Türkiyə Respublikasına mühacirət etmiş şəxslərə yardım tədbiri keçirilib

Azərbaycan Respublikası Hökuməti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq Türkiyə Respublikasına mühacirət etmiş və hazırda orada qeyri-qanuni yaşayan Azərbaycan Respublikasının vətəndaşı olması ehtimal olunan şəxslərə, o cümlədən onların Türkiyə ərazisində anadan olmuş ailə üzvlərinə zəruri yardımın göstərilməsi məqsədilə bir sıra tədbirlər görülmüşdür. 

Belə ki, məsələ üzrə aidiyyəti dövlət qurumlarının səlahiyyətli nümayəndələrindən ibarət işçi qrupu yaradılmış və Türkiyə tərəfi ilə razılaşdırmaqla nümayəndə heyəti vətəndaşlarımıza müvafiq yardımın göstərilməsi üçün 2022-ci ilin 27 oktyabr 2023-cü ilin iyul ayınadək 5 səfər həyata keçirmişdir. İşçi qrupu beşinci səfər çərçivəsində hazırda İstanbul şəhərində öz fəaliyyətini davam etdirir.

Bildirilməlidir ki, müsahibələr, zəruri konsulluq və hüquqi yardımın göstərilməsi ölkəmizin İstanbul şəhərindəki Baş Konsulluğunda həyata keçirilmiş, vətəndaşlarımıza köməklik göstərilməsi üçün bütün şərait yaradılmışdır.

Nəticədə İQ-nin beş səfəri çərçivəsində toplam 3827 nəfərin müraciəti cavablandırılmış, onlardan 2093 nəfərin pasport rəsmiləşdirilməsi üzrə, 459 nəfərin  vətəndaşlıq mənsubiyyətinin  müəyyən edilməsi üzrə sorğuları icraata yönəldilmiş, 36 nəfər şəxsdən  bioloji valideynlik analizi götürülmüş, eləcə də 283 konsulluq əməliyyatı  (subaylıq arayışı, doğumun qeydə alınması, nikahın qeydə alınması, tərcümənin təsdiqi  və  atalığın müəyyən edilməsi) həyata keçirilmişdir, 956 nəfər şəxsin müraciətləri üzrə müvafiq maarifləndirmə işləri aparılmışdır.

Bildirmək istərdik ki, İQ-nin həyata keçirdiyi fəaliyyət müraciət etmiş vətəndaşlar və soydaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanmış, dövlətə olan etimadın yüksəlməsinə səbəb olmuşdur. Müraciət etmiş hər bir şəxs yaradılmış şəraitə və onlara göstərilən dövlət qayğısına görə öz minnətdarlığını bildirmişdir. 

Müvafiq layihənin davam etdirilməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar olaraq İşçi Qrupun İstanbul şəhərinə növbəti səfərləri ilə bağlı elan Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğu və Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi internet səhifəsində, eləcə də digər sosial şəbəkə hesablarında dərc olunacaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31