Həmin adı daşıyan insanların yaşanmışlıqları var...

Valideynlərin bir qismi fərqində olmasalar da, övladları üçün seçdikləri ad, onların başqaları tərəfindən necə göründüyünü və gələcəkdə onların  hansı xarakterə malik olacağını formalaşdıracaq qədər böyük əhəmiyyətə malikdir. Hətta yetkinlik yaşına çatdıqdan sonra ətrafın basqısı ilə adını dəyişən kəslər də kifayət qədər çoxdur. Bu qədər effektiv təsirə malik olması adların valideynlər tərəfindən seçimini daha diqqətə layiq edir. 

EDA Terapiya Psixologiya Mərkəzinin Psixoloqu Ayşən Bayramova ad seçimləri ilə bağlı bu fikirləri qeyd etdi:

-Uşağa veriləcək   adın seçimi zamanı dəyərlər, inanclar, yaşam standartı, təhsil səviyyəsi, sosial mövqe, coğrafi və etnik xüsusiyyətlər kimi bir çox faktorlar bu müddətə təsir edir. Həmiçinin uşağın doğulduğu ay, gün, saat, fəsil, doğum yeri, böyüklərin kiməsə qarşı hiss etdiyi heyranlıq, şükran, minnət duyğuları və moda da bu müddətdə önəmli rol oynayır.
Doğulduğumuzda bizə verilən ad, onu sevib və ya sevmədiyimizdən, eyni zamanda başqalarının adımızı bəyənib və ya bəyənməməsindən asılı olaraq özgüvənimizə təsir edə bilir. Adla bağlı duyulan məmnuniyyətsizlik, şiddətli şəkildə özünü göstərdikdə, adı şəxs üçün tətikləyici rolunda belə ola bilir.
Qeyri-adi adlara sahib olanlar, zaman-zaman dostları tərəfindən ələ salına bilir ki, bu da onların şəxsiyyətinə dolayı yolla olsa belə neqativ təsirini göstərir.
Uşağa ad seçərkən, adın mənasına da, fikir vermək önəmlidir. Çünki, şəxslər, adlarının ifadə etdiyi mənanı rol model olaraq götürə bilirlər. Onlar, adlarının onlara verilmə səbəbini onlara yüklənən rol və gözləntilər kimi qavrayırlar. Belə olan halda isə həmin şəxslərin xarakter xüsusiyyətləri addan təsirlənir. Cəmiyyətimizdə bununla bağlı olaraq "adına uyğun hərəkət edib", "adına layiq" kimi ifadələri tez-tez eşidə bilirik.
Ad seçimi zamanı önəm veriləcək daha bir nüans uniseks adlardan qaçınmaqdır. Çünki, uşaqlar, qız və ya oğlan adı olduğuna inandığı adları qarşı cinsdə eşitdiklərində onlara lağ edə bilirlər. Bu isə həmin uşaqların özgüvəninə və adlarına olan münasibətinə öz neqativ təsirini göstərə bilir.
Uniseks adlar kimi tələffüzü çətin olan adlar da, uşaqlıqda başqa uşaqlar tərəfindən hədəf alına bilir. Təsirləri isə uşaqlıq dövrü ilə məhdudlaşmayaraq, yetişkinlik dövrünə qədər uzana bilir.

Psixoloq Vəfa Rəşidova Demir:

-Ümumiyyətlə, valideynlər çox zaman ad qoyarkən buna fikir vermirlər. Halbuki bu o qədər önəmli bir məqamdır ki. Çünki, hər adın bir mənası var. O adı daşıyan insanların da yaşanmışlıqları var. Uşağın hansı adı daşıyacağına diqqət etmək lazımdır. Dini addırsa, onun həyatda hansı funksiyasının olması adı daşıyan insana yansıyır. İnsan öz adını araşdırır, həmin adı tarixdə kimlər daşıyıb deyə maraqlanır və oradaki xüsusiyyətləri, xarakteri psixoloji olaraq öz həyatına daşıya bilir. Ona görə də gözəl adlar seçmək lazımdır. Məsələn, Zəhra çox gözəl addır, eyni zamanda bu adı daşıyan insan da zamanında dinimizdə özündən sonra gözəl bir iz qoyub. Amma bu o demək deyil ki, bütün insanlar təkrar adlardan istifadə etməlidir. Uğurlu insanların adlarından istifadə etmək lazımdır ki, uşaqlarımızın gələcək həyat strategiyasını formalaşdırarkən daha güvənli addımlar ata bilsin. Bəzən elə isimlər qoyulur ki, uşaqlar kompleks yaşayırlar. Uşağın gələcəyini nəzərə almaq, bir az zamana uyğun adlar seçmək lazımdır. Peyğəmbərimiz buyurub ki, zamana görə düşünün, yaşayın. Bu fikir bu nüansda da rol oynayır. Zamana görə ad seçimi etmək lazımdır ki, uşaqlarımız sabah məktəbdə, universitetdə və s. yerlərdə adlararını deyərkən kompleks yaşamasınlar. Bu çox önəmli məqamdır. Praktikamda çox olub, uşaqlar adlarına gprə kompleks yaşayanda   anasına, atasına qarşı aqressiv olublar. "Nəyə görə anam, atam mənə bu adı seçib?" Adlarını sevmədiklərinə görə isə xarakter olaraq tam formalaşa bilmirlər. İnsan birinci növbədə öz adını sevməlidir. Sonradan o adın verdiyi enerji ilə həyatını qura bilir. Adını sevməyən bir insan həyatda heç zaman rahat addımlar ata bilməz.

Psixoloq, psixoterapevt Elmir Əkbər:

-Əslində, bu çox əhəmiyyətli məqamdır. Təəssüf ki, valideynlərin bir çoxu buna lazımınca diqqət ayırmır, başdangetdi yanaşır və yaxud bəlkə özləri də dərk etmirlər ki, uşağın adı onun həyatında nə qədər böyük bir rol oynayır. Adları sadalamaq istəmirəm. Həmin insanlar yazını oxuyan zaman məyus ola bilərlər. Həyatımızda o qədər qəribə adlara rast gəlmişik ki, insanlar buna görə nə qədər kompleks keçiriblər. Mən universitetdə dərs deyəndə qəribə adı olan tələbələr adlarını çəkməli olduqda hər zaman utanırdılar. Hətta bu proqram üzrə məktəblərdə iş aparmışıq. Uşaqların arzusu ilə maraqlananda onlardan biri dedi ki, mənim ən böyük arzum budur ki, 18 yaşına çatım və rəsmi qaydada öz adımı dəyişdirim. Ad çox əhəmiyyətlidir. Əbəs yerə deyil, dində Məhəmməd peyğəmbər də deyir ki, valideynin övlad qarşısında bir sıra borcları  var. Bunlardan da biri onlara düzgün, uyğun ad qoymaqdır. Kitabi-Dədə Qorqudda adqoyma mərasiminə görün nə qədər önəmli yanaşılır. Bugünki gün məni sevindirən bir vacib məqam odur ki, bu məsələyə nəzarət var. Mən özüm bir ziyalı olaraq  AMEA Dilçilik İnstitutunun direktoru Sayalı xanıma təşəkkürümü bildirirəm. Mübarizə aparır ki, bu eybəcər adlar qoyulmasın, düzgünlük olsun.  Mistikaya meyilli insanlar deyirlər ki, ad insanın həyatında mistik rol oynayır. Bir insanın adı qəribədirsə, gülüncdürsə, yox, mistikanı buraxın. .

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31