Bir az dərdli, bir az şən, bir az də sərt və mərd redaktor

Züleyxa NADİR

Zaman o zaman idi ki, işlədiyim "Azərbaycan dünyası" qəzeti  maliyyə çətinliyindən dolayı bağlanmaq təhlükəsi ilə üz-üzə dayanmışdı. Şüurlu surətdə dərk edirdim ki, mənə çətin olacaq. İşləməsəm 3 yaşlı oğlumu böyüdə bilməyəcəm. Həyat yoldaşımı bir il idi  itirmişdim. Bir gün "Aydınlıq" qəzetinə getdim. Tələbə yoldaşlarım Mahal İsmayıloğlu və Məmməd Nazimoğlu orda işləyirdilər. Məni xoş qarşıladılar. Oturub çay içdik, dərdləşdik. Dünyasını dəyişən həyat yoldaşımdan sonrakı yaşayışımla maraqlandılar. Vəziyyəti izah etdim, işlədiyim qəzetin ömrünün sona çatmasına az qaldığını söylədim.

Mahalla birlikdə məni yola salmaq üçün aşağı düşdük. Elə liftdəcə dedi ki, Züleyxa qardaş, özüm yuxarıda söyləmədim, təkcə Məmməd bilir, başqalarının xəbəri yoxdu. Heydər Əliyev Prezident Aparatında işləmək üçün məni yanına çağırmışdı. Qəbul etmədim. Mən, axı, jurnalistəm. Dedim ki, cənab prezident,  "Xalq qəzeti" xeyli vaxtdı çapını dayandırıb, çıxmır. İcazə versəniz qəzetin yenidən nəşrinə başlayaram. O da razı oldu. Yəqin ki, bir-iki aya qəzetin  baş redaktoru olaram. Narahat olma, qoy təyin olunum, sənə xəbər edəcəm. Gələrsən birlikdə işləyərik. Amma iki ay yox, iki həftə sonra Mahal İsmayıloğlu mənə zəng vurub onu təbrik etməyimi və redaksiyaya gəlməyimi söylədi. Ertəsi gün qəzetdə işə başladım. Həyatımın yeni dönəminə qədəm qoydum.Onda 1995-ci ilin noyabr ayı idi.

Cəmi - cümlətanı dörd il "Xalq qəzeti"ndə işlədim. Amma  həmin dörd il həyatımın ömür kitabına çox şeylər yazdı. Taleyimin bəzi ağrılarına burda məlhəm qoyuldu. Həyatımın ən ağır dönəmini də bu qəzetdə keçirdim. Heç nəyə baxmayaraq qəzetin kollektivi ilə çalışdığım o dönəm ürəyimin işıqlı yerinə hoparaq mənim üçün çox gözəl bir xatirəyə çevrildi.Və bu xatirələrin içindən hər zaman bir Mahal İsmayıloğlu boylanır -jurnalistikanın barmaqla sayılacaq bilicilərindən biri, savadlı, zəngin mütaliəli, kollektivlə səmimi davranan, hər kəslə ayrılıqda dərdləşən və hər kəsə yaradıcılıq meydanı verən, sadə, yumor hissi olan, iradəli, səxavətli, dözümlü,  zəhmətkeş, cəsarətli, mərd, bəzən də sərt, bir az ziddiyyətli və çox demokratik baş redaktor. İndiyə qədər tanıdığım redaktorlar arasında bu parametrlərin hamısını bir cəm olaraq daşıyan  tək rəhbər kimi yaddaşımda qalıb tələbə yoldaşım, dostum, QARDAŞIM.

Sonuncu sözü ona görə böyük hərflərlə yazdım ki, o mənə "Züleyxa qardaş" deyirdi. Bu sözün də tarixçəsi tələbəlik dövründən başlayır.İndi həkim olan rəfiqəmi sevirdi Mahal. Doktor xanımı jurnalistika fakültəsinə - mənim yanıma gələndə görmüş və aşiq olmuşdu. Onunla daha yaxından tanış olmaq üçün mənə möhtac olduğunu anlayan tələbə dostum üçün qardaş olmuşdum, sirdaşa çevrilmişdim. Təəssüf ki, onların  tale yolu kəsişmədi. Ömür karvanı hərəsini bir səmtə apardı. Amma mən "qardaş" statusundan məhrum olmadım (burada bir təbəssüm işarəsinə ehtiyac var). Bu adın məsuliyyətini, çəkisini şərəflə daşıdım.

Qardaşlar arasında bəzən söz də olur, söhbət də, incimək də, küsmək də. Bizdə də oldu. Nə yazıq ki, bədxahlar aramızda bir uçurum yaratdılar. Amma mən heç bir zaman ondan incimədim, küsmədim, dərd etmədim. Əksinə həm redaktor işləyəndə, həm də işsiz zamanlarında onun müdafiəsində dayandım, haqqını yeyənlərin, zəhmətini tapdalayanların, əməyinə dəyər verməyənlərin, ən azı, insafsız olduqlarını sübut etdim. Azərbaycan mətbuatında Mahal İsmayıloğlu imzasının sanbal olduğunu söylədim. Dünyanın mizan - tərəzisinin pozulmuş, əyilmiş tərəflərini yerinə qoymaq üçün Mahal İsmayıloğu kimi bir SÖZ adamının əməyi danılmazdı - bunu dedim hər zaman onu sevməyənlərə...

***

Mahal İsmayıloğlu əbədi dünyadadı, onu həzm edə bilməyənlərin də çoxu bu dünya ilə vidalaşıb. İndi adlarını çəksəm, əminəm ki, gənc oxucular onları tanımayacaq (yaxşı da ki, tanımayacaqlar). Ona görə də yazmağı lazım bilmirəm. Amma bu günün, sabahın xiridar və zövqlü oxucusu üçün Mahal İsmayıloğlu imzası hər zaman istedad göstəricisi olacaq. Mənim üçün isə eyni məntiqlə o, "Xalq qəzeti" ilə bağlı xatirələrimin mərkəzində dayanan istedadlı jurnalist olmaqla yanaşı, bir az dərdli, bir az şən, amma azad ruhlu redaktor idi. Ondan əvvəlki illərin yaddaşına hopmuş xatirələr isə Mahal İsmayıloğlunun rəhbərlik etdiyi qəzetlə heç bir əlaqəsi olmadığı üçün illərin o tayında qalmış xoş anlardı. Və mən illər sonra  qardaşım, tələbə dostum, baş redaktorum haqqında xatirə yazıram. İllərin o tayına boylanaraq yaddaşımı varaqlayıram. Oralarda ilişib qalmış acılı-şirinli günləri bir daha yaşayıram. Mahal müəllimin xatirəsinə işıq tutmağa çalışıram.

Xatirə yazmaq çox çətindir. Yazıçılardan biri deyib ki, xatirə xüsusi növ ədəbiyyatdır. Məncə, doğrudur.  Xatirə insanın iç dünyasına səyahət deməkdir.  Xatirə yazmaq  insanın heç vaxt unutmadıqlarını, qəlbinin ən işıqlı yerində saxladıqlarını yenidən göz önünə gətirmək və yaşamaqdır. Xatirələr acı olur, şirin olur. Xatirələr uzaq olur, yaxın olur. Xatirələr bəzən insan dərdinin dərmanı, bəzən də insana yenidən yara vuracaq  qədər kədərli olur. Ona görə də ən əsas və ən çətin məsələ hardan başlamaq yox, necə başlamaqdır.  Eləcə də hadisələrə düzgün yanaşmaq, olanı doğru, olduğu kimi təqdim etmək şərtdir. Göz önündə olmayan insanın xatirəsilə bağlı yazmaq uzaq olanda çətindi, yaxın olanda ağrılıdı. Mahal İsmyıloğlunun xatirəsi  çox da uzaqda olmadığı üçün bir qədər ağrılıdı. Mən bu ağrını ilk dəfə 2015-ci il avqustun 28-də yaşadım. Həmin gün onun dünyadan köç etdiyini eşitdim. Və facebook səhifəmdə belə bir yazı paylaşdım: "Pis olmuşam... çox pis olmuşam...Ölümün adiləşdiyi bir zamanda Mahal İsmayıloğlunun dünyasını dəyişməsi xəbərini isə adi qarşılaya bilmirəm... ağrıyıram. Mahal neçə illər idi xəstə idi - bilirdim, xəbərim var idi. Amma mən onu nə ziyarət edə bildim, nə də təsəlli verə bildim. Bax indi buna çox peşmanam, çox...

Mahal mənim tələbə yoldaşım olub. Ayrı kurslarda oxusaq da münasibətlərimiz çox yaxın dostluq, qardaşlıq dərəcəsində, hətta sevdiyi qızla bağlı sirrini mənimlə bölüçəcək qədər səmimi idi. Mahalla "Xalq qəzeti"ndə xeyli müddət birlikdə işləmişik. İş elə gətirib ki, mən 4 ay həm ona katibəlik, həm də qəzetdə müxbirlik etmişəm. Mahalı çox gözəl tanıyırdım və məhz həmin o katibəlik dönəmində qəzetdə kimlərin onun ayağının altını qazdığını, kimlərin ona arxadan bıçaq vurmağa çalışdığını gördüm. Elə özü də bildi, hiss etdi, amma əhəmiyyət vermədi, əksinə onlara daha çox yaradıcılıq meydanı verdi, inandı, arxalandı...
Mənə "Züleyxa qardaş" deyə müraciət edirdi. Üçüncü mərtəbədə hamı bilirdi ki, redaktor koridorun sonundakı balaca otağa gəlib "Züleyxa qardaş, gəl görüm" deyərək məni otağına dəvət edəndə nəsə bir dərdini danışmaq, ya da ki, evdə, ailədə, qohumda, qonşuda onunla bağlı baş vermiş bir xoşagəlməz hadisənin təsirindən xilas olmaq üçün söhbətə çağırır...
Son yolçuluğun mübarək, qardaşım. Allah bu dünyada taleyinə yazdığı ağrı-acını, kədəri-qəmi, mənəvi əzabları o biri dünyada özünün rəhməti ilə mükafatlandırsın"...

***

Mahal İsmayıloğlu Azərbaycan jurnalistikasında ağır çəkili SÖZ ustadı, sanballı fikir sahibi idi. Onagörə də ona "SÖZün ustad sənətkarı" deməkdən çəkinmirəm. Hər söz ayrılıqda yalnız bir məna daşıyır. Amma jurnalist sözlərə hiss, duyğu, həyəcanlarını yükləyəndə həmin sözlər zənginləşir, əsil sənətkar əlindən çıxmış mükəmməl sənət əsərinə çevrilir. Mahal İsmayıloğlu məhz belə jurnalist idi. Onun SÖZ dünyasında satirik fikirləri, kəsərli sözləri, tənqidi ifadələri daha çox idi. "Aydınlıq" və "Xalq qəzeti"ndəki yazıları  hər zaman öz nəticəsini verirdi. Problemin üstünə gedərək cəsarət nümayiş etdirən Mahal müəllimin  yazılarını indi də xatırlayanlar çoxdu.

Bu gün jurnalist olmaq çox rahatdı. Meydan geniş, senzura yox, istədiyini yazmaq imkanı var. Kompüter texnologiyaları, internet, sosial şəbəkələr jurnalistlərin işini çox asanlaşdırıb. Çoxu da ordan-burdan  "kopy past" edib altına imzasını qoyur. Mahal müəllim bu rahatlıqdan məhrum idi, "copy  past" nə idi bilmirdi.  Qələmlə işləyirdi,  yazını bir dəfəyə, fasilə vermədən yazırdı. Yazanda heç kimi görmürdü,  ətrafdakı səs-küyü  eşitmirdi, siqareti siqaretə calayırdı.Nəticədə ortaya mükəmməl bir yazı qoyulurdu. Onun yazıları hədəfə dəyən sərrast atəş kimi idi. Çünki professional idi. Jurnalistikanın fəlsəfəsini, məntiqini çox gözəl bilirdi. SÖZün başına dolanırdı, boynuna kəndir salıb belədən-belə, elədən-elə sürümürdü. Fikirləri azad, düşüncələri sərbəst idi.

O bu cür işləməyi, bu cür düşünüb yazmağı qəzetin  müxbirlərindən də tələb edirdi. Quru, sxolastik yazılar gözünün düşməni idi. Deyirdi ki, rəngarənglik baxımından qəzetdə bir boşluq var. O bu boşluğu doldurmağın yolunu da tapdı. Hər cümə çıxan 16 səhifəlik A3 formatlı "Cümə" əlavəsi baş redaktorun beyin məhsulu idi. "Cümə"yə xüsusi diqqət ayırırdı. "Xalq qəzeti"nın "menyusuna" daxil olmayan, xüsusilə də ədəbiyyatı və incəsənəti özündə əks etdirən publisistik yazılar  "Cümə"nin səhifələrində yer alırdı.  Bu əlavə  "Xalq qəzeti"nə çox gözəl bir naxış vururdu.  Ona görə də "Cümə" qısa bir müddətdə populyar oldu, sevildi. Nə yazıq ki, cəmi iki il ömrü olan "Cümə" maliyyə çatışmazlığından dolayı sona qədər davam edə bilmədi. Amma diqqətli oxucu hələ də "Cümə"nin xiffətini çəkir.

Mahal İsmayıloğlu "Xalq qəzeti"ni öz balası kimi istəyirdi, onun nazı ilə oynayır, üstündə əsirdi. Qəzet 90-cı illərin ikinci yarısında ölkədəki ən nüfuzlu mətbu orqan idi. Bu nüfuzu o, kollektivlə birgə qazanmışdı. Özünü kollektivdən ayrı saymırdı. Redaksiyanın əməkdaşlarına dost, qardaş, bacı, övlad kimi yanaşırdı. Olduqca səmimi idi. Heç yadımdan çıxmır, yaxşı xatırlayıram: özünün 40 illik yubiley tədbirində redaksiyanın xadiməsi Zəminə xala ilə təkbətək rəqs edirdi.Əməkdar artist Gülüstan Əliyeva da oxuyurdu: "Anamdan bir yaylıq aldım". Ən sevdiyi mahnı idi Mahal müəllimin. İndi də bu mahnını eşidəndə tələbə dostum yadıma düşür, öz doğum günündə etdiyi həmin rəqs gözümün önünə gəlir. Təmənnasız idi Mahal müəllim. Rəhbərlik etdiyi kollektivdən demək olar ki, maddi umacağıyox idi. Eşitdi ki, yubileyində ona hədiyyə almaq istəyirlər, razı olmadı, heç kimi xərcə salmadı.

Yubileyindən bir neçə gün keçmişdi. Planlaşdırma bitəndən sonra mənə dedi ki, Züleyxa qardaş, içəri gəl, qapını da ört. Sənə bir şey göstərəcəm, amma heç kimə demə. (Katibəsi yox idi, işdən çıxmışdı. Ona görə də müvəqqəti olaraq, həm də katibəlik edirdim). Seyfindən bir qutu çıxarıb açdı.  Üstündə "Mahal İsmayıloğlu 40" yazılmış dairəvi qızıl  parçası idi. Prezident Heydər Əliyev göndərib, dedi. Sonra da əlavə etdi ki, prezident bundan birini də Zəlimxan Yaquba verib - "Zəlimxan Yaqub 50". Çox qürurlanırdı bu hədiyyəsi ilə.

***

Mahal müəllim xeyirxah, şəfqətli və mərhəmətli bir insan idi. Çox kövrək idi. Anasından danışanda göz yaşlarını saxlaya bilmirdi. Elə bu parametrlər bəs edirdi ki, "Xalq qəzeti"nin əməkdaşları ilə birlikdə tez-tez əsgərlərlə görüşsün, döyüş bölgəsində olanhərbi hissələrə yardımlar təşkil etsin. Beyləqan, Şəmkir, Tovuz, Gədəbəydəki hərbi hissələrə paltar və ərzaq yardımı ilə yanaşı, konsert proqramları da təşkil edirdi. Milli bayramları qəzetin yaradıcı və texniki işçiləri ilə birlikdə qeyd edirdi. Bunun üçün əvvəlcədən sifariş verdiyi restoranlar da jurnalistlərə layiq olurdu. Jurnalistlərin peşə bayramını kollektivlə birlikdə Qubada, Xızıdakı təbiət gözəlliklərinin  qoynunda  qeyd etmək də onun fikri idi.

Mahal müəllim o dövrün ən cavan redaktoru idi. Ölkə prezidenti onu 38 yaşında baş redaktor təyin etmişdi. Ölkənin rəsmi qəzetinə - sanballı mətbu orqanına rəhbərlik etmək böyük şərəf idi. O bu şərəflə öz ləyaqətini birləşdirib "Xalq qəzeti"ni şərəfləndirərək nəhəng sima olmuşdu.Qəzet onun şah əsəri idi.Nə yazıq ki, bu nəhəng simanı həzm edə bilmədilər. "Xalq qəzeti" Mahal İsmayıloğunun rəhbərliyi ilə 1995-2002-ci illərdə özünün qızıl dövrünü yaşadı. Ondan sonrakı 20 ildə qəzet çox gerilədi, siması dəyişdi, oxucu qıtlığı ilə üz-üzə dayandı.Doğrudu mən qəzetin əməkdaşı deyiləm. Amma kollektiv mənə o qədər  əziz və doğmadı ki, tez-tez redaksiyaya gedirdim, dostlarla  görüşüb söhbətləşirdim. Kənardan müşahidə edirdim ki, əməkdaşlar  passivləşib, jurnalistlər ruhdan düşüb. Bununla belə onlar heç vaxt Mahal İsmayıloğlunu unutmadılar. Hələ də onun rəhbərlik etdiyi dövrünnostaljisini yaşayırlar. Hələ də  hər hansı bir yazıdan, maraqlı bir mövzudan, yaxud da qəzetin dizayn və tərtibatından söz düşəndə  yaxşı mənada müqayisə üçün "Mahal müəllimin vaxtında..." sözləri ilə başlayan cümlə qururlar.

Nə yaxşı ki, qəzetə yeni rəhbər təyin olunub. Redaksiyanın ab - havası tamamilə dəyişib, daralmış yaradıcılıq meydanı genişlənib. Sükut pozulub, sözün həqiqi mənasında, bir canlanma yaranıb. Hiss olunur ki, bu mətbu orqan ona verilən adı doğruldacaq, əvvəlki şöhrətini qaytararaq xalqın  gerçək qəzeti olacaq. İnanıram ki, baş redaktor Əflatun Amaşov qəzetin ikinci qızıl dövrünü yaşaması üçün hər cür imkan və şəraitin yaradılmasına nail olacaq. Gəldiyi gündən irəliyə doğru atdığı addımlar bunu sübut edir.

Əminəm ki, Mahal İsmayıloğlunun da narahat ruhu bir qədər rahatlıq tapmış olacaq...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31