Işğaldan azad edilən ərazilərdə görülən quruculuq-abadlıq işləri

Pərviz Mirizadə: "Böyük Qayıdışı hər ötən gün bir qədər də yaxınlaşdırır"

İstiqamət: işğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış"

Vətən müharibəsindən sonra Azərbaycan dövlətinin qarşısında duran əsas prioritetlərdən biri də 30 ilə yaxın erməni işğalı altında qalan, tamamilə dağıdılıb demək olar ki, yer üzündən silinən şəhər və rayonlarımızı bərpa etmək, ora məcburi köçkünlərimizin qayıdışını təmin etmək idi. Elə bu istiqamətdə də işğal faktoru aradan qalxdığı ilk günlərdən müvafiq addımlar atılmağa başlandı. Aradan keçən 3 ilə yaxın müddətdə işğaldan azad edilmiş ərazilərimizə, şəhər və rayonlarımıza yeni həyatın qaytarılması, həmin ərazilərdə infrastrukturun yaradılması, eləcə də məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması üçün Böyük Qayıdışın başlanması üçün kifayət qədər işlər görülüb. Cəbrayıl rayonunun Ağalı kəndinə baş tutan qayıdış, bir neçə gün əvvəl, daha doğrusu Novruz bayramı ərəfəsində Prezident İlham Əliyevin iştirakı ilə uzun illər işğal altında olan Talış kəndində ilk Novruz tonqalının alovlandırılması və kənd sakinlərinin bir qisminin ilkin olaraq ora köçürülməsi deyilənlərin sübutudur. Bu günlərdə isə dövlət başçısının Laçın üzrə nümayəndə təyin etməsi və onu qəbul edərək müvafiq tapşırıqlar verməsi, həmin görüşdə prezidentin Böyük Qayıdışla bağlı səsləndirdiyi fikirlər onu deməyə əsas verir ki, proses heç də uzaqda deyil və səmərəli fəaliyyət, siyasi iradə Böyük Qayıdışı daha da tezləşdirəcək. Dövlət başçısının həmin görüşdə söylədiyi fikirlərdən də bunu aydın görmək mümkündür: "Müharibə başa çatan kimi Laçın rayonunun yenidən qurulması ilə bağlı işlərə start verilmişdir. Amma Laçın şəhərinin yenidən qurulması keçən ilin avqustun 26-dan bu yana icra edilir. Sizə və Azərbaycan ictimaiyyətinə bildirmək istəyirəm ki, birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur, ya da ki, tamamilə əsaslı təmir olunur və 30-dan çox ictimai bina inşa edilir. Mənim göstərişimlə bütün bu işləri biz bu ilin sonuna qədər başa çatdırmalıyıq, bu, sadəcə, birinci mərhələ olacaq. Bu evlərin sayı göstərir ki, minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq və laçınlılar bu il öz doğma diyarına qayıdacaqlar".

Ana Vətən Partiyasının sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə  deyir ki, işğaldan azad edilən ərazilərdə görülən quruculuq-abadlıq işləri Böyük Qayıdışı hər ötən gün bir qədər də yaxınlaşdırır: 44 günlük Vətən Müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazılan, hərb tariximizin şah əsəridir. Qəhraman Azərbaycan ordusu çox qısa bir zaman kəsiyində torpaqlarımızı azad etməklə tarixi ədaləti bərpa etmiş oldu. Ordumuzla yanaşı diplomatiyamız da düşmən və onlara havadarlıq edənlərin üzərində parlaq qələbə qazandı və Ermənistan baş naziri Nikol Paşinyan koputiluyasiya aktını imzalamaq məcburiyyətində qaldı. Müharibənin bitməsindən sonra qarşıda duran əsas prioritet məsələlərdən biri işğaldan azad edilmiş torpaqların bərpası oldu. Çünki bu ərazilər dövlət terrorunun ən kəskin formasına məruz qalaraq xarabalığa çevrilmişdir. Baş vermiş bu dağıntılar təkcə birinci Qarabağ müharibəsi illərində törədilməyib. 1994- cü ildə tərəflər arasında atəşkəs əldə olunmasından sonra ermənilər bu prosesi davam etdirmiş və bizlərə aid olan bütün yaşayış məntəqələrini, tarixi abidələrimizi dağıtmış, talan etmişdir. Bütün bunlara baxmayaraq əldə olunan qələbədən sonra dövlətimiz dağıdılmış şəhər və kəndlərin bərpası işlərinə start verdi".

Pərviz Mirizadə deyib ki, işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində 2023- cü il dövlət büdcəsindən üç milyard manat vəsait ayrılıb və bu da 2022-ci illə müqayisədə 12.4 faiz, 2021- ci illə müqayisədə isə 37.7 faiz daha çoxdur: "Təbii ki, bu məbləğin artan  templə davam etməsi ilk öncə Azərbaycan iqtisadiyyatının gücündən xəbər verir. Ali baş komandan İlham Əliyevin uğurlu iqtisadi və xarici siyasəti ölkəmizə etibarlı tərəfdaşlar qazandırmaqla yanaşı davamlı maliyyə axınını təmin etmiş oldu. Çox qısa müddətdə Qarabağda sürətli yenidən qurma işlərinı start verildi". AVP rəsmisi deyib ki, dövlət başçısının işğaldan azad edilmiş ərazilərə hər səfəri yeni layihələrin təməlinin qoyulması və yaxud tikintisi başa çatmış infrastruktur obyektlərinin açılışı ilə yadda qalır: "2020- ci ildən sonra Qarabağda görülən işlər sırasına Zəngilan və Fizuli Beynəlxalq Hava Limanı, Güləbird Su- Elektrik stansiyası, Ağdam Sənaye Parkı və şəhərin tikintisi, Ağalıda "Ağıllı kənd", Şuşa şəhərinin, paralel olaraq da Laçın və Kəlbəcər rayonlarının bərpası istiqamətində görülən işlər, Suqovuşan və Talış kəndə çəkilən yol, ən son olaraq da  cənab Prezidentin iştirakı ilə Talış kəndə  yenidənqurmadan sonra məcburi köçkünlərin qayıtması Böyük Qayıdışın bir parçasıdır. Həmçinin ölkə rəhbəri və birinci vitse-prezident Mehriban xanım tərəfindən təməli qoyulan Fizuli, Hadrud və Şuşa Rəqamsal Yarımstansiyası, İdarəetmə Mərkəzləri yenidən qurma işlərini sürətləndirəcək. Bütün bu işlərin hər biri planlı şəkildə və çox çətin bir şəraitdə həyata keçirilir. Çünki düşmən işğal zamanı Qarabağı adətən mina tarlasına çevirib və bu situasiya özlüyündə bizim üçün ciddi əngəllər yaradır. Yəni minalanmış ərazilər və qarşı tərəfin mina xəritələrini əksik təqdim etməsi görüləcək işlərin sürətinə mənfi təsir göstərir və ərazilərin minalardan təmizlənməsi prosesi ciddi maliyyə vəsaiti hesabına həyata keçirilir. Lakin buna baxmayaraq ölkə iqtisadiyyatının gücü və dövlət rəhbərinin qətiyyətli mövqeyi bütün çətin situasiyaların öhdəsindən layiqincə gəlməyə şərait yaradır".

Süleyman İsmayılbəyli

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31