Uşaqla valideyn arasındakı əngəl- VİRTUAL HƏYAT
13 Yanvar 2023 11:05 SosialBir çoxlarımız sosial şəbəkələrdə uşaqlara qarşı edilən test oyunları ilə qarşılaşmışıq. Onlardan ən çox diqqətimizi cəlb edən azyaşlılara telefon və kitab olaraq iki seçimin təqdim edilməsi və əksər hallarda azyaşlıların telefonu seçməsi oldu. Videolara yazılan rəylərdə insanlar bunu fəlakət, qeyri-təbii hal kimi görür. Deyə bilərikmi texnologiyadan əvvəl ən böyük problem xəbərləşməyin çətinliyi idisə, indi tam əksidir?
Hətta, böyüklərin belə aludə olduğu bir zamanda azyaşlıları texnologiyadan məhrum buraxmaq mümkün hal kimi görünmür.
Bizlər üçün xəbər oxuyarkən real fotolar, videomateriallar xəbərin inandırıcılığını artırır. Azyaşlılar da yazılardan ibarət olan səhifələri vərəqləmək yerinə, hərəkətli, rəngli ekranlara üstünlük verirlər. Sınaq üçün onları texnologiya vasitələrindən uzaqlaşdırsanız, yaşıdlarından geri qaldıqlarının şahidi olacaqsınız.
Buna görə də valideynlər necə davranacaqlarını bilmirlər. Ekspertlər sosial şəbəkələrin pis təsir göstərdiyini, digər qismi isə istifadə olunmadığı halda yaşıdlarından geri qalacaqlarını deyir. Bir çox valideynlər artıq vəziyyətlə barışıb, məhdudiyyət tətbiq etmir.
2018-ci ildə ABŞ-da uşaqların rifahı sahəsində çalışan ekspertlər Facebook təsisçisi Mark Zuckerberg-ə müraciət edərək onu, uşaqlara ünvanlanmış Messenger Kids tətbiqini bağlamağa çağırıblar.
Ekspertlər hesab edir ki, yeniyetmə yaşından aşağı olan uşaqlara həmin platformadan istifadə etməyə dəvət olunması məsuliyyətsizlikdir.
2017-ci ildə Britaniyanın Kral Sosial Səhiyyə Cəmiyyəti (RSPH) 11-25 yaş arasında olan 1500 gənc arasında sorğu keçirərək onların 5 əsas sosial media saytlarından istifadə etdikdən sonra hansı əhval-ruhiyyədə olduqları ilə maraqlanıb.
Sorğunun nəticələri güman etməyə əsas verir ki, respondentlər arasında narahatlıq və qeyri-adekvatlıq hissini doğuran saytlar Snapchat və Instagram olub, ən pozitiv təsir bağışlayan isə YouTube-dur.
Soruşulanların hər 10-dan yeddisi bildirib ki, Instagram onları bədən biçimi ilə bağlı məyusedici ovqata salıb, 14-24 yaşında olanlar isə bildirib ki, Instagram və Facebook onlarda təşviş hissinin yaranmasına səbəb olub.
Azərbaycanda isə artıq ikinci onillikdir ki, uşaqlar arasında kitab oxuma mədəniyyəti aşağı səviyyəyə düşüb. Uşaqlara texnologiyanı qadağan edə bilmərik, amma düzgün şəkildə istifadəsini öyrədə bilərik. Məlumatlar hər zaman düzgün və faydalı olmur. Buna görə də videolara, cizgi filmlərinə uşaqlar valideynləri ilə birgə baxmalı və müzakirə etməlidir. Uşaqlar planşetə qapanır, sual verirsən, cavab vermir. Baba-nənə söz soruşanda ünsiyyət qurmağa çalışmırlar. Nəyisə danışmaq, nəyisə sənlə paylaşmaq istəmirlər.
Ana və ata uşağa örnək olmalıdır.Texnologiya asılılığında valideynlərin hər ikisi də mövzuya önəm verdiyi müddətdə yaxşı nəticələr əldə edə bilərlər. Telefonların, planşetlərin və s. kimi cihazların işlənməsini də özləri üçün disiplin halına gətirməlidirlər. Bununla yanaşı evdə əlavə fəaliyyətlər edilməlidir, hansı ki cihazlarla keçirdiyimiz vaxta öyrəşdiyimiz üçün arada yaranan boşluğu doldurmaq və ailəmizlə daha çox vaxt keçirmək üçün. Evdəki fəaliyyətləri elə bir hala gətirmək lazımdır ki, cihazlar sadəcə iş və çox vacib mesajlar və s. kimi şeylərdə istifadə olunsun, əyləncəüçün deyil.
Uşaqlar hər zaman istədiklərini almamalıdırlar.İnternetdə bizim mədəniyyətimizlə uyğun gəlməyən bir çox şey var və valideynlər bu mövzularda çox diqqətli olmalıdır. Xüsusilə dost əlavə etmə və onlayn oyunlar haqqında uşaqlarla paylaşım edilməlidir. Virtual dünyada qarşımıza çıxan insan modelləri ilə bağlı məlumatlandırmalı, bu insanlar öz əməkləri iləmi burdadırlar, yoxsa sadəcə keçici imajdanmı ibarətdirlər? Uşaqlara xoşbəxtliklə əlaqəli ekranlar göstərib, eyni zamanda da başqalarının acılarını da empatiya qurmaqları üçün başa salmaq lazımdır. Əgər uşaqlarınız cihazlar üçün çox istək duyurlarsa, hər zaman keçərli olan bir qayda var: "Uşaqlar hər istədiyini almamalıdır"
Psixoloq Fidan Canbabazade:" Cizgifilmlərin bir bölümü 5-6 dəqiqə olduğu halda azyaşlılar ard-arda 7-8 bölüm izləyirlər".

"Körpələr dünyaya gəldikləri zaman texnologiya bağımlısı olmurlar. Biz bəzən onlara telefon, planşet kimi vasitələri verməyərək də, onları bağımlı vəziyyətə sala bilirik. Bəzi valideynlər özləri də texnologiya aludəçisidir. Əslində hər birimizdə belədir. Bizim üçün artıq telefonsuz həyat yoxdur. Azyaşlılar isə eşitdiklərinə yox, gördüklərinə uyğun hərəkətlər edirlər. Erkən yaşlarda ən böyük problemlərdən biri qida problemidir. Azyaşlı yemək yesin deyə qarşısına ekran qoyuruq. Bu artıq bağlılığın birinci mərhələsi olur. Bir müddət sonra bu cür azyaşlılar hansısa ekran olmadan yemək yeyə bilmirlər. Sakitləşdirmək üçün də eyni tədbir görülür. Bağlılıqdan başqa təxəyyüldə problemlər yarana bilir. Özlüyündə hansısa rola bürünə bilmir. Sadəcə kompüterdən, telefondan gördüklərini təkrarlayır. Virtual dünya ilə real dünyanı ayırd edə bilmir. 5-6 yaşa qədər əsas məşğuliyyət oyun fəaliyyətidir. Onun əsas fəaliyyətini cizgifilm təşkil edirsə, deməli, onda bağlılıq yaranıb.
Ən dəhşətlisi də odur ki, cizgifilmlərin bir bölümü 5-6 dəqiqə olduğu halda azyaşlılar ard-arda 7-8 bölüm izləyirlər. Bu ümumilikdə bir neçə saatdan daha çox vaxt deməkdir. Hər kəs azyaşlının gözündə yaranacaq problem haqqında danışsa da, psixoloji zərər haqqında heç kim narahat olmur. Bunları yaşayan azyaşlıların məktəb təlimlərində problemlər yaranır. Çünki, real həyat ilə virtual həyat bir-birilə uyğun gəlmir. Virtual həyatında xoşbəxtdir. Uyğunluq yaranmadığına görə məktəb fəaliyyətində zəif olurlar. Fikirləri sadəcə oyun oynamaqdan ibarət olur. Azyaşlılara bunu etdiyimiz üçün böyüdükdən sonra da insanlar həyatlarının hər bir çətin anında virtual dünyaya üz tuturlar.
Xüsusilə, son 10 ildə texnologiya həyatımızın hər yerinə nüfuz edib. Yeni doğulan körpələr demək olar ki, texnologiyanın içərisinə doğulurlar. Onları buna görə də texnologiyadan ayırmaq qeyri-mümkün olur. Burada bir çox məqamlar var. Elmi ədəbiyyatda bağlılıq sadəcə növlərə bölünə bilir. Hər biri eyni şəkildə yaranır. İçki, narkotik , oyun, internet və.s hər biri bağlılığın növləridir.
Bəzi uşaqlar aludəçiliyi manipulyasiya edə bilirlər. Özlərinə, ətrafdakılara xəsarətlər yetirirlər. Bu hallar davranış problemindən daha böyükdür. Çalışmalıyıq ki, övladımızı bu səviyyəyə gətirməyək.
Valideyn ilk öncə özünü müşahidə etməlidir ki, uşağıyla məşğul olurmu?
Vəziyyət gərgindirsə, valideyn əksər hallarda təkbaşına heç nə edə bilməz. Azyaşlı aludəçilik səviyyəsinə çatıbsa, mütləq şəkildə mütəxəssisə müraciət etmək lazımdır.
Erkən yaşda olan terapiya komanda işi olmalıdır. Tapşırıqlar yerinə yetirilməlidir. Valideynlər də deyilənə əməl etməli, manipulyasiyaya aldanmamalıdır. Virtual həyat uşaqla valideyn arasına girməməlidir. Ağladığı zaman azyaşlıya nə təklif etdiyimiz çox önəmlidir. Yersiz və olması mümükünsüz olan şeylərə ağlayırsa, özü sakitləşməlidir. Hər zaman ətrafımızda texnologiya vasitələri olmaya bilər".
Əfsanə Səlimi