Avtoqəzalar zamanı hansı hüquqi müdafiə mexanizmi təmin edilməlidir?

Son vaxtlar ölkəmizdə baş verən yol-nəqliyyat hadisələrinin, xüsisən də avtoqəzaların sayında artımı müşahidə olunur. Əvvəllər hansısa bir yerdə cinayət, avtoqəza olardısa, hamı təəccüblə hadisənin necə baş verdiyini və ölüm halının olub-olmadığı ilə maraqlanardı. Bu gün isə belə hallar o qədər çoxalıb ki, bəzən heç reaksiya belə göstərmədən sadəcə, səbəb axtarılır. Məsələ orasındadır ki, bu gün baş verən avtoqəzalar çox vaxt ciddi ziyanla nəticələnir. Çünki,  sürücülərin diqqətsizliyi və yaxud qaydasızlığı əksər avtomobil qəzalarına səbəb olur. Amma bəzən sürücülər qəzanın qarşısnı almaq üçün texniki imkanlara malik olmurlar.  Yanlış trafik siqnalları, yoxlanılmamış avtomobillər, pis dizayn edilmiş yollar, piadaların yol hərəkəti qaydalarına əməl etməməsi yaralanma və ölümlə nəticələnən yol qəzalarına səbəb ola bilir. Nəzərə almaq lazımdır ki, baş verən qvtoqəzaların əksəriyyətinin spirtli içki qəbul etmiş, yaxud narkotik aludəçisi olan sürücülür tərəfindən baş verir. Bütün sadalananlara baxmayaraq ölüm halları bir yana, avtoqəzalar zamanı tərəflər uzun müddət məhkəmə çəkişmələrindən təngə gəlirlər.   

Vəkil Rövşən Qasımov hesab edir ki, avtoqəza zamanı baş verən yol-nəqliyyat hadisəsinə düzgün qiymət verilməsi üçün peşəkar vəkil xidmətinə ehtiyac yaranır.  Bu səbəbdən bir vəkilin peşəkar xidmətlərinə müraciət etmənin mənalı olduğu ortaya çıxır: "Avtomobil qəzaları ilə bağlı qanunlar mürəkkəb və müxtəlifdir. Baş vermiş avtomobil qəzalarında sürücülər həmişə təqsirli olunur. Lakin bəzən sürücülər baş vermiş cinayət hadisəsində təqsirli olmadıqlarını sübut etmək üçün hüquqi xidmətdən istifadə etmək əvəzinə baş vermiş cinayət hadisəsində özünü təqsirli bilir və yüngül cəza almaq çabasında olur. Yol-nəqliyyat hadisələrinin baş vermə səbəblərinin aradan qaldırılması, bu hadisələrlə bağlı aparılan təhqiqat, istintaq və ekspertizalar zamanı sui-istifadə hallarının qarşısının alınması məqsədi ilə "Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 dekabr tarixli Sərəncamı qəbul edilib. Sərəncamın 1.2-ci bəndində yol-nəqliyyat hadisələrinin sərxoş halda, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış və ya belə hüququ olmayan şəxslər tərəfindən törədilməsi ağır nəticələrə səbəb olduğu hallarda cinayət məsuliyyətinin sərtləşdirilməsi təklif olunub. Qeyd olunmalıdır ki, Cinayət Məcəlləsinə müvafiq əlavələrin edilməsindən öncə Azərbaycan Respublikasının cinayət qanunvericiliyində yol-nəqliyyat hadisələrinin sərxoş halda, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış və ya belə hüququ olmayan şəxslər tərəfindən törədilməsi Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə tövsif olunurdu. Cinayət Məcəlləsinin 263-cü maddəsinə müvafiq olaraq avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda, eləcə də bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda cinayət məsuliyyətinə səbəb olur. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 5 aprel tarixli Qanunu ilə Cinayət Məcəlləsinə yeni məzmunda 263-1-ci maddə əlavə edilmişdir. Həmin maddəyə əsasən Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda, eyni əməllər ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda cinayət məsuliyyətinə səbəb olur".

Onun sözlərinə görə, Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair" 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər: "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsində nəzərdə tutulan cinayət əməli insanların həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə yönəldiyi üçün bu cinayətin tərkibinin, xüsusilə də onun subyektinin düzgün müəyyən olunması böyük əhəmiyyət kəsb edir. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin dördüncü hissəsi ilə yol-nəqliyyat hadisəsi törətmiş şəxsin üzərinə bir sıra vəzifələr qoyulmuşdur. Bunların sırasına nəqliyyat vasitəsini yerindən tərpətməmək, zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görmək, "Təcili tibbi yardım" maşını cağırmaq, zərərçəkmişlərin xəsarət alması hallarında onları yaxınlıqdakı tibbi müəssisəyə çatdırmaq, hadisə barədə müvafiq icra hakimiyyəti orqanına xəbər vermək və bu kimi onlarca vəzifələr qoyulmuşdur. Bütün bu qaydalar Azərbaycan Respublikasının da qoşulduğu "Yol hərəkəti haqqında" 08.11.1968-ci il tarixli Vyana Konvensiyasından götürülmüşdür və şübhəsiz ki, həmin qaydalara mübahisəsiz surətdə əməl edilməlidir.AR Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü madəsinin şərh edilməsinə dair" 10.04.2012-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, "Yol hərəkəti haqqında" Qanunda qeyd olunan vəzifələr baş vermiş hadisənin nəticələrinin ağırlaşdırılmasının qarşısının alınmasına və hadisə ilə bağlı obyektiv həqiqətin aşkar olunmasına yönəlsə də onlara riayət edilməməsi özü-özlüyündə məsuliyyətin (burada cinayət məsuliyyətindən söhbət gedir) yaranmasına səbəb ola bilməz. Qanunverici sürücünün Qanunla üzərinə qoyulmuş məhz hansı konkret vəzifənin yerinə yetirilməməsinin cinayət məsuliyyəti yaratmasını dəqiq müəyyən etməlidir".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31