"İndiki cütlüklərin ya uşaqları azdır, ya da ümumiyyətlə yoxdur" - PSİXOLOQ

Ailə kişi və qadının nikah yolu ilə bir araya gələrək formalaşdığı sosial institutdur. Ailə olmağa qərar verən fərdlər bir araya gələrək ömürlük birliyə imza atırlar. Ancaq təəssüf ki, hər evlilik ömür boyu davam etmir və nikahla qurulan ailə boşanma ilə dağa bilir.
Keçmişlə müqayisədə istər dünyada, istərsə də ölkəmizdə boşanmaların artdığı məlum faktdır. Boşanma qadınla kişinin ayrılması kimi görünsə də, əslində gələcəyin fərdlərinin həyata hazırlaşdığı ən mühüm mühit olan ailənin dağılması deməkdir. Əsrimizin ən böyük sosial xəstəliyi olaraq təyin edə biləcəyimiz boşanmalardan doğan problemlərdən gələcəyimizin təminatı olan övladlarımızı necə qorumalıyıq sualı elm adamlarını düşündürən ən mühüm sualdır.
Hər hansı səbəbdən boşanma nəticəsində ən çox əziyyət çəkən və sarsılan uşaqlara necə kömək edə bilərik?
Psixoloq Ülkər Məmmədli bildirir ki, boşanma deyəndə ağla bir sıra problemlər gəlir:
"Ola bilsin ki, ilk növbədə həyat yoldaşları hadisənin əsas üzvləri olduqları üçün dərin travma alıblar. Amma əsl problem cəmiyyətin gələcəyi olan uşaqlarla bağlıdır. Boşanma uşaqlara travmatik emosional təsir göstərir. Boşanma nəticəsində uşaqlarda psixologiya sarsılır.
Boşanma nəticəsində ortaya çıxan problemlərdən biri oldur ki, ailə dağıldığı üçün valideynlərdən biri evdən köçüb və ya hər ikisi uşağı ortada qoyub. Bu vəziyyət uşaqların psixologiyasına mənfi təsir göstərir. Sosial reallıq olan boşanma ən böyük təsirini uşaqlarda göstərir".
Bəs boşanma prosesində baş verən neqativlər və mübahisələr uşaqların inam hissini nə dərəcədə sarsıdır və zədələyir? Psixoloji və fiziki cəhətdən təsirlənən uşağın narahatlığı hansı səviyyədədir? Boşanma nəticəsində yaranan narahatlıq uşaqların məktəb və həyat uğurlarına nə dərəcədə təsir edir?
Psixoloq qeyd edir ki, insanın cəmiyyətdə yeri, başqalarına münasibəti, dostluq, qohumluq və evlilik xoşbəxtliyin mühüm qaynaqlarıdır. Çünki ailə həyatın ən yaxşı öyrənildiyi müsbət münasibətlərin konseptuallaşdırılmasında faydalı bir sistemdir:
"Boşanma problemlərdən qurtulmaq kimi qəbul edilsə də, ümumiyyətlə, real problemlərin başlanğıcı sayılır. Boşanma nəticəsində ailə sistemi korlanır və bu ən çox uşaqlara zərər verir. Ona görə də ailə bütövlüyü uşağın şəxsiyyətinin inkişafının ən zəruri elementi kimi görünür. Uşağın gələcəyini maraqlandıran təhsil elementləri də bir-birini tamamlayır, bir bütöv təşkil edir. Bu bütövün hər hansı bir hissəsi diqqətdən kənarda qaldıqda, təhsildən gözlənilən fayda əldə oluna bilmədiyi üçün ailədə birliyin yaradılmasının vacibliyi ortaya çıxır. Ailənin iki əsas elementi ana və atadır. Uşağın tərbiyəsində və formalaşmasında təbii ki, valideynlər ən təsirli mövqedədirlər. Uşaqlıqda valideynləri ayrı olan uşağın dini inkişafı psixoloji cəhətdən də mənfi təsir göstərir. Çünki uşaqların inkişaf dövründə emosional ehtiyacları olur. Bu ehtiyacların ən əhəmiyyətlisini ailədə sevgi və qəbul, dəstək-təsdiq, dini inancları yaşamaq kimi sıralamaq olar. Ailədə öyrənilən hər şey, o cümlədən din, uşağın gələcək həyatının əsaslarını təşkil edir. Bu dövrdə uşaq əsasən emosional davranışların çoxunu erkən yaşda ailəsi ilə birlikdə öyrənir. Həyatın təməllərinin qoyulduğu bir dövrdə valideynlər arasında uyğunsuzluğun uşaqlarda hansı uyğunlaşma mexanizmi ilə formalaşacağı şübhə doğurur. Çünki uşağın duyğusal inkişafına xələl gətirməməyə çalışmaq uşağın gələcək həyatına müsbət töhfə verir.
Ailənin dini xüsusiyyəti var və dinin ailə psixologiyası ilə dərin əlaqəsi var. Ona görə də ailə psixologiyası ilə din psixologiyası arasında sıx əlaqə var. Odur ki, uşağın şüurunda formalaşan müqəddəs və mənəvi bir aləmin olması, ailə həyatı təcrübələri, onun həyata inam və inanc perspektivi çərçivəsində formalaşması boşanma aktının uşağa necə təsir edəcəyinin göstəriciləridir. Çünki əsl pedaqoq olması gözlənilən valideynlərin vəzifəsi ayrılmaq deyil, övladlarına həyatı öyrətmək, şəxsiyyətlərini gücləndirəcək psixoloji mühit təmin etməkdir. Valideynlər arasındakı münasibətlər nə qədər mükəmməl olsa, uşaqlarda formalaşacaq inam dəyərləri də bir o qədər yüksək olar.
İnsan hərəkətləri həmişə reaksiya və təşəbbüsləri ehtiva edir. Buna görə də, uşağın hərəkətlərində ən çox görülə bilən reaksiyalar və təşəbbüslər valideynlərində gördükləri reaksiyalardır. Bu reaksiyalar və təşəbbüslər uzun müddətdə uşaqlarda inam strukturu formalaşdırır. O, üstün mühitin təsəvvürünün forma və məzmununu müəyyən edir, fərdləri inanc, dəyər və güc mərkəzləri ilə əlaqələndirir və onları ümumi etimad və bağlılıq icmalarına daxil edir.
Təbii ki, ailə qurmaqla ailə quran şəxslərin boşanma məqsədi yoxdur. Ancaq evliliklə yeni həyat nizamına qədəm qoyan həyat yoldaşlarından bəzilərinin bir-biri ilə anlaşa bilmədiyi görünür. Evlilikdə bu cür neqativlər dərinləşə və nəticədə boşanma baş verə bilər. Boşanmada bir çox amillərin təsirli olduğunu söyləmək olar. Bunlar sosial dəyişikliklər, iqtisadi şərait, etnik və sosial xüsusiyyətlər, ər-arvad arasındakı münasibətlərin keyfiyyəti kimi ifadə edilə bilər. Bütün bu səbəblər bir-biri ilə bağlıdır. Cəmiyyətdə baş verən dəyişikliklər boşanma ilə bağlı hüquqi, mənəvi və sosial məhdudiyyətləri azaldıb. Sosial-mədəni dəyişikliklər "ailə" anlayışını genişləndirib və insanlar daha çox qeyri-ənənəvi ailələri qəbul etməyə başladılar.
Evliliyin funksiyası kəskin şəkildə dəyişib. Diqqət etsəniz, indiki cütlüklərin ya uşaqları azdır ya da ümumiyyətlə yoxdur. Hər iki həyat yoldaşının işləməsi xüsusilə qadınlarda stressi artırır. Bütün bunlarla yanaşı, etnik mənsubiyyət, evlənmə yaşı, sosial-iqtisadi vəziyyət, dindar olub-olmaması, uşaq sahibi olub-olmaması, həyat yoldaşlarının münasibət səviyyəsi kimi demoqrafik faktorlar boşanma riskinə təsir göstərir. Məsələn, gənc yaşda evlənənlər və ailəsində boşanma və ya zorakılıq keçmişi olanların boşanma ehtimalı daha yüksəkdir. Düşüncəsizlik və emosional qeyri-sabitlik zəif ünsiyyət bacarıqları ilə birləşdikdə evliliyin keyfiyyətini aşağı salır və ya boşanma üçün əsas yaradır. Bu tip boşanmalarla bağlı risk faktorlarının altında yatan əsas səbəb stressdir.
Başqa bir tərəfdən boşanma səbəbləri kimi evlilik həyatındakı problemlər, boşanma qanunlarının yumşaldılması və qadınların iqtisadi müstəqilliyinin artırılması göstərilir.
Dünyanı təşkil edən ictiamiyyət cəmiyyəti, valideynlər və uşaqlar isə ailələri təşkil edən ünsürlərdir. Dinc və xoşbəxt dünya cəmiyyətin ən kiçik vahidi olan valideyn və uşaqların sülh və xoşbəxtliyindən asılıdır. Bu məntiqi qənaətin doğruluğu qəti olsa da, bu gün dünyada, xüsusən də Qərb ölkələrində boşanmaların 50%-i keçməsi ciddi problemlə üzləşdiyimizi və bu problemin həlli üçün səy göstərməli olduğumuzu göstərir. Dinc və xoşbəxt olmaq insanlarla yaşadıqları mühit arasında nizamlı və sağlam münasibətdən asılıdır. Cəmiyyətin ən təməl vahidi olan ailədə ər-arvad münasibətlərinin möhkəmliyi ilk növbədə valideynlərin, sonra isə uşaqların və ətraf mühitin xoşbəxt yaşayacağına zəmanət kimidir.
Ancaq boşanma, bu fenomen ailələri psixoloji və fiziki cəhətdən məhv edir, uşaqların ətraf mühitə və dəyərlərə uyğunlaşmasını pozur və depressiyaya uğramış cəmiyyətin əsasını təşkil edir.Çünki boşanma prosesində yaşanan neqativlər (aldatma, alkoqolizm, laqeydlik, alçaldılma, zorakılıq, iqtisadi səbəblər, mübahisələr və s.) həyat yoldaşları arasında inamı sarsıdıb həyat sevincini əlindən alır.Özünü normal valideyn kimi aparıb onlara qayğı göstərmək mümkün görünmür. Nəticədə cəmiyyətdə sarsılmış, baxımsızlığa məruz qalmış, qayğı göstərilməyən, inam hissi zədələnmiş, cinayətə sövq edilmiş və ya sürüklənmiş, yüksək səviyyədə psixoloji problemləri olan uşaqlarla qarşılaşırıq".
Görəsən, ailə və uşaqları dərindən sarsıdan bu boşanma epidemiyası necə dayandırıla bilər?
Psixoloq bildirir ki, sualın cavabını mənəvi dəyərlərdə axtarmaq lazımdır:
"İslam dini boşanma hadisəsinə rəğbət bəsləməsə də, onu qadağan etməyə də cəhd etməmişdir. Çünki bəzi hallarda boşanma zərurətdir. Ancaq mənəvi boşluq üzündən heç bir üzrlü səbəb olmadan boşanma meyli cəmiyyət üçün və xüsusən də azyaşlı uşaqların müdafiəsi üçün qəbul edilmir. Din dəyər verməklə, ailə dəyərlərinin vacibliyini vurğulamaqla, mərhəmət hisslərini aktivləşdirməklə ailəyə xeyir-dua verir. Araşdırmalar göstərib ki, dini dəyərlərə daha çox önəm verən cəmiyyətlərdə boşanma nisbətləri daha aşağıdır.
Eyni araşdırmalarda boşanmaların ən böyük səbəbi kimi aldatma, spirtli içki qəbulu və ailənin laqeydliyi göstərilir. Bunlar İslam dininin və ümumiyyətlə dinlərin bəyənmədiyi məsələlərdir. Boşanma səbəbləri arasında ən çox payı olan məsələlərin din tərəfindən qəbul edilməməsi dini dəyərlərə sahib insanlardan ibarət cəmiyyətlərdə boşanmaların daha aşağı olduğunu və daha az olacağını təsdiqləyir.
Cəmiyyəti təşkil edən ailə quruluşu boşanma səbəbindən sürətlə dəyişir. Bu dəyişikliyə ən böyük təsir valideynlər və uşaqlarda müşahidə olunur. Boşanma prosesində həyat yoldaşları arasında yaranan problemli vəziyyət ilk növbədə onların öz psixologiyasını və həyat şəraitini pozur, daha sonra uşaqlarda yaranan inam böhranı narahatlığa çevrilir və uğursuzluğa təsir etməkdə davam edir. Bu prosesdə uşağa mənəvi dəstək vermək onu nisbətən rahatlaşdıracaq. Bundan əlavə, bu prosesdə ailə bağları möhkəm olan ən yaxın qohumların uşaqları dəstəkləməsi uşaqlarda qismən inam hissi yaradacaq. Sosial və qarşılıqlı asılılıq həm uşaqlar, həm də böyüklər üçün vacibdir. Uşaqlığın intellektual asılılığını onları çox idarə etməklə və ya böyüklərin mənəvi müstəqilliyini sərtləşdirməklə deyil, ailədən aldıqları sevgi və şəfqət hissləri ilə inkişaf etdirmək lazımdır. İslam dini ailədə əmin-amanlıq və səadət tələb edir, boşanmalardan uzaq durmağı zəruri edir".

Röyalə Xəyal 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31