DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində 176 benefisiara xidmət göstərilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində hazırda həssas qruplardan olan 176 benefisiara xidmət göstərilir. Nazirlikdən "Olaylar"a bildirilib ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə 2021-ci ilin oktyabr ayında açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi Cənubi Qafqazda ilk ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanıdır. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan Mərkəzdə sosial cəhətdən həssas qrupların yaradıcı potensialının inkişafına dəstək məqsədi daşıyır. Mərkəzin benefisiarlarının 104 nəfəri əlilliyi olan şəxslər, 33 nəfəri aztəminatlı ailələrdən olanlar,  28 nəfəri valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər, 11 nəfəri şəhid ailələrinin üzvləri,  müharibə ilə əlaqədar əlilliyi olanlar və ailə üzvləridir. Həmçinin benefisiarlardan 38 nəfəri 6-10 yaşlarında, 51 nəfəri 11-18 yaşlarında, 87 nəfəri 18 və daha yuxarı yaşda olanlardır.

Mərkəzə qəbul olunan  şəxslər müxtəlif fəaliyyət istiqamətləri (rəqs, təsviri incəsənət, dulusçuluq, musiqi, dərzilik, modelyerlik, xalçaçılıq, toxuma və tikmə, bədii oyma, floristika,  audio-səsyazma, fotoqrafiya sənəti, kulinariya, səhnə ifaçılığı, kapoeyra və s.) üzrə təlimlərdə iştirak edir, öz bacarıqlarını təkmilləşdirirlər.Benefisiarlarla bağlı Ümumdünya Səhiyyə Təşkilatının təsdiqlədiyi metod üzrə fərdi inkişaf planı tərtib olunmaqla kompleks reabilitasiya işləri də aparılır. Onlar psixoloji, psixo-pedaqoji, defektoloji və s. xidmətlərlə təmin olunurlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31