Hörmüzdə yük gəmisi vurulub - ölən var
10:30 DünyaHindistanın göyərtəsində 14 dənizçinin olduğu yük gəmisi Oman sahillərində havadan hücuma məruz qalıb, bir ekipaj üzvü həlak olub.
TASS-ın məlumatına görə, bu barədə Hindistanın Limanlar, Su Yolları və Gəmiçilik naziri Sarbananda Sonoval məlumat verib.
"2 noyabrda Hindistana məxsus, göyərtəsində 14 hindistanlı dənizçinin olduğu "MSV AL JUSUFI" gəmisi Oman sahillərində naməlum hava obyekti tərəfindən vurulub", - deyə nazir X sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, 13 ekipaj üzvü təhlükəsiz şəkildə təxliyə edilib və Oman Sahil Mühafizəsi tərəfindən xilas olunub.
"Lakin böyük təəssüf hissi ilə bildirirəm ki, dənizçilərimizdən biri - Qucarat ştatından olan Qandhar Nahim Əcic aldığı xəsarətlər nəticəsində həyatını itirib", - deyə Sonoval əlavə edib.
Nazir bildirib ki, Hindistanın Limanlar, Su Yolları və Gəmiçilik Nazirliyi və bu ölkənin Omandakı səfirliyi sağ qalan 13 dənizçiyə təcili yardım göstərilməsi, onların ən qısa zamanda vətənə qaytarılması, habelə həlak olan ekipaj üzvünün cənazəsinin repatriasiyası üçün yerli hakimiyyət orqanları ilə əlaqə saxlayır.