Övladlığa uşaq götürmə hansı hallarda mümkün və ya qeyri-mümkündür?

Boşanmalar, ailə dağılması, yaxud təbii fəlakətlər və qəzalar bir çox hallarda uşaqlar üçün ağır travmalar qoyur. Onlar öz valideynlərini itirir, ana-ata sevgisindən məhrum olurlar. İnternat evlərinə yerləşdirilən bu kimi uşaqların üzünə bəzi hallarda Günəş doğur desək yanılmarıq. Belə ki, müəyyən ailələr bir sıra hallarda uşaq evlərindən bu kimi uşaqları övladlığa götürürlər.

Qeyri-rəsmi məlumatlara əsasən, hər il valideynlərini itirmiş, yaxud uşaq evlərinə atılmış onlarla uşaq ailələr tərəfindən övladlığa götürülür. Bəzən bu proses uğurlu, bir sıra hallarda isə uğursuzluqla nəticələnir. Bir çox ailələr isə övladlığa götürülmə prosesinin kifayət qədər problemli və çətin olduğunu iddia edərək bu prosesin bir qədər sadələşdirilməsini təklif edirlər. Bəs, görəsən övladlığa götürülmə zamanı hansı prosedurları keçmək lazımdır və ümumiyyətlə, övladlığa götürülməsinə yol verilən uşaqlar hansılardır?

Əvvəla onu qeyd edək ki, Azərbaycanda övladlığa uşaq götürülməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 117-135-ci maddələri və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20.09.2000-ci il tarixli, 172 nömrəli Qərarı ilə tənzimlənir. Azərbaycan Respublikasının vətəndaşı ilkin qeydiyyata alınmaq üçün müvafiq sənədlər toplayaraq (sənədlərin siyahısı əlavə olunur) pasport qeydiyyatında olduğu Rayon İcra Hakimiyyətinin (RİH) Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət edərək qeydiyyata götürülür.

Qeydiyyata alındıqdan sonra övladlığa 0-3 yaş arası uşaq götürmək istədiyi təqdirdə vətəndaşa məxsus sənədlər Səhiyyə Nazirliyinə, övladlığa 3-18 yaş arası uşaq götürmək istədiyi təqdirdə isə Təhsil Nazirliyinə ünvanlanır. Beynəlxalq övladlığa verilmə isə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 120-ci maddəsinə əsasən, aşağıdakılar istisna olmaqla, hər iki cinsdən olan yetkinlik yaşına çatmış şəxslər övladlığa götürən ola bilərlər. Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər, məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edilmiş və ya valideynlik hüquqları məhdudlaşdırılmış şəxslər, qanunla üzərinə qoyulan vəzifəni yerinə yetirmədiyinə görə qəyyum və ya himayəçi vəzifələrindən kənarlaşdırılmış şəxslər, vvəllər məhkəmə tərəfindən təqsirkar bilinərək bu hüququ ləğv edilmiş şəxslər, səhhətinə görə valideyn vəzifələrini həyata keçirə bilməyən şəxslər. Onu da qeyd edək ki,  övladlığa götürməyə, qəyyumluğa və himayəyə qəbul etməyə imkan verməyən xəstəliklərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Aralarında nikah olmayan şəxslər birlikdə eyni uşağı övladlığa götürə bilməzlər.

Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Vəfa Qədirova isə deyir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 117.1-ci maddəsinə əsasən övladlığa götürməyə yetkinlik yaşına çatmayanlar barəsində və yalnız onların mənafeyi naminə uşağın doğumu müvafiq icra hakimiyyəti orqanında qeydə alındıqdan sonra yol verilir. Onun sözlərinə görə, bir uşaq iki şəxs tərəfindən (ər-arvaddan başqa) övladlığa götürülə bilməz: "Ər (arvad) özünün nikahdan olmayan uşağını və ya arvadının (ərinin) uşağını övladlığa götürə bilər. Uşağın mənafeyinə cavab verən hallar istisna olmaqla, qardaş və bacıların müxtəlif şəxslər tərəfindən övladlığa götürülməsinə yol verilmir".

Vəfa Qədirova onu da bildirib ki, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən uşaqların, habelə Azərbaycan Respublikasının vətəndaşı olmayan, lakin Ailə Məcəlləsinə uyğun olaraq vahid uçota alınmış uşaqların, övladlığa götürülməsinə, həmin uşaqları AR ərazisində daimi yaşayan AR vətəndaşlarının ailələrinə tərbiyəyə vermək mümkün olmadıqda və ya vətəndaşlığından və yaşayış yerindən asılı olmayaraq qohumları (bacıları, qardaşları, nənələri, babaları, valideynlərinin bacıları, qardaşları, onların övladları) övladlığa götürmədikdə icazə verilir:

"Uşaqlar Azərbaycan Respublikasından daimi olaraq kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşlarına, uşaqların qohumu olmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vahid uçota alındığı gündən 6 ay müddət bitdikdən sonra övladlığa verilə bilərlər. Azərbaycan Respublikasının vətəndaşı olmayan, vahid uçota alınmış uşaqların AR-nın hüdudlarından kənarda yaşayan AR vətəndaşlarına, uşaqların qohumu (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) olmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə övladlığa verilməsinə onlar uçota alındıqları gündən 1 (bir) il müddət keçdikdən sonra yol verilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31