"Kirli xəbərlərin" azyaşlı siması...
24 Fevral 2023 14:57 Sosial
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, "Bakı-Xəbər" qəzetinin baş redaktoru, jurnalist Aydın Quliyev bildirir ki, media sahəsində uşaqlarla bağlı mövzuya yanaşmanın xüsusi tələbləri var. Bəs bu tələblər nələrdən ibarətdir?
- Bilirsiniz, uşaqlarla bağlı mövzu ümumiyyətlə həmişə, elə ədəbiyyatımızda da, mədəniyyətimizdə də, incəsənətimizdə də, siyasətdə də, dövlət idarəçiliyində də həmişə həssas mövzu olub və onun həssasiyyətini hər zaman da qorumaq lazımdır. Xüsusilə də, media sahəsində uşaqlarla bağlı mövzuya yanaşmanın xüsusi tələbləri var. Burda təkcə adların və yaxud da ki, uşağın identifikasiyasını dəqiq göstərən digər göstəricilərdən söhbət getmir. Yəni, deyək ki, uşağın adını, soy adını, yaşadığı yeri, ünvanını, şəhəri, kəndi şərti qoymaqla qalan hər şeyi mətbuatda açıb tökmək olar prinsipi də düzgün deyil. Təkcə uşağın identifikasiyasını göstərən adları şərti verməklə iş bitmir. Eyni zamanda, müəyyən mövzular, uşaqlarla bağlı elə hadisələr var ki, onları ümumiyyətlə açıb ağartmaq, geniş şəkildə cəmiyyətə göstərmək düzgün deyil. Məsələn, baxın, bu gün Türkiyədə kinonun, incəsənətin inkişaf səviyyəsini göstərmək, bunu bir biznes üsulu olaraq gəlir mənbəyinə çevirmək üçün müasir Türkiyənin milli xüsusiyyətlərini, yaşam tərzini ləkələyən nə qədər faktları, hadisələri açıb tökürlər. Məsələn, ingilislər, fransızlar özlərinin milli-mənəvi etnik dəyərləri ilə bir araya sığmayan şeyləri kinolarda, bədii əsərlərdə bu qədər geniş nümayiş etdirmirlər. Amma bizim bugünkü qardaş Türkiyəmizdə təkcə çəkilən kinoları, serialları təhlil etmək kifayətdir ki, qədim tarixi olan qardaş türk xalqının milli-mənəvi dəyərlərini və mentalitetini nə qədər ləkələyən şeylərin ortada olduğunu biz görək. Ele şeylər var ki, bəli, bu həqiqətdir, baş verə bilər. Amma onu kinoda, ədəbiyyatda, incəsənətdə, əsərlərdə göstərmək doğru yanaşma deyil. Eynilə, bizim Azərbaycanda uşaqlarla bağlı mediada mövzulara toxunarkən, onu işləyərkən, həm onların adlarını, yaşadığı yerləri, identifikasiyasını göstərən konkretliklərdən qaçmaq lazımdır, həm də elə şeylər var ki, ola bilər ki, bizim uşaqlarımızın həyatında o var. Bunları açıb tökmək doğru yanaşma deyil. Çünki elə faktlar və hadisələr var ki, bu heç də bütün uşaqlara aid deyil. Amma mediada bunu yazmaq uşaqların beyninə bir ləkə salmaq deməkdir. Bəzi təfsilatlar var ki, onları kütləvi publikasiya üçün yox, ancaq xidməti istifadə çərçivəsində yazmaq, saxlamaq olar.
Bir sözlə, uşaqlarla bağlı mövzuda bir çox konkretliklərdən yan keçmək lazımdır. Elə məsələlər var ki, onu müvafiq dövlət orqanlarının ixtiyarına buraxmaq lazımdır ki, mövcud çərçivədə bəlli üsullarla aparılan işlərlə bu kimi hadisələrin qarşısı alınsın. Elə şeylər də var ki, bəli, bunu uşaqlarımızım tərbiyəsində, fəaliyyətində, yaxşı nümunələr olan hadisələrin üzərində əsərlər yazmaq, kinolar çəkmək və s. mümkündür. Məsələn, bir zamanlar bizim televiziyalarımızda bir serial nümayiş edilirdi. Bir polis rəisinin bir uşağa himayədarlıq etməsi ilə bağlı. Bu uşaq siz demə olduqca istedadlı bir uşaq imiş. Amma atası narkomandır. Uşağı incidir, onun üçün pul gətirməyə məcbur edir ki, alkoqollu içkilərdən istifadə edə bilsin. Həmin uşaq da bir gün polis rəisinə rast gəlir və bu həm də polis rəisləri üçün də çox yaxşı nümunədir. Həmin polis rəisi uşağı himayəyə götürür, evinə gətirir və öz qızı ilə birlikdə böyüdür. Onu evləndirir, oxudur və bir vətəndaşa çevirir. Bu həm polis rəisinin timsalında yaxşı nümunədir ki, Azərbaycanda bütün polis rəislərinə baş kəsən, rüşvət alan subyektlər kimi baxılmasın. Belə polislərin də obrazları var, bunu yaratmaq lazımdır. Həm də o uşağın taleyi üçün olduqca ibrətamizdir ki, həmin uşaq ailə mühitinin çox ağır olmasına baxmayaraq, həmin ağır ailə mühitində də öz mənəvi keyfiyyətlərini itirmədi və kənardan verilən dəstək ilə o bir insan və vətəndaş statusuna düşə bildi. Yəni, bu cür nümunələri ədəbiyyatımızda, mediamızda qabartmaqda fayda var. Amma hansısa bir uşağın, deyək ki, buraxdığı səhv nəticəsində onun həyatın dibinə düşməsini çox geniş şəkildə işıqlandırmaq və bunu sanki bütün Azərbaycan uşaqlarına aid olan bir nümunə kimi təqdim etmək əlbəttə ki, yolverilməzdir və bu insanları, uşaqları yoldan çıxartmaq məqsədindən başqa heç nəyə xidmət etmir.

Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı bildirir ki, uşaqlarla bağlı məlumatlar bəzi hallarda mediada dərc oluna bilər. Bəs hansı hallarda azyaşlıların adı da daxil olmaqla digər şəxsi məlumatları olduğu kimi, açıq-aşkar qeyd olunmalıdır?
- Bu cür məlumatların verilməsi əlbəttə ki, yolverilməzdir. Necə ki, bu bütün ölkələrdə qadağandır. Amma Azərbaycanda buna o qədər də əhəmiyyət verilmir. Biz əksər hallarda görürük ki, uşaqların, azyaşlıların, yeniyetmələrin özəl həyatı haqqında, başlarına gəlmiş faciələr, məsələn, zorlanma, uşaqların döyülməsi və digər hadisələrlə bağlı məlumatlar, görüntülər onların həyatında çox ciddi travma və diskomfort yaradır. Hamı biləndə daha çox pərt olur, psixoloji gərginlik yaşayır. Buna qətiyyən yol vermək olmaz. Yalnız bəzi məlumatlar var, tutaq ki, uşaqların təhsil və ya digər hüquqları pozulursa, bu halda uşağın hüquqlarını müdafiə etmək üçün açıq-aydın şəkildə yazıla bilər. Burda baxmaq lazımdır ki, məsələ hansı motivdədir. Özəl həyatıyla bağlıdır və yaxud şəxsi psixologiyası, hansısa xəstəliyi ilə bağlıdırsa, bunu açıb ictimailəşdirmək olmaz, yolverilməzdir. Buna görə sərt cəzalar tətbiq olunmalıdır. Yəni, bir insanın həyatını məhv edə biləcək məlumatlar yayılıb. Onun həyatını, gələcəyini məhv edəcək, hətta intihar hallarına gətirib çıxardan məlumatların yayılması yolverilməzdir. Dediyim kimi, ancaq uşaqların müəyyən hüquqları pozularsa, ona qarşı haqsızlıqlar edilərsə hər hansı yerdə, bu halda olar. Bəzən adını çəkmədən elə məlumatlar verirlər ki, yenə də məlum olur ki, o kimdi. Çünki, tutaq ki, kiçik bir kənddə hamı bir-birini tanıyır. Orda ad şərti yazılsa da, yenə də bilinir ki, bu şəxs kimdir. Yaxud da, məktəbin nömrəsini, sinifini, digər məlumatları göstərib, uşağın adını verməyəndə yenə də bilinir kim olduğu. Bu həssas mövzulardır. Amma artıq peşəkar jurnalist yanaşması tələb olunur. Media qanunvericiliyində və digər qanunlarımızda da bu təsbit olunub. Sadəcə media verilmiş azadlıqdan və yaranmış boşluqdan, cəzasızlıq şəraitindən istifadə edib, şou yaratmaq, oxucu toplamaq üçün bu tip məlumatları ötürməkdə maraqlı olurlar. Belə məlumatlar hüquq-mühafizə orqanlarının, valideynlərin, məktəb rəhbərliyinin işidir, onlar bu məsələlər ilə məşğul olmalıdır. Yox, əgər bilərəkdən olmursa, o halda onların üzərinə gedilməlidir. Yəni, uşağın psixologiyasına, sağlamlığına, həyatına ciddi təsir göstərə bilən bu tip məlumatlar qəti şəkildə televizyada, mətbuatda işıqlandırılmamalıdır. Bunu edənlər isə cəzalandırılmalıdır ki, digərlərinə də dərs olsun. Bütün ölkələrdə bu belədir. Yəni, açıq şəkildə heç yerdə belə göstərilmir. Biz gördük ki, keçən dəfə məktəbdə vəhşicəsinə döyülən uşağın videosunu paylaşdılar. Bu onun üçün fiziki travmadan başqa həm də çox ağır psixoloji bir travmadır. Buna qətiyyən yol vermək olmazdı. Əlbəttə bu hadisə ictimailəşdirilməlidir ki, bir tədbir görülsün. Amma ən azından uşağın üzünü bağlamaq olardı ki, bilinməsin. Qalan orqanlar artıq öz işləri ilə məşğul olacaqdılar. Hadisə ictimailəşdirilir, sadəcə uşağın kimliyi bilinmir, o artıq hüquq-mühafizə orqanlarının işidir. Bu məsələ nəzarətdə saxlanılmalı, tədbir görülməsə, bu barədə yazılmalı idi.
Burda məsələ təkcə mətbuatla da bağlı deyil. Sosial şəbəkələrdə demək olar ki, artıq hər kəs mətbuat, jurnalistdir. Kimin əlinə nə gəldi, necə gəldi paylaşır. Heç bir prinsip, qanun, etikadan xəbəri olmayan insanlar cəzalandırılmalıdır ki, başqalarına dərs olsun. Yəni, qanunu bilməmək məsuliyyətdən azad eləmir. Adi vətəndaşsan, jurnalist deyilsən. Amma sən yazdığına, paylaşdığına fikir verməlisən. Başqa insanların həyatına sarsıdıcı zərbələr vuran fəaliyyətinə görə cavab verməlisən. Özü də, ağır cavab verməlisən. Çünki söhbət bir insanın məhvindən gedə bilər, sənin materialın onu intihara məcbur edə bilər. Bu halda kimliyindən asılı olmayaraq ağır cəzalar tətbiq olunmalıdır. Ona görə də, sosial şəbəkələrə xüsusi nəzarət olmalıdır. Məsələn, mediaya müəyyən nəzarət var, yoxlamalar aparılır. Amma sosial şəbəkələrdə artıq tamamilə biabırçılıqdır. Bura nəzarət yoxdur. Son vaxtlar qanunlarımıza sosial şəbəkələrlə bağlı bir qədər şeylər əlavə olunub. Məsələn, təxribat törədici məlumatlar və s. Bunlar da əlavə olunmalıdır ki, bu informasiya azadlığının pozulması deyil. Yanaşmalar fərqli olmalıdır. Tutaq ki, baş vermiş ictimai bir hadisəni adi vətəndaş yayımlaya bilər. Amma nəzərə alınmalı məqamlar var. Xüsusilə də, uşaqlarla bağlı həssas yanaşılmalıdır. Hadisənin özü ictimailəşdirilməlidir ki, qarşısı alınsın, tədbir görülsün və s. Bunu elə formada etmək olar ki, həmin uşağa zərər dəyməsin. Bu bilərəkdən edilirsə və yaxud da bilməyərəkdən edilirsə, fərqi yoxdur, zəhmət çəkib qanunları, qaydaları bilmək lazımdır. Bilmirsənsə, cəzalandırılacaqsan. Əgər ortaya 5-6 belə nümunə qoyulsa, bütün əhaliyə dərs olacaq. Hamı görəcək ki, nəyi paylaşmaq olar, nəyi olmaz. Sosial şəbəkələr o demək deyil ki, kim ağlına nə gəldi yazmalı başqalarına zərər vurmalıdır. Dünyanın heç bir yerində belə qayda yoxdur. Başqalarına vurduğun zərərə görə cəzanı almalısan və bu cəza da elə adekvat şəkildə olmalıdır ki, həm özün, həm də başqaları dərs alasan. Əks halda, bu hadisənin özündən sonra daha pis faciələr baş verə bilər.
Röyalə Xəyal