Günvurmadan necə qorunmaq olar?
15 Avqust 2023 12:30 Sosial"Günvurma əlamətlərinin ağırlığı günəş şüalarının başa təsir müddəti, intensivliyi, həmçinin insanın yaşından və xroniki xəstəliklərdən asılıdır. Günvurma ağırlıq dərəcəsinə görə 3 yerə ayrılır: yüngül dərəcə, orta dərəcə, ağır dərəcə. Yüngül dərəcədə əsasən ümumi halsızlıq, əsəbilik, aqressivlik, baş ağrısı, başgicəllənmə, ürəkbulanma, nəbzin və tənəffüs sayının artması müşahidə olunur". "Olaylar" xəbər verir ki, bunu deyən Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılovanın sözlərinə görə, günvurmanın orta dərəcəsi üçün isə şiddətli baş ağrısı, başgicəllənmə, ürəkbulanma, qusma, qeyri-sabit yeriş, gözlərin önündə qaralma, hətta huşun itirilməsi və bədən hərarətinin 39-40 dərəcəyə qədər yüksəlməsi xarakterdir: "Günvurmanın ağır dərəcəsi çox təhlükəli bir vəziyyətdir. Bu zaman zərərçəkmişin vəziyyəti kəskin pisləşir, üz əvvəlcə hiperemiyalı olur, sonra isə solğunlaşır, bədən hərarəti 41-42 dərəcəyə qədər yüksəlir, şüur pozula bilir, hallüsinasiyalar və huşun itirilməsi müşahidə olunur. Vaxtında zərərçəkənə müvafiq yardım göstərmədikdə kəskin ürək-damar çatışmazlığı da baş verə bilir. Günvurmanın əlamətləri müşahidə olunduqda dərhal ilkin yardım göstərilməlidir. Eyni zamanda unutmayın ki, bu ilk yardımdır və təcili yardım çağırmaq daha yaxşıdır, çünki zərərçəkənin vəziyyətini düzgün qiymətləndirmək, xüsusən də uşaqlarda və yaşlılarda, adətən çətin olur. Zərərçəkmişi dərhal kölgəli və sərin yerdə horizontal (şaquli düz) vəziyyətdə uzatmaq, başına buz və ya soyuq kompres qoymaq lazımdır. Əgər huşu özündədirsə, ona sərin suyun verilməsi tövsiyə edilir".