Əjdər müəllimdə qeyri-adi bir Məmməd Arif sevgisi var idi - ÖZƏL
8 İyun 2023 15:32 Sosial"Əjdər müəllim mənim müəllimim olub və o illərdə biz onun çox maraqlı dərs üsulu ilə rastlaşdıq. İndi sizin haqqında danışdığınız tədqiqatları Əjdər müəllim zamanında bizə dərs-dərs izah edib".
Olaylar.az xəbər verir ki, bunu görkəmli tarixçi, filoloq-türkoloq Əjdər İsmayılovun anadan olmasının 85 illik yubileyinə həsr olunmuş elmi sessiyada çıxışı zamanı filologiya elmləri doktoru, professor, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Tahirə Məmməd deyib.
"1982-ci ildə Əjdər müəllim doktorluq dissertasiyası götürüb. O, 1977-78-ci illərdə mənim müəllimim olub. Həmin illərdə Əjdər müəllim artıq doktorluq dissertasiyasını bizə mühazirə kimi söyləyib. Yəni doktorluq dissertasiyası demək olar ki, əvvəlcədən hazır olub, hazır olandan sonra mövzu təsdiq olunub. Mən bunun şahidi olmuşam.
İndi həmişə auditoriyada tələbələrə deyirəm ki, bizim bir Əjdər müəllim var idi, bizə o qədər çox bələd olmadığımız informasiyalar verirdi ki, biz bəzən onu qavraya bilmirdik, götürməyə gücümüz çatmırdı. Çünki çox fərqli bir baxış idi.
Əjdər müəllimdə çox maraqlı bir cəhət də var idi. O, bizə ədəbiyyatşünas alimlərdən, ədəbiyyatdan, akademiyadan danışırdı və bizə deyirdi ki, siz nələri gələcəkdə tədqiq etməlisiniz. O vaxt o, çox böyük hörmətlə bir şəxsiyyət kimi akademik Məmməd Arifi bizə təbliğ edirdi ki, onun kimi olmaq lazımdır. Təkcə alim kimi yox, həm də şəxsiyyət kimi. Əjdər müəllimdə qeyri-adi bir Məmməd Arif sevgisi var idi, həmişə onu bizə bir şəxsiyyət kimi təbliğ edirdi və biz həmişə onu bir insan kimi, şəxsiyyət kimi sevmişik".