Rüşvət qurbanı "halallıq"-Vətəndaş kimə güvənsin?

Halal sertifikatı Maliki, Hənəfi məzhəblərinə görə düzgün hazırlanan qida məhsullarına verilən bir sənəd növüdür. Halal sertifikatı ya da İslam dininin qaydalarına uyğun olaraq qadağan edilməyən qida maddələrinə verilir. Halal yemək dedikdə, İslam dininin qaydalarına uyğun olaraq yeməli olan qidalardan bəhs olunur. Həm tədarükçülər, həm də müsəlman müştərilər istehlak etdikləri yeməyin halal olub olmadığını düşünür və satın alarkən halal sertifikatlı məhsullara üstünlük verirlər. Halal Sertifikat, hər bir müsəlman ölkəsində müəssisənin  almalı olduğu sənəddir. İstehlakçılar iş yerlərində İslam qaydalarına uyğun olaraq məhsul çıxararlarsa, təbii olaraq bunun sertifikatını alaraq özləri üçün bir üstünlük yaratmaq istəyəcəklər. Bunun üçün bir sertifikatlaşdırma orqanına müraciət etmək və müraciət formasını doldurmaq kifayətdir.  

Qida məhsullarının keyfiyyət standartlarının müəyyənləşdirilməsi min illər boyu gedir. Halal yemək anlayışı İslamdan əvvəl nazil olmuş müqəddəs kitablarda da qeyd edilmişdir.

Lakin, ölkəmizdə bu sahənin də işinə rüşvət qarışdığı üçün insanlarda etibarsızlıq hissi yaranır. Demək olar ki, hər kəsdə "onsuz da yediyimiz heç nə təmiz və ya halal deyil" düşüncəsi formalaşıb.

Azərbaycanda həqiqətən halal olan istehsalat müəssisəsi varmı?

Qida məhsullarının təmizliyi qanunla necə tənzimlənir?

Azad İstehlakçılar Birliyinin sədri, ekspert Eyyub Hüseynov

"Azərbaycanda uzun illərdir inancı olan insanlar halallıq sertifikatı məsələsində aldadılır. 8 il bundan öncə Azad İstehlakçılar Birliyi problemi ortaya qoydu.  Halallıq sertifikatının verilməsində rüşvət amili ilə mübarizə mövzusu ortaya qoyuldu. O günə qədər baha qiymətə xarici və yerli məhsullara özünü dindar adlandıran şəxslər "halal" sertifikatı verirdilər. Mən bir neçə il öncə Dünya Halal Konqresində iştirak etmişəm. Bu sahədə bütün dünyada problemlər yaşanır. Təkcə, halal ərzaq məhsullarına hər il üç trilyon dollar pul ayrılır. Hətta, xristian ölkələrdə "halal" sertifikatlı qida məhsulları satılır. Orada bunu edən müsəlmanlardır. Ancaq, digər din sahibləri də "halal" sertifikatlı qida məhsullarına üstünlük verirlər. Konqresdə bildirdim ki, təkcə, halal məhsullara görə İslam aləmi dünyanı fəth edə bilər. Dünyada böyük maliyyəni özünə cəlb edə bilər. Çünki, halal məhsullar ekoloji təmiz məhsullar hesab olunur. Azad İstehlakçılar Birliyi rüşvət problemini həll etdikdən sonra, "Halal MMC" yaradıldı. Bir neçə müəssisəyə Azad İstehlakçılar Birliyinin iştirakı ilə "halal" sertifikatı verildi. Ciddi monitorinqlər apardıq. Həmin illərdə ölkədə "halal" standartları da qəbul olundu. 
Sonra monitorinqlər dayandı. Yenidən, "halal" sertifikatı verən qurumlar ortaya çıxmağa başladı. Onlar, pul qarşılığında həmin sertifikatları satır. Təəssüf ki, Azad İstehlakçılar Birliyi bunun qarşısını almaq üçün ciddi mübarizə apara bilmədi. O vaxtlar biz təklif etdik ki, məhsulların istehsal prosesini "onlayn" şəkildə izləmək mümkün olsun. Dünyanın istənilən yerində insanlar bunu edə bilsin. Xammalın haradan gəldiyini, necə hazırlandığını öz gözləri ilə görsün. Halal və qeyri-halal bloklar ayrdırmı və.s. 
Bir digər təklif də bu idi ki, maliyyə mənbəyi halal olmayan müəssisəyə "halal" sertifikatı verilməsin. Təəssüf, biz bunu ictimailəşdirsək də, heç bir nəticə əldə edə bilmədik. 
30 gün bundan öncə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə tabe olan standart  insitutu yenidən halal standartlar hazırladı. Güya nisbətən şərtlər daha ciddi olacaq. Azad İstehlakçılar Birliyi öz təkliflərini həmin standartlara əlavə etdi. Lakin, sonradan çox mənasız standartlar ortaya çıxdı. Həmin standartlar qəbul olunmaq üzrədir. Bizim verdiyimiz təkliflər yoxdur. Üstəlik, bəzi heyvanların (onurğasızlar,zürafə, və.s) halal olub olmaması məsələsi həllini tapmadı. Bizim təkliflərimiz keçərli olmadı. Məlum oldu ki, hansısa ölkənin dini qurumları bura təsir göstərib. Azad İstehlakçılar Birliyi bu standartla razı deyil. İllər boyu kənar ölkələrdən Azərbaycana gətirilən halal mallar görmüşük. Hətta, KFC-nin belə halal sertifikatı var. Buna son qoyulmalıdır. Azərbaycanda həqiqətən "halal" sertifikatı olmalı, rüşvət sıfıra endirilməlidir. Hələki standart müzakirədədir. Halal malların ekoloji təmizliyi ilə bağlı yəhudilərin "Koşer" standartı mənbə ola bilər. Demirəm ki, "Koşer" standartı halal standartı ilə eyniləşdirilsin. Lakin, "Koşer" standartında ciddi şərtlər mövcuddur. Orada malların ekoloji təmizliyinə dəlalət edən amillər halal standartına mütləq keçirilməlidir. Məsələn, yeni qəbul edilən halallıq standartlarında genetik modifikasiya olunmuş orqanizmlər halal hesab olunur. Biz bu qərarla qətiyyən razı deyilik.  Çünki, Ekoloji təmiz kənd təsərrüfatı haqqında qanunda genetik modifikasiya olunmuş mallar ekoloji təmiz mal adlandırılmır. Bir sözlə, "halal" sertifikatı almaq və oradan pul qazanmaq uğruna çoxsaylı MMC-lər "vuruşurlar". Stadart İnsitutunun qəbul etdiyi şərtlər bizim təndiq hədəfimizdir. Təkliflərimiz qəbul olunana qədər belə olacaq. Təəssüf ki, hələ o səviyyəyə çatmamışıq.
Bütün hallarda halal məhsulların istehsalına qoyulan xərclər digərlərindən daha çox olur. Azərbaycanda halal məhsul istehsal edən müəssisələr mövcuddur. Azad İstehlakçılar Birliyinin apardığı tədqiqat nəticəsində məlum olub ki,  onlar arasında elələri  var ki, mağazaya faiz vermirlər. Məlumdur ki, mağazalar böyük faizlər alır məhsul sahiblərindən. Bəzi halal məhsul istehlakçıları faiz vermir ki, halallığı qoruyub saxlaya bilsin. Bu da qiymətin nisbətən o birilərlə bərabər olmasına təsir edir. Bazardakı rəqabət mühitinə uyğunlaşmaq üçün bəzi halal məhsul istehlakçıları 0 faizlə işləyir. Onlar, həmin müəssisələrdir ki, həm halal həm də qeyri-halal məhsullar istehsal edir. Birmənalı şəkildə halal mallar nisbətən baha qiymətə olmalıdır. Mütləq halal istehsala nail olmaq lazımdır ki, aldatmalar olmasın. Nisbətən baha qiymətə olsa da, inanclı insanlar üstünlük verə bilsin.
Sovet dövründə kolbasa istehsalında "Voda, xolod i sovest" cümləsi əsas götürülürdü".

Problemin hüquqi tərəfləri ilə bağlı qaranlıq qalan məqamlara vəkil Turan Abdullazadə aydınlıq gətirdi:

"Bildirirəm ki, qida təhlükəsizliyi sahəsində məsul qurum Qida Təhlükəsizliyi Agentliyidir. Lakin hazırda agentlik "halal" məhsullar üçün keyfiyyət sertifikatı verə bilməz. Halal və haram məfhumu dinə aid bir şeydir. Agentliyin belə bir sertifikat vermək hüququ yoxdur. Agentlik sadəcə laboratoriya şəraitində məhsullarda yalnız donuz əti və emulsiyasının olduğunu müəyyən edə bilər. Lakin hər hansı məhsulun "halal" standartına aid olub-olmadığını müəyyənləşdirmək mümkün deyil. Bu məsələ ilə maraqlanan vətəndaşlar dini strukturlardan məsləhət ala bilərlər. Ümumiyyətlə "halal" sertifikatı təhlükəsizlik göstəricisi deyil. Lakin ola bilsin ki, yeni yaradılan Agentliyin hüquqi bazası tam formalaşdıqdan sonra bu sahədə boşluğun və sui-istifadənin, saxta sənədlərin verilməsinin aradan qaldırılması üçün oxşar sertifikatın Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilməsi nəzərdə tutula bilər. 
"Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikası haqqında Qanununa əsasən, Azərbaycan Respublikasına idxal olunan qida məhsulları müvafiq qaydada tanınmış və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş qida təhlükəsizliyi (sağlamlıq) sertifikatına malik olmalıdır. İdxal olunan yeyinti məhsulunun istehsalçısı qida təhlükəsizliyi qeydiyyatından keçdiyi halda həmin istehsalçının məhsullarına qida təhlükəsizliyi sertifikatı tələb olunmur.
Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə qaydaları aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Yeyinti məhsullarına verilən sertifikatların növləri, sertifikatlaşdırma sistemi və qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.
Yeyinti məhsullarının keyfiyyət göstəricilərinin müvafiq standartda müəyyən olunmuş tələblərə uyğunluğunu müəyyən etmək məqsədi ilə istehsalçının öz istəyi əsasında yeyinti məhsulları akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən könüllü sertifikatlaşdırılır. Bu uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir".

Əfsanə Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31