Özünüzü pis xəbərlərdən qoruyun

Zaman-zaman başımıza gələn hadisələr bizdə travmalar yaradır. Səbəbləri çox və müxtəlif, nəticələri isə çox zaman eyni olur deyə bilərik. Təbii fəlakətlər dünyanın harasında olursa olsun kiçikdən böyüyə hər kəsə təsir edir. Bütün sosial şəbəkələr, xəbər kanalları ölüm, faciə xəbərləri ilə dolub daşır. İzlədiklərimizin psixologiyamıza necə təsir etdiyini bilmək üçün klinik psixoloq Səyyarə Yusubova ilə həmsöhbət olduq. 

-Səyyarə xanım, zəlzələ, toplu insan ölümləri insanlarda necə travmalar yaradır?

-Buna təbii fəlakətlər qrupu deyirik. Travmatik böhranları yaradan səbəblərdən biri təbii fəlakətlərdir. Böyükmiqyaslı hadisələrdə nəinki həmin ərazilərdə olan əhali, eyni zamanda, bütün bunlara şahid olanlar, görüntüləri izləyənlər, xilasedicilər, ilkin yardım göstərənlər həssas qrupa daxil olurlar.  

Birinci növbədə xəsarət almaq ağıla gəlir. Bilavasitə, zərərçəkənlər fiziki zədə alanlar hesab edilir. Biz isə psixi travmadan danışırıq. Psixoloji travma o hadisəyə deyilir ki, həmin hadisə zamanı insanın bütün bacarıqları, müdafiə mexanizmləri, imkanları özünü doğrultmur. Öhdəsindən gəlmək mümkün olmur. Həmin hadisə insanda travma yaradır. Sözsüz ki, zəlzələ kimi böyük hadisələr psixi travma yarada bilir.

-Azyaşlılara hadisəni necə izah etməliyik ki, maksimum az travma alsınlar?

-Çox yaxşı olar ki, biz azyaşlıların şahid olduğu hallarda onları qoruyaq. Travma almasınlar deyə söhbətlərdən, internet üzərində gəzən xəbərlərdən müəyyən qədər qorumalıyıq. Qorusaq da, axır-əvvəl eşidib,suallar verirlər. Həmin suallara qarşı diqqətli olmaq lazımdır. Burada uşağın yaşı da rol oynayır. Əgər məktəbəqədər yaş dövründədirsə, simvollarla zəlzələnin və ya təbii fəlakətin necə bir şey olduğunu, Yür Kürəsinə necə təsir etdiyini izah etmək lazımdır. Əslində doğrusu budur ki, bu cür dialoqları azyaşlılarla dinc zamanda, heç bir hadisə baş vermədən quraq. Azyaşlının artıq bunlardan xəbəri varsa, təhlükəsiz davranış qaydaları, evdə davranmaq qaydası haqqında danışılmalıdır. Əslində bütün bunlar oyun formasında bağçada, məktəbdə də tədris edilməlidir. Azyaşlının bunların heç birindən xəbəri yoxdursa, yaşından asılı olaraq, həyəcan, qorxu, təhlükə hiss edəcək. Bu hissləri ifadə etməsi üçün onlarla söhbət mütləqdir. İcazə vermək lazımdır ki, özü sual ünvanlasın. Böyüklər də yaşlarına uyğun şəkildə izah etməlidir. Tövsiyyə edirəm ki, baş verən təbii fəlakətləri elmi əsaslarla izah etsinlər. Zəlzələ necə baş verir, insanlar niyə qorxur, hansı tədbirləri görürlər və.s...

Türkiyədə çəkilən bir video çıxdı qarşıma. Teatr aktyorlarından biri zəlzələ bölgəsinə gedib, orada uşaqlarla hisslər, emosiyala aid oyunlar oynayır. "Gəlin, göstərək ki, biz hamımız həyəcanlıyıq, qorxuruq, gülürük" və.s. Beləcə emosional zəkanı inkişaf etdirən söhbətlər etmək çox vacibdir. Böyüklərin bu barədə yaşadığı ən böyük çətinlik bunu etməkdir. Belə zamanlarda onlar öz təlaşlarını idarə edə bilmirlər, nəinki uşaqların

-Hadisəni yaşayan azyaşlılarla necə iş aparılmalıdır?

-Bu çox konkret, peşəkar sualdır. Hadisəyə şahid olan, görüntülər görüb təsirlənən azyaşlılara rəsm çəkdirmək, gildən bir şeylər düzəltməsini istəmək lazımdır. Bunlar, gərginliyi azaltmaq, nələrdən qorxduqlarını üzə çıxarmaq üçün vasitədir. Hadisəni, konkret hansısa qorxunu yaşayan uşaqlarda kəskin stress pozuntusu səviyyəsində olduğunu aşkarlamaq üçün müəyyən əlamətləri bilməliyik. Hadisədən öncəki vaxtları ilə müqayisədə qapalı olursa, və ya əksinə, aktivləşibsə, adekvat olmayan qəzəblənmələr baş verirsə, qorxu müşahidə edilirsə, nitqində məhdudiyyət yaranıbsa mütəxəssisə müraciət etmə mütləqdir. Çünki, bəzi azyaşlılar belə olan halda susur və buna heç bir tutarlı səbəb olmur.

-Fəlakətlər insanları daimi mənfi düşüncəyə yönəldə bilərmi?

-Daimi mənfi düşüncə dedikdə təşviş pozuntularının yaratdığı düşüncə nəzərdə tutulur. Təbii fəlakətlərin yaratdığı travmatik böhran stressə kəskin reaksiyadır. Hadisənin ilk 1 saatına karakterikdir. Kəskin reaksiya müddətində insan özünü narahat və təhlükədə hiss edir. Bunu da davranış pozuntuları müşaiyət edir. Bəzən kəskin maddə qəbuluna meyil edə bilir. Zaman keçdikcə həmin şəxsə yardım edilməsə, xroniki stress, uyğunlaşmaq pozuntusu formalaşa bilər. Post-travmatik stress pozuntusu son zamanlar çox səsləndirilən ifadədir.  Əhaliyə tanış sözdür. Mənasını izah edək. Travmanın böhrandan sonrakı dövrdə, fəlakətin bitdiyi, təhlükənin real təhlükə olmaqdan çıxdığı dövrdə belə insanın həmin təhlükə varmış kimi  psixoloji reaksiya verir. Yuxunun pozulması, xatirələrin real yaşam səviyyəsində hiss olunması, qida pozulmaları, aqressiv davranış, depressiv epizodun formalaşması, sağ qalmağın günahkarlıq hissi verməsi halları baş verir.

- Fəlakət baş verdikdən sonra insanda şok effekti yaratdığı doğrudurmu?

-Bəli, doğrudur. Hər bir güclü psixoloji təsir "şok" effekti verir. Şok dedikdə donuqlu halı nəzərdə tutulur. Zaman, məkan anlayışı itir.  Bunun üçün çox zaman "torpaqlama" deyilən üsuldan istifadə edirik. Fəlakətə məruz qalan insan harada olduğunu, kim olduğunu, hansı zamanda olduğunu unuda bilir. Şüur daralır. İlk məqsədimiz fərdi əvvəlki vəziyyətinə qaytarmaqdır. Özünün, məkanın, zamanın fərqinə varmasını, təhlükəsiz şəraitdə olduğunu qavramasını təmin etməkdir. Bu, ilkin psixoloji yardımın ayrılmaz hissəsidir. Bunu sadəcə təlimdən keçən insanlar etməlidir. Şok dövründə olan şəxsə yanlış davransaq, zərər verə bilərik. Ona görə də ilkin psixoloji yardım bacarıqlarını təkcə psixi sağlamlıq mütəxəssisləri yox, xilasedicilər, ilkin tibbi yardım göstərən hər kəs öyrənməlidir.

-Pis xəbərlərə öyrəşmək mümkündürmü?

- Bu bədii yanaşmadır. Sualınıza elə bu cür cavab verim: pis xəbərlərə nə üçün öyrəşək?. İnsanlar buna öyrəşə bilməz. Bu, insanların robotlaşması deməkdir. Mümkündür. Ancaq, bu, öyrəşmək deyil. Həmin reaksiyaı verən adamın da psixoloji vəziyyətinin yerində olmadığının göstəricisidir. Fasiləsiz şəkildə ard-arda pis xəbər eşidən insan, tükənmişlik yaşaya bilər. Tövsiyyə edirəm ki, xəbərlərə, xüsusilə, fəlakət ilə bağlı xəbərlərə müəyyən zaman qrafiki ayırasınız. Bütün gün ərzində həmin xəbərləri oxumayın, görüntüləri də dayanmadan izləməyin. Bunlar, gündəlik həyatdaki vəziyyətinizə təsir edəcək. Belə olan halda, yaxınınız olan yetişkin insanla öz hisslərinizi bölüşün. Bu mövzunun sizdə qalmamasına çalışın. Yuxudan öncə də psixogigiyenaya əməl edin. Daha yaxşı şeylər dinləyib, izləyin. Bunları etsəniz xroniki narahatlıq yaşamayacaqsınız. Kimsə artıq bunlara öyrəşdiyi deyirsə, ola bilsin psixi möhkəmliyə sahibdir. Yenə də pis xəbərlərə daimi məruz qalmaq məsləhət olunmur.

Əfsanə Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31