Sosial şəbəkələr şəxsi münasibətlərimizə necə təsir edir?

Instagram, Facebook və TikTok kimi sosial media platformaları gündəlik həyatımızın əhəmiyyətli bir hissəsini əhatə edir. Bu platformalar sayəsində sosial mühitimizlə daim əlaqə saxlayırıq. Hər kəs kimin, harada və bir-birinin nə etdiyinə nəzarət edir. Real həyatda heç tanımadığımız insanların şəxsi həyatı haqqında çox şey öyrənə bilirik. Sosial media vasitəsilə tanış olan, dostlaşan, birlikdə iş görən, evlənənlərin sayı da kifayət qədər çoxdur.
Gün keçdikcə daha geniş kütlələrə yayılan sosial media istifadəsi düzgün idarə edilmədikdə ruhi xəstəliklərdən tutmuş ailələrin ayrılmasına qədər bir çox problemə səbəb olur. Özünü tənha hiss edən insanlar sosial dəstək üçün bu kanallara üz tuturlar, bu da onların real həyatdakı münasibətlərinin daha da pisləşməsinə səbəb olur. Mütəxəssislər sosial medianın insanın bütün maraq və diqqətini öz üzərində cəmləyərək ailədaxili ünsiyyəti və həyat yoldaşlarının bir-biri ilə paylaşmasını azaldan amil olduğunu, sosial şəbəkələrin də çox vaxt nikahdankənar əlaqələr kimi vəziyyətlərə gətirib çıxardığını vurğulayır.
Günümüzdə bir çox insanlar sosial şəbəkələrdən dostları ilə əylənmək, boş vaxtlarını keçirmək, məlumat əldə etmək, cari gündəmi izləmək kimi məqsədlər üçün istifadə edirlər. Sosial şəbəkələrin boş vaxt keçirmək, əylənmək, söhbət etmək, məlumat mübadiləsi aparmaq, gündəmi izləmək kimi məqsədlər üçün yeganə vasitəyə çevrildiyini bildirən psixoloq Ülkər Məmmədli qeyd edir ki, televiziya və kompüterlər kimi sosial media və sosial şəbəkələr də insanın bütün marağını və diqqətini öz üzərində cəmləyərək ailədaxili ünsiyyəti və həyat yoldaşlarının bir-biri ilə əlaqələrini azaldan amildir və asılılıq yaratma xüsusiyyətinə malikdir. Bəs sosial media şəxslərarası münasibətlərimizə necə təsir edir?
"İnternetdən və sosial mediadan həddindən artıq istifadə alkoqol və maddə asılılığı kimi, zamanla əhval pozğunluğu və qavrayış pozğunluğu kimi problemlərə səbəb ola bilər. Sosial media asılılığı dediyimiz vəziyyət internet asılılığı kateqoriyasına düşür və bu psixologiya ədəbiyyatında qəbul edilən problemdir. Asılılıqla tolerantlıq inkişaf etdikcə, insanın internetdən və sosial mediadan istifadə etdiyi vaxt getdikcə artır. Əgər ona çata bilmirsə, məhrumiyyət hiss olunur və insan aqressiv və narahat olmağa başlayır. Sosial mediada baş verənlərdən geri qalmayan, davamlı olaraq internetə girə biləcəyi mühitlər axtarmağa başlayır. Əslində insanın sosial və şəxsi həyatı sosial mediada tam aktiv olmağa başlayır ki, bu da insanın real həyatda passiv olmasına səbəb olur. Bu səbəbdən sosial mediadan istifadənin artması cütlüklər arasında ünsiyyəti getdikcə azaldır və əlaqələrə zərər verə bilir.
Həddindən artıq sosial mediadan istifadənin münasibətlərə təsiri ilə bağlı çoxlu təcrübələrimiz var. Bu təcrübələrin nəticələrinə nəzər saldıqda, demək olar ki, oxşar nəticələrlə qarşılaşırıq. Sosial media ilk baxışdan ünsiyyət üçün əla bir yol kimi görünsə də, həddindən artıq istifadə edildikdə münasibətlərə zərər verə biləcək müxtəlif təsirlərə malikdir. Şübhəsizdir ki, sosial mediadan həddindən artıq istifadə cütlükər arasında emosional məsafə, xəyanət və münasibətlərdə ünsiyyət problemlərinə səbəb ola bilər. Gündəlik həyatımızda da demək olar ki, bu halların şahidi oluruq. 
Sosial mediada sərf olunan vaxtın artması ilə cütlüklər arasında romantika, emosional ünsiyyət və fiziki yaxınlıq getdikcə daha çox kəsilir. Cütlüklər arasında problemlər dilə gətirilməz və həll olunmaz hala gəlir. Bu çıxılmaz vəziyyətdə olan cütlüklər bu boşluğu sosial media məzmunu, virtual söhbət mühitləri və virtual partnyorlarla doldurmağa başlayırlar. Sosial mediaya sığınmaq, həyatın stresindən uzaqlaşmaq və münasibətlərimizdəki neqativ hallardan xilas olmaq üçün ən praktik həll yollarından birinə çevrilib. Üz-üzə oturub ünsiyyət qurmaq çətinləşib, internet üzərindən yazışmaq asanlaşıb. Nəticədə münasibətləri canlı tutmağın ən vacib hissəsi olan ünsiyyət sosial media vasitəsilə yox olmağa başlayıb. Təəssüf ki, belə olan halda ünsiyyətin itməsi ilə ayrılıq və boşanma halları da qaçınılmaz olacaq.
Bu gün münasibətlərin keyfiyyəti digər cütlüklərin sosial media hesablarında sadəcə anlıq, bəlkə də reallıqdan tamamilə uzaq bir formada ola biləcək görüntülərinə əsasən təyin olunmağa başlayı. Tutaq ki, "onlar ora birlikdə getdilər, hər zaman səyahət edirlər", "necə xoşbəxt görünürlər", "biz niyə bu cütlük kimi deyilik?" və s. bu  cür düşüncələr insanları öz münasibətlərini mənfi tənqid etməyə vadar edir və bununla da sonda münasibətləri rəqabətə sürükləyir. Beləcə, qeyri-real rəqabət özü ilə ambisiya gətirir, ambisiya isə münasibəti məhvə aparır.
Həddindən artıq sosial mediadan istifadənin cütlükləri təhlükə altına salan başqa bir amil də "sadiqlik" anlayışıdır. Cütlüklərdən biriinin hər zaman əlində telefon var, sosial media platformalarında çox aktivdir və partnyoru ilə müqayisədə bu platformalarda daha çox vaxt keçirir. Bu zaman bu qarşı tərəfdə etinasızlıq hissi yaradır və bu fikir insanda xəyanət hiss etməsinə səbəb ola bilər.
Bəzi cütlüklər isə münasibətlərindəki problemləri həll etmək üçün addım atmaqdan qaçaraq virtual əlaqələrə sığınırlar ki, bu da onlara görə daha asan həll yoludur. Son illərdə aparılan təcrübələr göstərir ki, boşanma və ayrılığın ən çox görülən səbəblərindən biri virtual xəyanətdir. 
Virtual xəyanət əsasən münasibətlər daxilindəki münaqişəni və ya münasibətdən həzz almamasını əks etdirsə də, tərəflərin münasibətlərdəki çətinliklərlə mübarizə yolları maraq, həyəcan axtarışı və uzaq məsafə kimi amillərin virtual xəyanətə səbəb olduğu düşünülür.
Təəssüf ki, sosial platformaların yayılması və populyarlaşması xəyanətlərin artmasına yüksək təsir göstərir. Normal şəraitdə ünsiyyət qurmağın çətin və ya qeyri-mümkün olduğu insanlarla sosial platformalar vasitəsilə asanlıqla əlaqə saxlanıla bilər. Cütlüklər, aralarındakı problemləri həll etmək üçün səy göstərməkdənsə, başqa bir insanla virtual ünsiyyət qurmağa və razı qalmağa üstünlük verə bilirlər. Kimliyini gizlətmək, üz-üzə olmamaq imkanı insanlara rahatlıq verir və bu səbəbdən virtual daha əlaqə cəlbedici olur.
Sosial medianın bir çox müsbət xüsusiyyətləri olsa da, həddindən artıq istifadə olunarsa bir çox mənfi təsirləri də özü ilə gətirə bilir. Texnologiyanın ön planda olduğu çağımızda bir çox işin internet və sosial platformalar vasitəsilə görülməsi adi hala çevrilib. Ancaq emosional və sosial həyatlarımızı bu qarışığa daxil etdikdə, qarışıqlığa çevrilmə ehtimalımız artır. Biz qeyri-real təcrübələrə və qeyri-real xoşbəxtliyə daha çox meyilli ola bilirik və özümüzdəki, tərəfdaşımızdakı və ətrafımızdakı gözəlliklərdən çox çatışmazlıqlara diqqət yetiririk. Bu vəziyyət əlimizdə olanların qədrini bilməməyimizə və bəlkə də qeyri-real, illüziyalı həyatlar üzündən onları itirməmizə səbəb ola bilir. Hər şey onu qədərində, yerində və funksional olaraq istifadə etsək, bizim üçün faydalı olar. Doza həddinin aşılması ilə funksionallıq da itir.
Şübhəsizdir ki, internet və sosial şəbəkələr artıq günümüzün bir hissəsidir. Onun mənfi tərəfləri var deyə istifadə etməməliyik sözünü əlbəttə, deyə bilmərik. Əhəmiyyətli olan ondan necə istifadə olunmasıdır. Həddindən artıq istifadə olunarsa və həyat yoldaşına və ya ailəsinə ayrılması lazım olan vaxtı alırsa, bu, insanın həyatında həyat yoldaşları arasında emosional əlaqənin olmaması, ünsiyyət olmaması və s. kimi digər çatışmazlıqları göstərə bilər. Əgər kimsə onları bağlamaq üçün bunlara müraciət edib həqiqi həll yollarından uzaqlaşarsa, bu olduqca zərərlidir.
Əgər insanlar sosial medianın onlara zərər verməyə başladığını düşünürsə, etməli olduqları ilk şey diqqətini başqa bir məsələyə yönəltməkdir. İşə özünüz üçün başqa məqsədlər qoyaraq başlayın və onlara diqqət yetirin. Beləliklə, bu məqsədlər sizin prioritetinizə çevriləcək və siz avtomatik olaraq sosial mediada daha az vaxt keçirəcəksiniz. Bununla belə, sosial mediada həyat yoldaşınız, tərəfdaşınız və ya dostlarınızla məlumat mübadiləsi aparmaq və ya ünsiyyət qurmaq əvəzinə, bu insanlarla fiziki olaraq görüşmək ünsiyyətinizi gücləndirəcək və şəxsiyyətlərarası problemlərinizə qalıcı, təsirli həll yolları tapmaq ehtimalınıza töhfə verəcəkdir".

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31