Xaricdən qrant alanların sayı artır- ÖZƏL
28 Noyabr 2023 10:43 Sosial"Qrant almaq qeyri-qanuni bir iş deyil. Qrant haqqında Azərbaycan Respublikasının qanunu var." Bu fikirləri Olaylar.az-a açıqlamasında QHT sədri, jurnalist Taleh Şahsuvarlı deyib: "Bu qanun çərçivəsində əldə olunan qrant vəsaiti qanunidir və heç bir hüquqi məsuliyyət doğurmur. Ancaq çox təəssüflər olsun ki, xaricdə olan bir sıra təşkilatlar və eləcə də ölkədə qeydiyyatdan keçmiş və ya qeydiyyatdan keçməmiş müəyyən QHT kimi fəaliyyət göstərən qurumlar həmin bu xarici donorlarla əlaqəyə girirlər və ölkəyə qrant adı altında qeyri-rəsmi, qeyri-hüquqi pullar keçirirlər. Bu da heç də sərhəddən, gömrükdən birbaşa keçmir. Müxtəlif üsullardan istifadə edirlər. Hüquqi məsuliyyət doğurmayan həcmdə, hissə-hissə vəsaitləri ölkəyə daxil edirlər. Sonra tində-bucaqda olan bankomatlardan istifadə edərək onu əldə edirlər. Bütün bunlar əlbəttə ki, hüquqi məsuliyyət doğurur, çünki Azərbaycan Respublikasının Cinayət Məcəlləsi var və həmin Cinayət Məcəlləsində ölkəyə bəyan edilməmiş pulların keçirilməsi, mənşəyi məlum olmayan pulların keçirilməsi qaçaqmalçılıq sayılır. Bu qaçaqmalçılığa qarşı da Azərbaycanın hüquq mühafizə orqanları lazımi tədbirlər görür, qrupları məsuliyyətə cəlb edir və bu belə də olmalıdır. Qanun qanundur və heç kimin də qanundan kənara çıxmağa ixtiyarı yoxdur. Kimsə doğurdan da vətəndaş cəmiyyətinə töhfə vermək istəyirsə, kimsə Azərbaycanda söz azadlığının, vətəndaş cəmiyyətinin inkişafına töhfə vermək istəyirsə, onda bu istiqamətdə həyata keçirilən lahiyələrin maliyyəsi şəffaf olmalıdır. Müvafiq qaydada qeydiyyatdan keçirilməlidir və onun hesabatları da cəmiyyətə açıq olmalıdır. Ancaq çox təəssüflər olsun ki, bu qeyri-qanuni pulları keçirənlər, qeyri-qanuni qrantları alanlar heç də bu şərtlərə əməl etmirlər."