Azərbaycanda gender bərabərliyi yüksək səviyyədə təmin olunur
17 Fevral 2023 13:59 Sosialİstiqamət: gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması
Qadın və kişilərin sosial vəziyyətindəki fərqlər, onların hüquqlarının bərabər olmaması əsrlər boyu yanlış olaraq bioloji səbəblərlə izah edilib. Halbuki gender bərabərliyi - qadın və kişilər arasında bərabərliyə deyilir. Gender bərabərliyi dedikdə bərabər maddi rifah; bərabər imkanlar; dəyərlərin oxşar sistemi; qərarların qəbul edilməsi prosesində bərabərhüquqlu iştirak; resurslara və qazanclara bərabərhüquqlu nəzarət başa düşülür. Başqa sözlə, heç də kişi və qadının eyni cür davranışı nəzərə alınmır. Sadəcə, insanın kişi və ya qadın doğulmasından asılı olmayaraq, bərabər hüquqa malik olması önə çəkilir. Yəni, insanın qadın doğulması hər hansı məhdudiyyətə səbəb olmamalı, eyni zamanda, gender bərabərliyi kişilərin diskriminasiyasını və izolyasiyasını nəzərdə tutmamalıdır. Hüquqşünqas Mirzə Manafov qeyd edib ki, bizim cəmiyyət qadın və kişinin bərabər üzv olduğu cəmiyyətdir: "Belə cəmiyyətdə kişi və qadınlar bərabər səviyyədə təmsil olunur və hüquqları bərabər səviyyədə müdafiə olunur. Bu isə o deməkdir ki, bərabərhüquqlu cəmiyyətin qurulması gender və cinsdən asılı olmayaraq, bərabər imtiyazlara malik sosial çərçivənin qurulmasından asılıdır. Bu, uşaq böyütmək və ona qulluq etmək vəzifəsinin yalnız qadınlara, işləmək, vergi ödəmək, dövlətin inkişafı üçün şərait yaratmaq missiyasının yalnız kişilərə aid olması ilə bağlı ziyanlı stereotiplərdən azad cəmiyyətdir. Yalnız kişi və qadınların siyasi həyatda, iş yerlərində və ailədə yerinin düzgün müəyyənləşdirilməsi yolu ilə xoşbəxt və firavan həyat şəraiti olan ailə, gözəl cəmiyyət yaratmaq mümkündür. Məlum olduğu kimi ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycanda qadın layiq olduğu uca mövqeyə yüksəldi. Ulu öndər Heydər Əliyev Azərbaycan qadınının müsbət keyfiyyətlərini daim xüsusi vurğulamış, onun cəmiyyətdə layiqli yer tutmasına çalışmışdır. Qadınların hər zaman aparıcı qüvvə olduğunu bildirən ümummilli lider onların ailə həyatındakı rolunu da olduqca yüksək dəyərləndirmişdir: "Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə millətinə, torpağına olan hədsiz məhəbbəti və gözəlliyi, Azərbaycan xalqının milli xüsusiyyətlərinə sadiqliyi ilə tanınmışdır. Qadın ailə saxlayan bir insandır. Ona görə də bütün qadınlar bizim cəmiyyətdə çox əhəmiyyətli rol oynayırlar. Mən bunları deyərək qadınların bizim üçün nə qədər əziz olduğunu bir daha bəyan etmək istəyirəm".
Nüquqşünas qeyd edib ki, Azərbaycanda gender siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsinin hüquqi əsasını məhz Heydər Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi altında 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycanın Konstitusiyası təşkil edir. Beynəlxalq hüquqi aktlarda və konvensiyalarda əksini tapmış əsas insan hüquq və azadlıqlarının geniş şəkildə təsbit olunduğu bu Konstitusiyada qadınların cəmiyyət həyatındakı yeri və rolu, qadın siyasətinin fundamental prinsipləri də əksini tapmışdır. Əsas Qanunda gender məsələsi ilə bağlı bütün problemlərin qanunvericilik və hüquq tətbiqi səviyyəsində qarşısının alınması üçün zəruri hüquqi baza mövcuddur. Konstitusiyanın qadın hüquqlarının müdafiəsinə etibarlı zəmin formalaşdıran 25-ci maddəsində hamının qanun və məhkəmə qarşısında bərabərliyi, habelə kişi ilə qadının eyni hüquq və azadlıqlara malik olduğu birmənalı şəkildə təsbit edilir. Həmin maddənin üçüncü hissəsi cinsindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verməklə yanaşı, insan və vətəndaş hüquqlarının və azadlıqlarının cinsi mənsubiyyətə görə məhdudlaşdırılmasını qadağan edir: "Milli Konstitusiyanın qəbulundan sonra respublikamızda kişi və qadın bərarbərliyinin təmini, gender balansının qorunması istiqamətində də mühüm addımlar atılıb. Ulu öndər Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli fərmanı ilə gender siyasətinin həyata keçirilməsi məqsədilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Komitənin yaradılmasında əsas məqsəd qadınların hüquqlarının qorunması və ölkəmizin sosial və siyasi həyatında onların iştirakının artırılmasından ibarət olub. Müstəqil respublikamızda qadın hüquqları bu gün də etibarlı şəkildə qorunur, yüksək səviyyədə müdafiə edilir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 fevral tarixli sərəncamı gender sahəsində vahid dövlət siyasətini həyata keçirən komitənin adı dəyişdirilmiş, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimi yenidən formalaşdırılmışdır. Bu təşkilatın ümumən Cənubi Qafqazda gender sahəsində fəaliyyət göstərən yeganə dövlət strukturu olduğu da xüsusi qeyd olunmalıdır".
Onun bildirdiyinə görə, 2006-cı ilin dekabrında Milli Məclisdə qəbul olunmuş "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikasının Qanunu da respublikamızda qadınların hüquqlarının etibarlı müdafiəsi baxımından mühüm əhəmiyyətə malikdir. Qanunda gender balansının qorunması ilə bağlı hüquqi tənzimləmə mexanizmi öz əksini tapıb. Qanunun əsas məqsədi kişi və qadınların ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanların təmin edilməsi və cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasıdır. Qanun gender bərabərliyinin təmini ilə bağlı dövlət siyasətinin əsas istiqamətlərini və vəzifələrini müəyyən edir: "Məhz "Gender bərabərliyinin təminatı haqqında" qanunun qəbulundan sonra bütün dövlət strukturlarında qadınların dövlət idarəçiliyində rolunun artırılması istiqamətində ciddi işlər görülüb. Qadınların müxtəlif dövlət və qeyri-dövlət qurumlarında rəhbər vəzifələrə təyin olunması prosesinə başlanılıb. Bu gün Azərbaycan qadını parlamentdə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, bələdiyyələrdə, təhsildə, səhiyyədə, ölkə iqtisadiyyatının inkişafında sahibkar kimi biznes strukturlarında, kənd təsərrüfatı sektorunda, orduda, hüquq-mühafizə orqanlarında təmsil olunur. Rəhbər vəzifələr tutan qadınların da sayı az deyil. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Milli Məclisin sədri və Ombudsman qadındır. Bütün bunlar Azərbaycan qadınının ictimai-siyasi fəallığını artırıb, cəmiyyətimizin inkişafı, dövlət quruculuğu prosesində onların rolunu gücləndirib. Ölkədə gender siyasətinin tələblərinə uyğun olaraq qadınlarla kişilərin hüquq bərabərliyi təmin olunub. Müxtəlif nazirliklər və icra hakimiyyəti orqanlarında qadınların hüquqlarının müdafiəsi ilə məşğul olan cavabdeh şəxslər təyin edilib. Bütün dövlət strukturlarında qadınların dövlət idarəçiliyində rolunun artırılması istiqamətində ciddi addımlar atılıb". Dövlət Statistika Komitəsindən bildirildiyinə görə, əvvəlki illərlə müqayisədə dövlətin idarə olunmasında və qərarların qəbul edilməsində qadınların təmsilçiliyində irəliləyişlər əldə olunub. 2000-ci ildə qadın millət vəkilləri 10,7 faiz təşkil edirdisə, 2020-ci ildə bu göstərici 18,3 faizə yüksəlib. İnzibati rəhbər vəzifələrində çalışan 3111 nəfər dövlət qulluqçularının 7,01 faizi qadınlardır. Qadınların 36,1 faizi, kişilərin isə 63,9 faizi ali - 3-cü təsnifatlar üzrə inzibati vəzifələri, qadınların 23,2 faizi, kişilərin isə 76,8 faizi 4-7-ci təsnifatlar üzrə inzibati vəzifələri, qadınların 40,1 faizi, kişilərin isə 59,9 faizi dövlət qulluğunun yardımçı vəzifələrini tutur. 8 qadın universitet rektoru, 15 qadın kollec, 9 qadın peşə təhsili, 1345 qadın isə ümumi təhsil müəssisələrinin direktorudur. Son illərdə bələdiyyə üzvü olan qadınların sayı 4 faizdən 39 faizə yüksəlib. Ümumilikdə qeyd edilməlidir ki, bu gün qadınlar təkcə xeyirxah və insanpərvər layihələrin gerçəkləşməsində deyil, həm də sivilizasiyalar arasında mədəni dialoqun qurulmasında, ayrı-ayrı xalqların ortaq mədəni dəyərlərinin aşkara çıxarılmasında, ölkələr arasında elmi-humanitar və mədəni əməkdaşlığın dərinləşməsində böyük işlər görürlər.
Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir