Azərbaycan–Özbəkistan münasibətləri strateji əhəmiyyət daşıyır- ÖZƏL

"Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə iki qardaş ölkə - Azərbaycan və Özbəkistan arasında münasibətlərin mahiyyətini, gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoyan mühüm siyasi mesajlarla zəngindir. Müsahibə təkcə Azərbaycan-Özbəkistan əlaqələrinin bugünkü mənzərəsini əks etdirmir, eyni zamanda türk dünyasında getdikcə güclənən həmrəyliyin, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında formalaşan yeni əməkdaşlıq imkanlarının və Azərbaycanın bu proseslərdə artan rolunun göstəricisidir. Prezident İlham Əliyevin müsahibədə vurğuladığı kimi, Azərbaycan və Özbəkistan münasibətləri yalnız dövlətlərarası siyasi əlaqələr üzərində qurulmayıb. Bu münasibətlərin təməlində ortaq tarix, mədəniyyət, dil, mənəvi dəyərlər, qardaşlıq və xalqlar arasında əsrlər boyu formalaşmış qarşılıqlı rəğbət dayanır. Məhz bu möhkəm təməl siyasi iradə ilə birləşərək münasibətləri strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəldib". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov deyib: "

"Xüsusi ilə son illərdə Azərbaycan-Özbəkistan münasibətlərinin sürətli inkişafı təsadüfi deyil. Dövlət başçıları İlham Əliyev və Şavkat Mirziyoyev arasında formalaşmış səmimi dostluq, qarşılıqlı etimad və siyasi dialoq bu əlaqələrin inkişafında xüsusi rol oynayır. Ölkə Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə qeyd edilən 15 qarşılıqlı yüksək səviyyəli səfər və sıx təmaslar da münasibətlərin intensivliyini göstərən mühüm faktordur. 2024-cü ildə Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri, 2025-ci ildə isə Prezident Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri zamanı imzalanmış sənədlər, xüsusilə "Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə" və "Müttəfiqlik münasibətləri haqqında Müqavilə" iki ölkənin siyasi münasibətlərinə yeni məzmun gətirib. 2023-cü ildə yaradılmış Ali Dövlətlərarası Şura isə bu münasibətlərin institusional dayaqlarını daha da möhkəmləndirib. Bu mexanizm Azərbaycan və Özbəkistan arasında uzunmüddətli əməkdaşlıq prioritetlərinin müəyyənləşdirilməsi və birgə təşəbbüslərin əlaqələndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin müsahibə zamanı açıqladığı rəqəmlər iki ölkə arasında iqtisadi əlaqələrin sürətli inkişafını aydın göstərir. 2025-ci ildə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon dollara çatıb. 2026-cı ilin yanvar-may aylarında isə ticarət dövriyyəsi daha 33 faiz artaraq 144 milyon dollar təşkil edib. Bu göstəricilər iqtisadi münasibətlərin potensialının hələ tam reallaşmadığını və qarşıda daha böyük imkanların olduğunu göstərir. Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin 500 milyon dollar ümumi kapitalla yaradılması da iki ölkənin iqtisadi münasibətlərə strateji yanaşmasının göstəricisidir. Qarşılıqlı investisiyaların artırılması, sənaye kooperasiyasının genişləndirilməsi və birgə istehsal müəssisələrinin yaradılması artıq münasibətlərin mühüm istiqamətinə çevrilib. Avtomobil sənayesində əməkdaşlıq xüsusilə diqqət çəkir. Füzuli rayonunda salınan 100 hektarlıq "Dostluq bağı", "Chevrolet" və "Isuzu" markalı avtomobillərin istehsalı kimi layihələr Azərbaycan-Özbəkistan tərəfdaşlığının real iqtisadi nəticələridir. 2026-cı il iyulun 13-nə olan məlumata görə, Azərbaycanda 10 720 "Chevrolet" avtomobili və 275 "Isuzu" avtobusu istehsal edilib. Bu əməkdaşlığın başqa mühüm tərəfi qarşılıqlı investisiyaların coğrafiyasının genişlənməsidir. Azərbaycanda Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatının fəaliyyət göstərməsi, Azərbaycanın özəl sektorunun isə Özbəkistanda iri layihələr həyata keçirməsi qarşılıqlı etimadın artıq real iqtisadi münasibətlərə çevrildiyini göstərir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31