AYAQ BASDIĞI VƏTƏN TORPAĞINI ÜRƏYİNİN BAŞINDAN KEÇİRƏN OĞUL

Mobil telefonum səsləndi, açdım. Anındaca səsinin kədərindən tanıdım. Öz şəhid izini torpağa salan Əyyubov Ceyhun Savalan oğlunun anası Arzu xanım idi.

-Oğlumun ev muzeyinin açılışında iştirak etməyinizi çox arzu edirəm. Əgər zəhmət olmasa, gələrsiniz.

İlahi, bu şəhid analarında bu qədər təmkin, bu qədər zadəganlıq haradandır görəsən? "Zəhmət olmasa..." Zəhmət nədir Arzu xanım?! Sizin igid balanız bizlərin yolunda şəhid olmayıbmı?! Vətən yaşasın deyə canını qurban verməyibmi?! Siz xahiş yox, tələb edə bilərsiniz.

Yox, bu sözləri ona söyləmədim, ürəyimdə dedim. Xətrini çox istədiyim, hörmət etdiyim bu qadına yalnız "Mütləq gələcəyəm" söylədim və bu tədbirdə iştirak etdim. Şəhidin ev muzeyinin ətrafına toplaşanlar küçəyə sığmırdılar. Vətənini, elini sevənlər, şəhidlərimizi, qazilərimizi əziz tutanların hamısı burada idi . Hər kəsin çıxışında bir nisgil, kədər olsa da, belə bir cəngavərlə qürürlandıqlarını, fəxr etdiklərini duymamaq mümkün deyildi.

Ceyhun 16 avqust 1992- ci ildə Yevlaxda dün­yaya göz açıb. Şəhər 4 nömrəli tam orta məktəbin IX sinifini bitirən kimi Cəmşid Naxçivanski adına hərbi liseyə qəbul olub.  Ana babasının hərbçi, atasının I Qarabağ müharibəsinin qazisi olması, anası Arzu xanımın da hərb sənətinə olan sevgisi Ceyhunu bu məktəbə aparmışdı. 3 il hərbi liseydə təhsil aldıqdan sonra Heydər Əliyev adına Ali hərbi  məktəbə daxil olmuşdu. 4 illik təhsilini 2014-cü ildə tamamlayaraq təyinatla daha 1 il də Heydər Əliyev adına Ali Hərbi məktəbdə Təlim-Tədris Mərkəzində dinləyici zabit olub. 2015-ci  ildə leytenant rütbəsi alıb. Göndərişlə Daşkəsənin Xoşbulaq kəndində zabit kimi fəaliyyətə başlayıb. 4 ay tağım komandiri kimi calışıb və 2015-ci ildə ermənilərə daha yaxın olan posta göndərilib. Bir müddət Murov ətrafında, 2016-cı il oktyabr ayından Tovuz rayonunun "N" saylı hərbi hissəsində tağım komandiri kimi çalışıb. Baş leytenant rütbəsinə layiq görülüb. 2020-ci ilin yanvar ayında Bakıya 1 aylıq ixtisasartırma kursuna təcrübə toplamağa gedib.

Arzu xanım bir ay oğlunun yanın­da olub, körpə kimi qulluğunda durmuşdu. Kursu başa vurduqdan sonra Ceyhun bölük komandiri kimi Daşkəsənə  qayıdıb. Bu o vaxt idi ki, düşmən hər gün daha azğın­laşırdı. Bu təxribatlarda  şəx­sən tanıdığı vətənimizin igid oğlu Polad Həşimovun şəhid olması Ceyhunu sarsıtmışdı. Həmin gün döyüş­çü yoldaşlarına: "Bu qan yerdə qalmayacaq. Allah düşmənin də qeyrətlisini versin. Bu isə alçaq erməni­lərdə yoxdur" demişdi.

2020-ci il 27 sentyabr sabahı qan qoxulu torpaqla­rımızı işğaldan azad etmək ücün bütöv bir millət olaraq savaşa girdik. Önümüzdə Ceyhun kimi igidlər gedirdi düşmən üstünə. Ayaq basdıqları torpağın hər addı­mı­nı ürək­lərin­dən keçirib bizə vətən edir­dilər. Narahat ol­ma­­­sın, üzülmə­sinlər deyə ən qay­nar nöqtələrdə vuruş­duğunu gizlətmişdi ailəsindən. Döyüş yoldaşları danışır ki, müharibənin ilk günləri hamımız həyəcan içində idik, Ceyhunun isə heç bir qorxu və həyəcan hissi yox idi. Döyüşlərdə günlərlə yuxusuz qalırdı, saatlarla ayaq üstə dururdu. Bunlar onu nə yorur, nə də usandırırdı. Uğrunda döyüşdüyü torpaq­ların hər qarışının yağı tapdağından təmizlənməsi üçün aslan kimi döyüşürdü. Şəhidliyin alın yazısı oldu­ğuna inanmışdı. Bir gün qollarını açaraq, MTO-nun nüma­yəndəsinə və öz komandirinə gülə-gülə: "Şəhidlə görüşmək istəmirsiniz?" demişdi.

Ceyhun həm döyüşür, həm  yaralı əsgərləri təh­lükəli yerdən çıxarırdı. Özü yaralansa da, neçə yara­lını xilas etmişdi. Əfsuslar olsun ki, Kəlbəcər isti­qamətində gedən qızğın döyüşlərdə düşmən snayperi Ceyhunu ürəyindən vurdur. Vətən üçün döyüşən şir misalı ürək şəhid kimi qoruduğu torpağa düşür.  Döyüş dostları həmin posta Ceyhunun adını verdilər.

Şəhidin ev muzeyində "Biz vətən üçün doğulduq" kitabımın ona həsr etdiyim yazıdan yadımda qalan məqamları birər-birər xatırladım.

Ev muzeyində atası Savalan kişi toxtaq dayanmağı bacarsa da, gözyaşıyla danışır Arzu xanım: "Son dəfə 26 iyun Silahlı Qüvvələrin yaradılması günü görmüşəm balamı. Getmişdik Daşkəsənə yanına. Yadda qalan, gözəl bir gün keçirdik birlikdə. Nə biləydim ki, bu bizim son görüşümüzdür. Bilsəydim sinəmi yarıb balamı orada gizlədərdim ki, fələk bizdən uzaq dursun. Eh, indi yuxumun qapısını açıq saxlamışam ki, səni görüm ay bala..."

Fikirləşirəm... Deyirlər, zaman bütün dərdlərin dərmanıdır. Lakin elə dərd var ki, illər ötsə də, tam sağalmır. Və elə bu dərdlə, bu ağrı ilə həyata davam etməyi öyrənirlər. Arzu xanım da, Savalan kişi də Ceyhunsuz yaşamağın ağırlığına dözməyə çalışırlar.

 Azərbaycanın Müzəffər Ali Baş Ko­man­danı İlham Əliyev vətən uğrunda göstər­diyi qəhrəman­lığa görə Əyyubov Ceyhun Savalan oğlunu 3-cü də­rə­cəli "Rə­şadət" ordeni ilə təltif etmişdir. O həm də "Vətən uğrunda",  "İgid­­­­liyə görə" və "Kəlbəcərin azad olunmasına görə" medallara layiq görülmüşdür.

Şəhidin ev muzeyində bir neçə saat olduq. Buranı tərk edərkən bir daha təsdiq etdim ki, şəhidlər heç zaman ölmürlər, dünya durduqca yaşayırlar.

  

Əminə YUSİFQIZI

Respublikanın Əməkdar jurnalisti

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31