Əsgər Pənahovun ailəsi ilə gec görüşməsinin SƏBƏBLƏRİ – VİDEO
22 Mart 2024 16:00 SosialBu il fevralın 28-də səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. Ermənistan İstintaq Komitəsi onun Cinayət Məcəlləsinin bir neçə maddəsi "sərhədi qanunsuz keçmək", "silah gəzdirmək" və s. ilə ittiham olunduğunu bildirib. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin martın 4-də yaydığı məlumatda isə R.Pənahovun Azərbaycana təhvil verilməsi ilə bağlı qərar qəbul olunduğu bildirib. Nəticə etibarilə iki həftə əvvəl Azərbaycana təhvil verilən əsgərimiz yalnız ötən gün Şəmkir rayonunda yaşayan ailəsinə qovuşub.
Əsgərimizin ailəsinə belə gec qovuşmasına səbəb nədir?
Mövzu ilə bağlı Medianews.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Azərbaycan əsgərinin azaraq Ermənistan ərazisinə keçməsi əvvəldən bəlli olub.

Onun sözlərinə görə, Azərbaycan Ordusu son 20 il ərzində gənc əsgərləri, yəni müddətli hərbi xidmət hərbi qulluqçularını heç bir halda xüsusi əməliyyatlara, o cümlədən rəqib ərazisindəki fəaliyyətlərə cəlb etməyib: "Bu baxımdan da əsgər Ruslan Pənahova qarşı Ermənistan İstintaq Komitəsinin açdığı cinayət işçləri tamamilə saxta və əsassız idi. Əsgərimizin sərhədi qanunsuz keçmək kimi bir niyyəti olmayıb. Onun silah gəzdirməsi də tamamilə normal haldır. Çünki o, sərhəd bölgəsində hərbi xidmət edir. Lakin Ruslan Pənahovun üzərində xüsusi əməliyyatlarda istifadə olunacaq hər hansı avadanlıq və vasitə olmayıb".
Hərbi ekspert Ə.Verdiyev deyib ki, əsgər Ruslan Pənahovun geri qaytarılması birmənalı olaraq, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin təzyiqləri altında baş tutub: "Rəsmi İrəvan anladı ki, ağ saplarla qara parça üzərində tikişi xatırladan bu saxta cinayət işinə görə Azərbaycan Ermənistanı növbəti dəfə cəzalandıra bilər. Əsgərimizin ailəsinə bir qədər gec qovuşmasına gəlincə, Azərbaycan qanunvericiliyinə uyğun olaraq, adətən əsirlikdən qayıdan hərbi qulluqçu və ya mülki şəxslər müəyyən müddət çərçivəsində yoxlamalardan keçirilirlər. Buraya həm də tibbi yoxlamalar, onların sağlamlıqlarının vəziyyətinin öyrənilməsi daxildir. Digər tərəfdən, geri qaytarılan hərbi qulluqçunun müəyyən sorğu-sual prosedurları var ki, bundan da onların keçməsi mütləqdir. Bu, həm dövlətimizin təhlükəsizliyi baxımından, həm də bir az əvvəl qeyd etdiyim kimi, qaytarılan şəxslərin tibbi sağlamlığı, mənəvi-psixoloji durumu baxımından vacib prosedurlardır. Burada qeyri-adi heç nə yoxdur. Vacib olan budur ki, əsgərimiz sağ-salamat geri qayıdıb və Novruz bayramını öz valideynləri, ailəsi ilə birlikdə keçirib".