Ramazan ayı mənəvi təmizlik ayıdır
31 Mart 2023 10:13 SosialAyların sultanı, ən xeyirlisi kimi izah olunan Ramazan müxtəlif vaxtlarda yaşadığmız 12 ayın hər birində bizə qonaq gəlir. Yaşadığımız ömür payının ən qiymətli 30 günü içərisinə daxil oluruq. Bu zaman kəsiyi insanların mənəvi və fizoloji təmizlik yolçuluğuna çıxdığı məqamdır. Ramazanın məqsədi sadəcə yeməkdən imtina ilə çərçivəli deyil. Bu sürətli həyat qatarında az da olsa durmaq, düşünmək, həyatımızı, yaşadıqlarımızı bir daha gözdən keçirmək fürsəti verir. Həyatın gözlə görülən zövqlərindən imtina və mənəvi gözəlliyə çatmaq üçün yolçuluğa çıxmaq. Ramazan insanın mənəvi cəhətdən təmizlənməsi üçün ən gözəl fürsətdir.
Ramazan Qəməri aylardan doqquzuncusunun adıdır. Ərəbcə bir sözdür. Aya Ramazan adının verilməsinin də izahları var. Ramazan sözü yaz sonunda, payız mövsümünün əvvəlində yağıb yer üzünü tozdan təmizləyən yağış mənasını verən "ramda" sözündən alınıb. Yağışın yer üzünü təmizlədiyi kimi, Ramazan ayı da insanları təmizləyər. Ramazan söznün daha bir izahında isə Günəşin şiddətli hərarətindən daşların yanıb qızması mənasında olan "ramad" sözü önə çəkilir. Belə ki, qızğın yerdə gedənin ayaqları yanar, zəhmət və məşəqqət çəkər. Bunun kimi oruc tutan kimsə də aclıq və susuzluğun hərarətinə dözər, məşəqqət çəkər, içi yanar. İsti torpaq orada gedənlərin ayaqlarını yandırdığı kimi, Ramazan da möminlərin günahlarını yandırar, yox edər.
Doktor Fizuli Hüseynov qeyd edib ki, 11 ayın sultanı Ramazan inanclı insanlar üçün özəl bir aydır. Orucun faydaları haqqında kifayət qədər məlumat verilsə də, Ramazanda düzgün qidalanma, yəni imsakda (sahurda) və iftarda insana zərər verməyəcək yeməklər haqqında məlumat da vacib şərtdir. Belə ki, imsakda qidalanma üçün ilk növbədə nəzərə almaq lazımdır ki, yay orucu həm müddətcə daha uzundur, həm də havanın isti vaxtına təsadüf edir. Buna görə də, mütləq imsaka durmaq lazımdır. Səhər, yəni imsakda qızardılmış, ədviyyatlı, duzlu yeməklərdən uzaq olmaq, kəpəkli çörək yemək vacibdir, çünki kəpəkli çörək ağ çörəkdən 4 dəfə gec həzm olunur, bu, uzun zaman ac qalmaq üçün faydalıdır. Ağ çörək tez sorulduğundan yeməkdən sonra qanda şəkərin miqdarı çox qalxır və tez də düşür. Suda qaynadılmış yumurtaya üstünlük verilməlidir, onun tərkibindəki zülal orqanizmin enerji balansını qoruyur. Suda qaynadılmış tikə ət də bu yöndən faydalıdır. 3-4 ədəd xurma yemək də faydalıdır, xurmada həm karbohidrat, həm zülal, həm də az miqdarda yağ var.
Kəpəkli undan hazırlanmış makaron, yerli düyü, duzsuz pendir, qaymaq, xama yemək faydalıdır. Süddə bişmiş yulaf və ya müsli insanı uzun müddət tox saxlayır. Bol su qəbul olunmalı, köpün olmaması üçün razyana və çobanyastığı əlavə edilmiş çay içilməlidir. Limon və ya məkkəgülü ilə dəmlənmiş çay da susuzluğun qarşısını almaq üçün yaxşı vasitədir.1 xörək qaşığı məkkəgülü çiçəklərini 3 stəkan suya tökün, üzərinə 2 çubuq darçın, 2 ədəd doğranmış alma, 2 xörək qaşığı bal və ya şəkər tozu əlavə edib zəif odun üzərində 5 dəqiqə qaynadın, sonra soyuducuya qoyun, səhər imsak zamanı için. Bu içki həm dadlıdır, həm də susuzluğun qarşısını almaq üçün əla vasitədir.
İftarda qidalanma isə 2 hissəyə bölünməlidir. Birdən-birə mədəni çox yükləmək olmaz, çünki aclıq zamanı maddələr mübadiləsi zəifləyir, çoxlu qida qəbulu da köp, sancı və qəbizliyə səbəb ola bilir: "Yeməyə su ilə başlayın, sonra sulu yeməklərə üstünlük verin, çalışın süfrənizdə mövsümi tərəvəzlər bol olsun, qatıq, ayran, salat, göyərti olsun. Mədəsində qıcqırma olanlar qatığı kefirlə əvəzləsin. Sulu yeməkdən sonra biraz istirahət edin. Bundan sonra enerjili yeməklər yeyə bilərsiniz, yenə də ağ çörək istifadə etməyin. Lifli yeməklər, meyvələr və quru meyvələr yeyin. Yeməkdən sonra köpün, qəbizliyin və sancıların qarşısını almaq üçün yaşıl çay, nanə, zəncəfil, adaçayı, məkkəgülü, darçın, hil, cirə, mixək kimi bitkiləri tək-tək və ya qarışıq halda dəmləyib içə bilərsiniz. Ramazanda hər gün yaxşı qidalanmaq vacibdir, çünki sabah yenə oruc tutulmalıdır".
Alim