Nə üçün oxumuruq?- RƏYLƏR

Cəmiyyət arasında hansı hərəkət qeyri-adi hesab edilir?  Az-az rastlaşdığımız şeylər...

Təəssüf ki, bu gün kitab oxumaq da bu cür qəbul edilir. Cəmiyyətin bir hissəsi kitab oxumağı gerilik, bir qismi isə savadlı olmaqla əlaqələndirir. Ancaq, mütaliə hava, su qəbul etmək qədər önəmli və adi haldır. Bir çoxlarımız qorxuruq ki, oxumayaq. Kitab oxumaq da artıq qəzet oxumaq, qismən televiziya izləmək, radio dinləmək qədər lazımsız olsun. Sadaladıqlarımın hər biri informasiya və bilik üçün vacib amillərdir.

Bəs, Azərbaycan gənci nə üçün oxumur?

Kitab oxumağın vaxtı yoxdur. Ancaq, gəncə əsasən də tələbə vaxtlarında kitab oxumağa daha çox vaxtımız olur. Bir çoxumuz təəssüf ki, bunu dəyərləndirmirik. Oxuyanların böyük hissəsi isə xarici ədəbiyyata üz tutur. 

Yerli ədəbiyyata nə üçün üstünlük verilmir?

Kitab, kitabxana sahəsində hansı əskikliklər var?

Suallarımıza cavab tapmaq üçün ziyalılarımızın fikirlərini öyrəndik:

"Bakı-Xəbər" qəzetinin baş redaktoru  Aydın Quliyev:

"Kitab hazırda biliyin yeganə olmasa da, ən böyük mənbələrindən biridir. Ancaq bəşəriyyətin elə bir dövrü olub ki, kitab biliyin, dünyagörüşünün ən böyük mənbəyi olub. Sonradan elm, texnologiya, texnika, insan şüurunun inkişafı nəticəsində insanın bilik, elm üçün mənbələrinin sırası genişlənib. Bununla da kitabın yeganə mənbə statusu zəifləyib. Etiraf edək ki, SSRİ dövründə Azərbaycanda kitaba maraq daha böyük idi. Mütaliənin əsas üsulu kimi kitab dəb halını almışdı. Sonradan internet məkanından informasiyanın əldə edilməsi kitaba marağı azaltdı. Bütün alternativlərə baxmayaraq, kitabın yenə də bilik mənbəyi olmağının əhəmiyyətini qoruyub saxlayır. Düşünürəm ki, hələ bundan sonra da uzun illər boyu kitab bu cür əhəmiyyətli mənbə statusunu qoruyub, saxlamağa müvəffəq olacaq.
Ancaq, kitabla bağlı xüsusi mülahizələrə, dövlət siyasətinə, ictimai davranışlar sisteminə böyük ehtiyac var. Kitab bəşər tarixi boyu insanların zehinlərində ən azı bilik mənbəyi kimi qalıb. Kitaba laqeyd yanaşma təkcə kitabın əhəmiyyətinin azaldılmasına gətirib, çıxarmır. Eyni zamanda, kitabı cəmiyyətin gözündən salır. Toplum görəndə ki, kitaba hətta, dövlət və ictimai səviyyədə laqeydlik var, insanlarda da maraq getdikcə zəifləyir. Ona görə də kitaba maraq dövlət və cəmiyyət tərəfindən qayğıkeş münasibət göstərilməsi simvolik məna daşıyır. İnsanları kitaba bağlaya bilməyin ən yaxşı yollarından biri kitaba dövlət və cəmiyyət səviyyəsində doğma münasibət göstərilməsidir.  Son 20-30 ildə kitaba marağın azalması müəyyən qədər kitab industiyasının kütləviləşməsi ilə bağlıdır. SSRİ dövründə kitab industiyası indiki qədər geniş və miqyaslı deyildi. Kitabların yazılmasından istehsalına qədər hər şey məhdud idi. Kitab az sayıda olduğu üçün həm kitaba həm də, kitab yazanlara əlçatmaz olaraq baxılırdı. Sonra kitab industiyası çox genişləndi. Hər yerindən qalxanın kitab yazması kitabın xarizmatik subyekt olaraq insanların gözündə zəifləməsinə səbəb oldu. Kitab yazanların çoxalması, çapının genişlənməsi kitabın keyfiyyətinə də təsir göstərməklə marağı azaltdı. Kitabın cəmiyyətin gözündə qaldırılmasının yollarından biri məzmununa, texniki tərtibatına, bədii tərtibatına, keyfiyyət göstəricilərinə diqqət yetirməkdən ibarətdir. Kitablar var ki, məzmun etibarı ilə çap olunan kimi cəmiyyətin marağını cəlb edir. Elə kitablar da var ki, nə qədər reklam etsələr, yaymağa çalışsalar da, cəmiyyətin içərisində özünə vətəndaşlıq haqqı qazana bilmir. Ona görə də cəsarətlə demək olar ki, kitab var sadəcə oxuyursan, kitab da var su kimi içmək istəyirsən. Təəssüf ki, su kimi içmək istədiyimiz kitabların sayı çox azdır. Məsələn, hansısa yazıçının kitabının 300 tirajla çıxdığını görəndə insanda təəssüf doğurur. On milyon əhalisi olan ölkədə 300 tirajlıq kitabın əhəmiyyətindən, icitmai məzmunundan söhbət gedə bilməz. Hətta, dərsliklər, metodik və xidməti istifadə üçün belə kitabçalar bu sayıda tirajlanmır.  Hər hansı elmi-tədqiqat, bədii əsərin 200-300 sayıda olması ədəbiyyat üçün, bilik üçün heç də yaxşı göstərici deyil. Ona görə kitabların məzmunu və mahiyyətində böyük inqilab etməyə ehtiyac var. Hər yerindən qalxan kitab yazmasın. Hər mövzunun kitab predmetinə çevrilməsi, hər mövzunun kitabda təqdim olunması kitabın cəmiyyətin gözündə nüfuzunu aşağı salan amillərdən biridir.  
Kitabxana mövzusuna gəldikdə isə dediyim kimi, kitabı əvəz edən çox alternativlər var. Mütləq deyil ki, kitabı əlinə alıb, fiziki şəkildə onu oxuyasan. Alternativ olaraq,internet məkanında saysız-hesabsız kitabın məzmununu özündən əks etdirən vəsaitlər var. Hətta, bu amillər də kitabdan birdəfəlik üz döndərməyi şərtləndirə bilməz. Bu mənada kitabxanalar kitabı biliyin simvolik mənbəyi olaraq əbədiyyətə qədər qoruyub-saxlamalıdır. Hətta, bir nəfər insanın belə kitabxanada kitab oxumadığı dövrə gəlsək belə, yenə də kitabxananın ləğv olunması üçün əsas ola bilməz. Kitabxana kitabın saxlandığı müqəddəs yerdir. Hər bir yaşayış məntəqəsində kiçik də olsa, kitabxana, kitab mağazası olmalıdır. Kitabxana hər şeydən əvvəl kitab fondunu qoruyan məbəddir. Təsəvvür edin ki, bir neçə şəxsin evində həvəskar qaydada yığıb saxladığı minlərlə kitabdan əlavə, böyük sayda kitablar kitabxanalarda "yatır". Kitabxanalar ləğv olunsa, kitab anlayışı qalmayacaq. Kitabxana sıradan çıxsa, bütünlüklə kitabların sıradan çıxması üçün həlledici addım ola bilər. Şəhərlərdə, kəndlərdə kitab şəbəkəsini genişləndirmək, dövlət qayığının mövcud olduğunu  cəmiyyətə göstərmək lazımdır. 
Kitabların qiyməti əlçatan olmalıdır.Dövlətin dəstək siyasətinə ehtiyac var. Hər kitab yazana veriləcək dəstəkdən söhbət getmir.  Ancaq, müəyyən ədəbiyyatlar var ki, bütünlüklə, dövlətimizin, cəmiyyətimizin simasını, gələcək istiqamətini özündə yaşadır. Bu kitablar dövlətin dəstəyinə söykənməlidir. 
İnkişaf kitabların məzmununda dəyişiklik olması, kitab çapına dövlətin az da olsa dəstəyi olmalıdır. Kitab fondu qorunub, saxlanmalıdır. Hər kəsə kitab yazmaq asan çıxışı olması qəbul edilməzdir. Belə olsa, kitaba bilik mənbəyi kimi böyük dönüş edə bilərik".

Əməkdar jurnalisti, filologiya elmləri doktoru Qulu Məhərrəmli:

"Məncə,uzun fasilədən sonra müstəqillik illərinin son dövrlərində kitaba münasibət qismən dəyişdi. Kitab mağazalarının sayının artması, kitabxanalara qayğı göstərilməsi önəmli tendensiyadır. Azərbaycanda hazırda kitab oxumaq istəyənlər üçün şərait var. Milli sərvətimiz  olan "Axundov" kitabxanası var. Onun hətta açıq hava kitabxanası fəaliyyət göstərir. Bağlar, parklar, gənclər üçün kitabxanalar fəaliyyət göstərir. Bütün bunlar müsbət haldır. Nə qədər intenet, sosial şəbəkə, başımızı "qatmaq" üçün digər vasitələr olsa da, heç biri kitabı əvəz edə bilməz. Çap sənətinin meydana çıxardığı kitab, əvəzolunmaz və ən faydalı bilik mənbəyidir. Ona görə də məktəblərdən, Mədəniyyət Nazirliyindən, ayrı-ayrı nəşriyyatlardan, uşaq kitabxanalarından indiki halda şikayət etməyə dəyməz. Şikayət edəcəyimiz yeganə məsələ oxucuların az olmasıdır. İnsanların kitaba meyli çox aşağıdır. Təəssüf ki, cəmiyyətimiz az kitab oxuyur. Hazırda metroda, avtobusda neçə nəfərin əlində kitab görürsünüz?
Kitabı çantada gəzdirməyə maraq olmasa da, elektron kitablar da əhəmiyyətlidir. Kitabı təbliğ etmək, qayğısına qalmaq lazımdır. Yeni kitabların müzakirələri olmalıdır. Vacib əsərlər, xüsusilə, ölkə yazıçılarının əsərləri geniş təbliğ olunmalıdır ki, oxunsun. Kitabxanalar da bu istiqamətdə işləsələr, daha yaxşı olar".

Əfsanə Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31