Sonsuz üçbucaq- qurban, xilaskar, təcavüzkar...

Son bir ayda Azərbaycanda 9 qadın qətlə yetirilib. Bundan sonra qısa zamanda problemin həlli üçün olan ümid işığımız sönüb. Ən azından gələcək nəsillər üçün düzgün fərd yetişdirməyə çalışmalıyıq. Azyaşlıların psixologiyası başqa valideynlərdən daha sonra təhsil ocaqları və cəmiyyətdən asılıdır. Övlad böyüdərkən necə davranmalıyıq ki, gələcəyə qatil, təcavüzkar fərd yetişdirməyək?

Problemlə bağlı suallar üçün klinik psixoloq Səyyarə Yusubova ilə həmsöhbət olduq. 

-Səyyarə xanım, şiddət göstərən şəxslərdə hansısa travmanın olduğunu düşünmək doğrudurmu?

- Bəli doğrudur. Əksər hallarda belə olur. Zorakılığa meyilli insanların bioqrafiyasına nəzər yetirsək, psixi travmaların olduğunu görəcəyik. Diaqnoz qoymaq çətindir. Ancaq, əksər hallarda güclü psixi travmalardan, neqativ uşaqlıq xatirələri nəticəsində insanda ahəngsiz psixi inkişaf gedir. Onlarda təcavüzə, zorakılığa meyillilik formalaşır. Bunu psixologiyada "Karpman üçbucağı" nəzəriyyəsi ilə izah edirlər. Tərəflərdən biri qurban, biri xilaskar digəri isə təcavüzkar pozisiyasındadır. Yəni, zorakılığa məruz qalan insanlar bu üç şəxsiyyət arasında gedib gəlirlər. 
Karpman üçbucağı, uşaqlıq travmaları psixi tərəfləri idi. Bundan başqa fiziki travmaları da nəzərə almaq lazımdır. İnsanlar çox güclü baş-beyin xəsarətləri aldıqda, işgəncələrə məruz qaldıqda hadisə özlərinə də travmatik təsir edir. Ümumiyyətlə, zorakılığa məruz qalmaq təkcə məruz qalana deyil, törədənə də travma vermiş olur.
Zorakılıq davranışına adət etmiş insanlar çox zaman bunları yaşayaraq öyrənirlər. Aqressiv davranış da bu cür formalaşır. Sosial öyrənmə nəzəriyyəsinə görə, uşaqlıqdan müəyyən davranış qaydalarını ailəmizdən, kütləvi informasiya vasitələrindən, izlədiyimiz filmlərdən və.s  öyrənirik. Zorakılıq da bu davranış nümunələrindən biridir. Ailə mühitində əlverişsiz şərait, dialoq pozuntusu, zorakılıq olubsa, uşaq bunu öyrənmiş olur. Etinadsızlıq, laqeydlik, emosialarının ciddiyə alınmaması, yoxsayma zorakılıq davranışlarına aiddir. 
Tədqiqatlar göstərir ki, məhz bu insanlarda zorakılıq meyilləri çox olur. Təkcə uşaqlıq dövründə deyil, yeniyetmə və gənclik dönəmlərində də  zorakılığa məruz qalan şəxs travma ala bilir. İnsan beyni bunun qarşısını almağa çalışmasa, daim təhlükədə hiss edir. Həmin şəxs müdafiə olunmağa ehtiyac duyur. Bunun üçün də hücum edir. Digər səbəb isə beynin zədəli olması ola bilər. Hansısa nevroloji xəstəliklər, beyin şişləri, anadangəlmə inkişafın səhv getməsi səbəb ola bilər.
Anadangəlmə olan şəxsiyyət pozuntusu faktoru o qədər də yayğın deyil. Ancaq, mümkündür. Bəzi ədəbiyyatlarda buna "psixopat" deyilir. Daha düzgün desək, bu anti-sosial şəxsiyyət pozuntusudur. Belə şəxslərin əsas xüsusiyyəti odur ki, baş-beyində "empatiya" hissi zonaları fərqli formalaşıb. Həmin insanlar özlərini digərlərinin yerinə qoyub, onları anlaya bilmirlər. Nəticədə qəddarlıq, ədavət formalaşır. Bir digər şəxsiyyət pozuntusu qrupu "paranoid" adlanır. Onlar da çox ədavətli olur, planlı şəkildə düşmənçilik, şiddət formalaşır. Bunlar psixi pozuntulardır. Müalicə tələb edir. Zorakılığa meyilli insanların psixoloji yardım almaq ehtimalı az olur. Çünki, çox zaman insanda davranış pozuntuları olduqda, öz davranışlarına tənqidi yanaşa bilmirlər. 
Digəri güclü travma aldıqdan sonra yaranan post-travmatik stress pozuntusudur. Həmin insanlarda da zorakılığa meyillilik olur. Aqressiv davranışlar özünü göstərir. Özlərini müəyyən qədər tənqid edə bilsə də, davranışlarına nəzarət edə bilmirlər. Onlar, çox zaman psixoloji yardımı yarımçıq qoyurlar. İnsanlar yaşadığı sarsıntılı hadisələri xatırlayıb, danışmaqdan yayınır. Psixologiya ağrılı məsələlərdən nə qədər qaçmaq istəsə də, həll yolunu tapmadan öhdəsindən gəlmək mümkün olmur. Biz pasientlərə izah edirik ki, psixi travmanın tətiklədiyi beyin mərkəzi ilə emosional travmaların depolandığı beyin mərkəzi çox yaxındır. Bu, fizioloji əlaqələr nəticəsində xatirələr daim canlanmağa davam edir. 
Yuxuların, emosionallığın pozulması, davranışa nəzarətin itirilməsi meydana gəlir. Bir çox hallarda bu insanlar öz fəalliyyətlərini icra etməyi bacarmırlar. Müalicə olunmadıqda daha da pisləşir. Post-travmatik stress pozuntusu bəzi hallarda şəxsiyyət pozuntusuna, xroniki-psixi vəziyyətə çevrilir. Psixi travma almağın meyarları zorakılı, böyük böhranlar, qorxu, stress keçirməkdir. Mahiyyətində qorxunun, təhlükənin  öhdəsindən gələ bilməmək dayanır. Təhlükə hissi təsirini saxlayır. Nəticədə beyin qaçmağa, unutmağa, yayınmağa çalışır. Beyin bunların içərisində ilişib qalır. İdrak, emosional imkanlarını itirir. 

-Problemsiz ailələrdə böyüyən uşaqlar da şiddətə meyilli ola bilərmi?

Əgər əlverişli, firavan mühitdən söhbət gedirsə, bu bir uşağın inkişafı üçün minimum şəraitdir. Bu şəraitin komponentlərinə baxaq. Biz çox zaman problemsiz ailədə böyüdüyümüzə inandırılmağa çalışırıq. 
Bəs, hansı faktorlar ailəni əlverişli statusdan çıxarır?
Əslində bu hər zaman ailədə konfilikt, zorakılıq, mənəviyyatsızlıq olmaya bilər. Valideynlərin özlərində olan xroniki xəstəliklər, ailə ssenarilərindən gələn proqramlar, psixologiya cəhətdən uşağa yüklənən rollar ailə sağlamlığı "çətiri" altında böyük rol oynayır.  
Problemsiz ailəni narkotiksiz, zorakılıqsız, şiddətsiz ailə kimi düşünsək belə, geriyə digər məsələlər qala bilir. Bu baxımdan ən az danışılan mövzulardan biri ailə ssenariləridir. Bunun sadə dillə açıqlaması valideynləşdirməkdir. Odur ki, bəzi hallarda valideynlər övladlarından hansısa birini öz həyatında partnyor səviyyəsinə gətirir. Özünün valideyninə çevirir. Valideynlərin özləri də psixoloji olaraq yetkin şəxs olmaya bilirlər. Psixoloji yetkin dedikdə öz emosional dünyasının məsuliyyətini üzərinə götürən şəxs nəzərdə tutulur. Psixoloji olaraq yetkin şəxs olmayan valideyn övladını dərd ortağına çevirir. Qayğı, diqqət,nəvaziş,nigaranlıq kimi valideynə xas olan xüsusiyyətləri övlada aşılayır. Beləliklə, azyaşlı evdə hamının qeydinə qalan üzvə çevrilir. 
Belə ailələrdə digər övladı da emosional cəhətdən məsuliyyətsiz böyüdə bilirlər. Ailə daxilində uşaqların inkişafı baxımından hər birinə ayrı proqramlar ötürülə bilir. Bir uşaq digərinin himayəsinə keçir. 
Digər ssenari narsistik şəxsiyyətin inkişafı ilə bağlıdır. Problemsiz ailə kimi xarakterizə etdiyimiz bəzi ailələrdə valideynlərdən biri övladını daimi tərifləyir, digəri isə heç bir halda onu qəbul etmir. Belə "üçbucaqda" böyüyən uşaqda narsistlik formalaşır. Həmin uşaqlar emosional yelləncək üzərində böyüyür. Kim olduğu sualına cavab tapa bilmir. Daxili boşluğu qapatmağa çalışan məğrurluq formalaşır. Belə azyaşlılar problemsiz ailədə böyüsə də, yanlış tərbiyə, ər-arvad arasında gizli konflikt ucbatından azyaşlı narsist şəxsiyyətə çevrilir. Azyaşlı fərd kimi formalaşdıqdan sonra başqalarına psixoloji şiddət göstərir. Onlardan obyekt kimi istifadə edir. Ətrafındakı insanlara qarşı emosional yükə çevrilir. Onlarla yoldaşlıq etmək çox çətin olur.
Heç bir problemi olmayan, firavan uşaqlıq keçirən insanlarda bir digər problem irsiyyət problemi olur. Beyində gedən hansısa fizioloji proseslər baxımından zorakılıq törədən şəxsə çevrilə bilir. 
Maddə asılılığı ucbatından şəxsiyyət dəyişkənliyi yaşayan insanlar da var. Problemsiz ailədə böyüsələr də, yeniyetməlik dövründə hansısa qrupa düşə bilərlər. Əlverişsiz qrup şəraitində maddə istifadəsinə başlanıla bilər. Nəticədə zorakılıq törədən şəxs formalaşa bilər.

-Təhsil ocaqlarında qadın-kişi münasibətləri haqqında necə maarifləndirmə işi aparıla bilər?

-Nəzərə alsaq ki, məktəblərimizdə qızlar və oğlanlar birlikdə təhsil alır, azyaşlı, yeniyetməlik, erkən gənclik dönəmlərində özünə görə problemlər yarana bilər. Mütləq lazım olan maarifləndirmə işlərindən biri cinsi tərbiyədir. Azyaşlılara kultural xüsusiyyətlərimizi, bioloji və fizioloji bilikləri vaxtında vermək vacibdir. Onlar, öz bədənləri haqqında biliklərə sahib olmalıdırlar. Məktəblərdə anatomiya dərslərində cinsi sağlamlıq mövzusu keçirilmir. Bəzi müəllimlər bunun üzərindən keçir. Bu, problem illərdi davam edir. Cinsi tərbiyənin əsasını anatomiya bilikləri təşkil edir. Aşağı siniflərdən etibarən şagirdlərə iki cinsin ortaq xüsusiyyətləri, insan hüquqları, vətəndaş bilinci, mənəvi öhdəliklərlə bağlı məlumat verilməlidir. Uşaqlarla məktəblərdə psixodrama oyunları oynanmalıdır. Onlar, tədrisdənkənar fəaliyyət, mədəni dialoq içərisində olmalıdırlar. Nəticədə bir-birinə qarşı nəzakət vaxtında formalaşacaq, dünyagörüşü artacaq. Məktəb psixoloqları ilə müəllimlərinin birgə fəaliyyəti ilə qadın-kişi münasibətlərində ailə modelləri öyrədilməlidir. Ailə münasibətlərinin qurulması, motivləri haqqında fikirlər formalaşmalıdır. Məktəb vaxtından hər iki cinsdə ailə qurmaq haqqında fikirlər düzgün formalaşmalıdır. Son illərdə erkən və gecikmiş nikah problemi var. Şəhər ərazisində gecikən və bitən nikahlar, rayonlarda isə erkən nikah problemi hökm sürür. İkisinin də ortaq cəhəti odur ki, insanlar nəyə görə nikaha girdiklərini bilmirlər. Çox vaxt qızlar ailədən uzaqlaşmaq, məhdudiyyətlərdən yaxa qurtarmaq üçün ailə qurur. Həmin ailədə münasibəti tənzimləmək bacarıqları çatışmır. Çünki, öz ailələrində bunlar olmayıb. Məktəb və sonraki təhsil ocaqlarında münasibətlərin qurulması haqqında təlimlərin olması vacibdir. Cəmiyyətdə insanların özünü tərki artıb. Gəncləri müşahidə etsək görərik ki, komplekslərinin öhdəsindən gəlməyin yollarını axtarırlar. Özlərini ifadə etmək, yaradıcılıqlarını inkişaf etdirmək üçün də müstəvilər azdır. 

- Qısqanclıqdan göstərilən şiddət psixoloji yoxsa bioloji əlamətdir?

-İkisi də ola bilər. Zorakılıq sosial cəhətdən öyrənilən, mənimsənilən davranışdır. Onu korreksiya, islah etmək mümkündür. Çətin prosesdir. Ancaq, vacibdir. Qısqanclıq dedikdə ağlıma törədilən cinayət hadisəsi gəlir. Bu, bio-psixososial hadisədir. Bu o deməkdir ki, hər bir problemin altında bioloji faktor, həm də, sosial-psixoloji faktor var. Psixoloji faktor insanın öyrəndiyi davranışlardır. Sosial faktor fərdin böyüdüyü mühitin diqtə etdiyi qaydalardır. Bu faktor hadisələrdə heç də az rol oynamır. 
Qısqanclıq əslində emosional hal kimi sağlam vəziyyət deyil. Uşaqlıqdan gələn fəsaddır. Müxtəlif çalarları var həsəd, paxıllıq və.s. Qısqanclıq bir başqasının sevdiyimiz şeylərə malik olmasının yaratdığı narahatlıqdır. Bu hiss əgər zorakılığa, azadlığın məhdudlaşdırılmasına zəmin yaradırsa, sağlam hal deyil.

Əfsanə Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31