdır. Düzdür, biz bazar iqtisadiyyatı şəriatində yaşayırıq. Ancaq bəzi məsələlər var ki, burada etatizmə, dövlət nəzarətinə, müdaxiləsinə ehtiyac var. İnsanların imkanlarına uyğun xidmətlər təşkil etməlidir. Bu məsələyə ictimai qınaq artırılmalı, sosial nəzarət gücləndirilməli və xidmət sferası bu iradları öz qiymət siyasətində nəzərə almalıdır. Təkcə paytaxtda deyil, eləcə də regionlarda, turistik obyektlərdə  xidmət səviyyəsi ilə qiymətlər arasında böyük bir fərq var. Yəni ki, xidmət sektoru aztəminatlı ailələri də nəzərə almalı, bu sektor bütün insanlar üçün əlçatan olmalıdır. Belə olacağı təqdirdə əlbəttə ki, inklüzivlik, bərabər imkanlar, bərabər şərait təmin olunar. Dayanıqll inkişafla bağlı qlobal çağırışlar mövcuddur. Onun əsas şüarı heç kəsi kənarda qoymamaqdır. Azərbaycan da bu çağırışlarla bağlı özünə öhdəlik götürüb və ölkəmizdə sosial dövlət quruculuğu prosesi gedir. Sosial dövlətin də birinci şərti insanların məmnunluğunu təmin etmək məsələsədir. Ölkə başçımız da Azərbaycanı sosial dövlət elan edib və bildirib ki, Azərbaycanda əsas faktor insan faktorudur. Xidmət sektoru da ölkə başçısının bu çağırışına fikir verməli, bundan irəli gələn tələbləri həyata keçirməli, xidməti bütün insanlar üçün əlçatan etməlidir. Hazırki xidmət sferasındakı qiymətlər insanların haqlı narazılığına səbəb olur və bu tənzimlənməlidir.

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31